Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

Elxan Yurdoğlu: “Mənim üçün müsabiqələr olimpiya oyunlarına bənzəyir”


“Ədəbi Azadlıq” müsabiqəsinin onluğuna keçmiş Elxan Yurdoğlu əyalətdə yaşayır...


- Bölgələrdə yaşayan şairlər adətən diqqətsizlikdən gileyli olurlar. Mərkəzdən kənar düşmək şair üçün nə deməkdir?

- Bu suala bir dəfə də cavab vermişəm. İndi elə bir dövrdə yaşayırıq ki, nəinki paytaxtdakı, ölkənin digər regionlarındakı ədəbi mühiti də izləmək mümkündür.

Amma paytaxt ədəbi mühiti bir mənada üstündür: nəşr orqanlarının demək olar, hamısı paytaxtda yerləşir, tanınmaq üçün isə nəşr olunmaq əsas şərtdi.

Bir də paytaxtın üstünlüyü ondadır ki, hamı axışıb şəhərə. Kimi istəsən tapa bilərsən orda. Mən Bakıya hər gələndə şair və yazar dostlarla görüşməyə cəhd edirəm, görüşürəm.

Bu görüşlərin özü mənim üçün maraqlı olur.

Canlı ünsiyyətin yeri başqadı. Amma, ümumiyyətlə, indi paytaxt ədəbi mühitindən kənar olmaq kimi bir narahtlığım yoxdur

- Şeirlərin haqqında kimlər fikir bildiribər?

- Hə, əyalətdə olmağın bircə bu tərəfi pisdir, qardaş! Akademik İsa Həbibbəyli, Ədəbiyyatşünas Hüseyn Həşimli...

Naxçıvandakı bütün söz əhli məqalələrində mənim haqqımda yazıblar. Paytaxt ədəbi mühitindən isə demək olar, ki heç kimin qələminə tuş olmamışam.


“1980-cı ildə aprelin 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yurdçu kəndində anadan olmuşam. 10 yaşından cızma-qaralar eləyirdim. 15 yaşımdan, daha doğrusu, Quba Türk Litseyinə qəbul olunub, oradakı Poeziya dərnəyinə gedib, Ramiz Qusarçaylının tanıyandan sonra ədəbi fəaliyyətə başladığımı düşünürəm. İndiyədən 3 kitabım nəşr olunub:

"Qızlar gözlərində sevgi gəzdirir", "Mən sevginin bəndəsiyəm", "Ən gözəl sevgidir ölüm".

"525-ci qəzet", "Ədalət", "Ulus", "Ocaq", "Kaspi" və digər qəzetlərdə, "Ulduz" jurnalında müxtəlif illərdə şeirlərimlə çıxış eləmişəm. Son 3-4 ildə isə ədəbi saytlarda da şeirlərim yayınlanıb”.

Şifahi olaraq fikrini deyənlər olub. Amma hər hansı bir yazı, məqalə görməmişəm.

Sonuncu dəfə Qulu Ağsəs zəng edib bir şeirim haqqında xoş sözlər dedi. Təbii ki, iradları da var idi. Amma mən də istərdim ki, şeirlərim haqqında münasibət bildirilsin...

- Şairlik sənə nə qazandırıb? Yalnız tərif və xoş sözlər, yoxsa həm də maddi təminat? Heç bir məmurun ürəyinə yatan şeirinə görə bir işin aşıbmı?

- Şairlik mənə ədəbi zövqü olan yaxşı dostlar qazandırıb. Tərif hamıya gərəklidir, amma dozası artıq olanda ziyan verir. Şairlik tərif də qazandırıb, tənqid də. 6 il bundan əvvəl Naxçıvan haqqında bir poema yazmışdım.

Hər hansısa bir məmur yox, sevdiyim, yaşamaq istədiyim və ayrılmaq istəmədiyim Naxçıvan haqqında. O vaxt Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetində çalışırdım. Poemanı hələ bitirməmişdim, baş redaktorum Məmməd Məmmədov otağıma girib nə yazdığımla maraqlandı və diqqətini çəkdi o poema. Qəzetdə nəşr olundu. O poema sevildi də!

Və redaktor mənə 1 aylıq əmək haqqı həcmində mükafat təyin etdi. Şeir bircə onda maddi baxımdan işimə yarayıb.

- Kimləri oxuyursan?

- Dostoyevskini, Markesi, Orxan Pamuku, Mariya Svetayevanı, Ataol Bəhramoğlunu daha çox oxumuşam və dəfələrlə oxumaqdan da bezmirəm.

Çağdaş Azərbaycan ədəbiyyatından isə kimin kitabını ələ keçirsəm, oxumağa çalışıram.Əkrəm Əylislidən, Anardan, Sabir Əhmədlidən, Əli Kərimdən, Eldar Baxışdan, Akif Səməddən əlavə olaraq gənclərin də demək olar ki, hamısını oxuyuram

Qulu Ağsəs, Səlim Babullaoğlu, Cəlil Cavanşir, Oktay Hacımusalı, Rəbiqə, Aqşin, Qismət, Feyziyyə, Aysel Əlizadə və digərlərini... Əyalətdə hansının kitabını tapa bilirəmsə, oxuyuram.

Paytaxta gələndə isə ən az 7-8 yeni yazarın kitablarından alıram. Şərif Ağayarı isə publisistikasından tutmuş, son nəsr nümunələrinə kimi sevərək oxuyuram.

- Müsabiqəyə qatılanda tərəddüd etmirdin?

- Mənim üçün müsabiqələr yay olimpiya oyunlarına bənzəyir. Yəni əsas olan iştirak etməkdir. Qatılmaq da uğurdur. Qalib olmağı isə təbii ki, hamı istəyər, mən də həmçinin.

Müsabiqəyə qatılmağı əvvəlcədən düşünürdüm- elan çıxan gündən. Sadəcə, şeirlərimi son günlər ərəfəsində göndərdim. Özümə yox, şeirlərimə inanıram... Çünki onlar elə özüməm. Şeirlərimin hamısında məndən bir parça var...

- Onluq siyahıdakı şeirlərdən sənə bir köynək yaxın olanı hansılardır?

- Münsiflərin kim olduğunu bilmirəm, tanımıram da, müsabiqəyə də tanındığım Elxan Yurdoğlu imzasıyla yox, kimliyimdəki rəsmi ad soyadımla - Elxan Məmmədov kimi qatılmışam.

10-luqdakı şeirlərdən Şəhriyarın "Sonuncu sevgi şeiri", Elmar Şahmarın "Bağışla", Balayar Sadiqin "Həsrətin rəngləri" və Aqşin Evrənin "Duyğuların fövqünə qalxaq" şeirlərini bəyəndim.
XS
SM
MD
LG