Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:37

Səməd Vurğunun müsavatçıları "satqın və əclaf" adlandırdığı çıxışı (MƏTN)


Səməd Vurğun
Səməd Vurğun
"Oxu zalı"nda sovet dövrünə aid arxiv materiallarını heç bir şərh vermədən çap edirik. Məqsəd həmin dövrdə mövcud olmuş ab-havanı oxuculara çatdırmaqdır.


Teyyub Qurban, “Həqiqət olduğu kimi” kitabından



Şair Səməd Vurğunun 1937-ci ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin iclasındakı çıxışı. (Arxiv materialı)



“İlyarım bundan əvvəl bütün bu adamlar (Azərbaycanın repressiyaya uğramış yazıçıları nəzərdə tutulur) ehtiram sahibləri olduqları bir vaxtda mən xalqımın və partiyamın şairi kimi, öz vicdanım və qəlbimdə hiss edirdim ki, Azərbaycanın mədəniyyət cəbhəsində ziyankar bir əl işləyir.

Mən görürdüm ki, bu ziyankarlar vicdansızcasına Azərbaycan xalqının dilini, tarixini qiymətləndirmir, Azərbaycan xalq poeziyasını nəşr etmirlər, Azərbaycan ədəbiyyatının nəhəng klassiklərinin əsərlərini nəşr etmirlər.

Görürdüm ki, onlar necə süni olaraq xalq kütlələri arasında sovet hakimiyyətinə, partiyamıza narazılıq hissi yaradıblar.

Bir gün mən Bağırov yoldaşın yanına getdim. Xalq düşmənlərinin fəaliyyətinə dair mülahizələrimi ona bildirdim və dedim ki, Azərbaycanın fəhlə sinfi və kəndliləri partiyamıza sadiqdirlər, ancaq Azərbaycan ziyalılarının yüksək təbəqəsi xalq mənafeyindən ayrı düşmüşlər, işimizi pozmaq istəyirlər.

Bağırov yoldaş özünə məxsus diqqət və səbir ilə düz dörd saat məni dinlədi.

Mənim tənqidim onun xoşuna gəldi və tənqid nəticəsində Azərbaycan xalq maarifi komissarlığını yoxlamaq üçün komissiya təşkil olundu.

Növbəti görüş zamanı Bağırov yoldaş mənə dedi: “Sən haqlı imişsən”. Şahbazov xalq maarifi komissarlığından uzaqlaşdırıldı, opera teatrında çalışdı, sonra da xalq düşməni kimi ifşa edildi.

Mənim Bağırov yoldaşla görüşlərimdəki mövqeyim banda üzvlərinə çatdı və onlar mənim Bağırov yoldaşla aramı vurmağa, məni partiyamızdan ayırmağa, nüfuzdan salmağa başladılar.

Onlar mütəmadi olaraq Bağırov yoldaşa mənim barəmdə yalan məlumatlar verirdilər, mən bunu hiss edirdim. Lakin bütün bu hallarda dəyanətimi itirmirdim.

Bu şayka və bandalarla mübarizədə mənəvi və bolşevik gümrahlığımı qoruyub saxlayırdım. Həm döyüşür, həm də yaradıcılıqla məşğul olurdum.

Millətçi Ayna Sultanova (hazırda xalq düşməni kimi ifşa olunmuşdur) həmfikirlərinin həbsə alınmasından sonra mənə qarşı mübarizəyə qalxmışdı.

Bu həmin Sultanovadır ki, mən onu altı ay bundan qabaq Azərbaycan Sovet Yazıçıları İttifaqının Rəyasət Heyətinin iclasında xalq düşməni adlandırmışdım.

Nə üçün? Çünki o, öz üzərinə inadlı mübarizə xəttini götürmüşdür. Başqa sözlə desək, millətçiləri Yazıçılar İttifaqından kənar etdikdən sonra, Sultanova bizi qarasına hədəfə götürmüşdü.

Ərz edirdi ki, bu millətçiləri Səməd Vurğun qanadı altına almışdır. Bu, Sultanovanın bizə qarşı apardığı mübarizə metodu idi.

Sübut etməyə çalışırdı ki, bir nəfər də olsun pak sovet yazıçısı yoxdur. Mən ötən altı ay ərzində keçmiş millətçilərin heç biri ilə görüşməmişəm.

Yayda Kislovodskda olmuşam. Orada Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməsi üzərində işləmişəm. Halbuki, altı ay əvvəl bu mümkün deyildi.

Mən Bağırov yoldaşa müraciət etdim ki, məni qəbul etsin. Onunla söhbətimiz yenə də bir neçə saat uzandı. Mən ona mənfur xalq düşmənlərinin bütün əməllərini açıb göstərdim. İzah etdim ki, onlar məni partiyamızın əlindən qoparmaq istəyirdilər.

Bu görüşdən sonra hər şey qaydasına düşdü. Bağırov yoldaş sərəncam verdi ki, mənim ədəbi əsərlərim nəşr edilsin. Belə də oldu, bütün partiya və hökumət nəşriyyatları mənim əsərlərimi çap etməyə başladılar.

Mənim yaradıcılığımda guya millətçilik əlamətləri mövcud olmasına dair səciyyəvi bir uydurmanı nəzərinizə çatdırmaq istəyirəm.

Ayna Sultanova öz kabinetində, ondan əvvəl Maqsud Məmmədov mənə deyirdilər ki, əsərlərində millətçilik təzahürləri tapmışdılar. Onlardan soruşdum ki, konkret olaraq bu təzahürlər nədən ibarətdir?

Onlar Mənim həsr etdiyim şeirimi misal gətirdilər:

Hər kiçik laylada “dərdim var” deyir,
Elin şirin dili, şirin söhbəti.


Onlar mənə bildirirdilər: “sən Azərbaycan dilini şirin adlandırırsan, elə çıxır ki, özgə dillər acıdır”.

Mir Cəfər Bağırov (ortada), Beriya (sağda)
Mir Cəfər Bağırov (ortada), Beriya (sağda)
Mən öz kabinetlərində onların üzlərinə dedim: “siz parazitsiniz, mən sizin bu zərərli təhqirinizə qulaq assam öz xalqımın şairi ola bilmərəm, sinəmdə Lenin ordenini gəzdirə bilmərəm!”

Mənim yaradıcılığımda millətçilik təzahürləri ola biməz. Çünki mən 1927-ci ildə yazmağa başlamışam. 1920-ci ildən, yəni 17 yaşımdan komsomolun üzvüyəm və başqa məzmunda keçmişim yoxdur.

Bir də ki, gərək bütün vicdanını və hissiyatını itirəsən ki, “şirin ana dili”nə görə mənə millətçi deyəsən.

Əgər biz rus xalqının böyüklüyündən bəhs ediriksə, bu o demək deyil ki, digər xalqlar xırda xalqlardır. Əgər biz Ukrayna xalqının istedadından söhbət açırıqsa, bu o demək deyildir ki, bütün başqa xalqlar istedadsızdır.

Beləliklə, mənim düşmənlərimlə mübarizəm ilk günlərdən kəskin və barışmaz olmuşdur və bir addım geriyə çəkilməmişəm. Mən qarşıma belə bir məqsəd qoymuşdum: ya öz vəzifəmdə bir şair kimi ölməli, ya da öz mövqeyimdə möhkəm duraraq şərəflə və sonadək sübut etməliyəm ki, onlar ikiüzlü, satqın adamlardır.

Mən çox məhrumiyyətlə dözməli oldum. Həmin vaxtlarda əsərlərimi çap etmədilər. Ancaq oxucular çox həsrətdə qalmadılar. Mən çap olunmağa başladım. Buna görə ilk növbədə partiyamıza, atamız və rəhbərimiz Stalin yoldaşa, xüsusilə mənə çox köməklik göstərmiş Bağırov yoldaşa minnətdaram.

Bunu da təbii sayıram ki, bolşevikcəsinə sayıqlıq naminə Bağırov yoldaş məni yoxlamalı idi və yoxladı da! İndi belə bir vəziyyət yaranmışdır ki, “sənə inanıram” sözləri ilə kifayətlənmək olmaz. Ancaq biz yenə də bir-birimizə inanmalıyıq. “İndi heç kəs heç kəsə inanmır” ifadəsi düşmən provakasiyasıdır.

Biz həm bir-birimizə inanmalı və eyni zamanda bir-birimizi yoxlamalıyıq. Bu mənada Bağırov yoldaş başda olmaqla Azərbaycan Kommunist Partiyası mənə qarşı düzgün hərəkət etdi.

Partiyamız və şəxsən Bağırov yoldaş məni hərtərəfli yoxlamadan keçirdi və nəhayət, mən haqlı olduğumu, təmizliyimi, partiyamıza və xalqımıza sədaqətimi göstərdim.

Stavski yoldaşın teleqramını alanda mən Bağırov yoldaşın yanına getdim. Bağırov yoldaşın göstərişi ilə dərhal Moskvaya məktub göndərildi.

İfşa olunmuş müsavatçılar (onların adlarını sizə sadaladım) mənim adımı ləkələmək istəyirdilər. Bu yayda əvvəllər də bu yaramaz müsavatçılardan bir sıra anonim məktublar almışdım.

Bir xarakterik məktubu Bağırov yoldaşa göstərdim, oxudu. Siz də məktubla tanış olun və görün ki, onlar nə qədər satqın və əclafdırlar.

Yoldaşlar!

Xoşbəxtliyimizin bu alçaq düşmənlərinə cavab olaraq mən son aylarda yeni-yeni poemalar və şeirlər yazmışam. “Bəsti” poeması artıq çapdan çıxmışdır.

On beş çap olunmamış poemam vardır. Sovet yazıçıları arasından xalq düşmənləri qovulandan sonra sıralarımıza yeni üzvlər gəlmiş, mətinliyimiz artmışdır.

Biz Sovet yazıçıları həmişəkindən iki qat çox səylə çalışmalıyıq ki, partiya və hökumət tərəfindən göstərilən qayğıya ömrümüzün son anınadək ləyaqətlə cavab verə bilək.

Mən bununla çıxışımı qurtarıram. Xahiş edirəm, sizi maraqlandıran nə varsa mənə sual verin. Ələkbərli ittifaqımızın sədri olarkən mən ondan yazmışdım. O da mən də yazıçılar ittifaqında işləyirdik.

Mən Bağırov yoldaşa yazdım ki, Ələkbərli də Əhməd Cavad və başqaları kimi millətçiləri vicdansızcasına qanadı altına almışdır. Bundan sonra “Bakinski raboçi” qəzetində “ədəbi gəldi gedərlər və ikiüzlülüər” məqaləsini yazdım və yazını qəzet “bir iyrənc liberal” başlığı ilə dərc etdi.

Əlbəttə, mən xalq düşmənlərini ifşa etməkdə daha çox iş görmək imkanında idim. Respublikanın ordenli şairi kimi mənim qarşımı heç nə ala bilməzdi. Ancaq yaradıcılıqla daha çox məşğul idim.

Sözsüz ki, bu mənə bəraət vermir. Mən etdiklərimdən iki qat artıq iş görməli idim. Bu mənim təqsirimdir. Sovet Yazıçıları İttifaqı Rəyasət heyətini əmin edirəm ki, gələcəkdə satqınlar və iküzlülərlə mübarizədə öz ədəbi-ictimai işimizdə ardıcıl və prinsipial olacağam.”
XS
SM
MD
LG