Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

Şəhriyar del Gerani: "Bu müsabiqə ilə bağlı müzakirələr artıq etiketə çevrilib"


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş Şəhriyar Del Geraninin 23 yaşı var.

İmişli rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub...


...- Sonradan başa düşdüm ki, ümumiyyətlə Şərq aləmi mənlik deyil, oxuya bilmirəm. Ona görə Təfəkkür Universitetinə göndəriş aldım. Eyni zamanda Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsində təhsil alıram. İlk şeirim 15 yaşımda rayon qəzetində çap olunub. Bakıya gələndən sonra “Pərvanə” ədəbi məclisinin, Vahid Poeziya Evinin məclislərində iştirak etdim. “Özünü payızdan asan qadın” adlı ilk kitabım 2011-ci ildə nəşr olundu. Kitaba ön sözü şair Qəşəm Nəcəfzadə yazıb. Kitabın Pərvanə ədəbi məclisindəki dostlarımızla bir yerdə təqdimatını keçirdik. “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “Oxuzali.az”, “Kultaz.com” saytlarında şeirlərim dərc olunub.

- Ədəbi dərnəklər şairə nə verir? Bu cür məclislər lazımdırmı?

- Ədəbi məclis görməyən şairlər tənqidə qarşı dözümsüz olurlar. Bir xanım şairə var, bir dəfə dedi, mən şeiri sevmirəm. Cavab verdim ki, necə yəni sevmirsən, bir dəfə şeirin haqqında bir solaxay fikir dedim, az qala məni öldürmüşdün. “Pərvanə”də mən tənqid olunmağı öyrəndim. İndən belə min Əsəd Cahangir, Cavanşir Yusifli gəlib desin ki, sən şeir yazma, alınmır, vecimə almayacağam. Gündə yüz dəfə desinlər ki, yazdıqların şeir deyil, eynimə almıram. Başqa sözlə desəm, adam başa düşür ki, o zibildir, amma atılmalı zibil deyil! Hər zibili atmırlar ki! Yəni mən bilirəm ki, zibiləm, amma atmaq olmaz! Kötüyü rəndələyib qəşəng stola necə çevirirlərsə, ədəbi məclislər də adamı elə yontalayır.

- Əsəd Cahangir, Cavanşir Yusifli sənin haqqında hansı fikirdədirlər?

- Əsəd Cahangir haqqımda yazmayıb, amma saytlarda yazılarım haqqında şərhlərini oxumuşam. Yazır ki, sənin keçən ilki müsabiqəyə düşən hekayəni dörd dəfə oxudum, bir şey başa düşmədim. Cavanşir Yusifli isə baltanı lap kökündən vurur. Kitabımı vermişdik ki, oxuyub fikrini desin, cavabı nə olsa yaxşıdır: sən yazma, get başqa işlə məşğul ol! Mən də məzlum-məzlum dedim ki, oldu, bir də belə səhv eləmərəm. (Gülür)

- Kimləri oxuyursan?

- Gənclərdən hamını oxuyuram. Romançılardan bəzilərini cəhd etsəm də, oxumağı bacarmıram. Məsələn, çuğundurun ədəbiyyata nə qədər dəxli varsa, Əli Əkbərin də yazdıqları da ədəbiyyata o qədər aiddir. Oxuya bilmirəm də, qardaş! Cəlil Cavanşirin də romanını oxuya bilmədim. Cəlil publisist olaraq daha maraqlıdır. Elçin Hüseynbəylinin publisistikasından çox şey öyrənmək olar. Yaradıcılıq fakültəsində Günay Ümidin, Aytən Təhmasibin yaxşı şeirləri var, amma şair deyillər. Adamlar şeiri yox, şairi oxuyurlar.

- Deyirlər, Azərbaycan ədəbiyyatında, ədəbi cameədə dəstəbazlıq var. Sən bu haqda nə fikirləşirsən?

- Dəstəbazlıq yaxşı şeydir. Vallah, ciddi deyirəm, belə şeyin tərəfdarıyam. Hərənin öz dəstəsi olmalıdır də! Hamı bir olsa, qardaş-bacılıq yaranacaq. İki qardaş bir-birinə necə oğraş deyə bilər?! Slavyan Universitetinin bir dəstəsi, Gənc Ədiblərin bir dəstəsi, Pərvanə ədəbi məclisinin bir dəstəsi, AYO-nun bir dəstəsi... Əladır! Dəstəyə qoşulmayan şairin nədənsə gileylənməyə, narazılıq etməyə haqqı yoxdur. Bu onun öz günahıdır. Hərənin bir dəstəsi olmalıdır! Göy-göyərtini də dəstəylə alırıq. Biz özümüzü nəyə görə yuxarı tutmalıyıq ki?! Siyasətdə də belədir. Adamın mövqeyi olmalıdır.

- Bu dəstələrin bir-birinə münasibəti necədir?

- Heç biri bir-birini bəyənmir və bu normal bir şeydir. Dəstələrarası tərif olsaydı, bu, gülməli çıxardı. Sən də yazıçısan, mən də - bir-birimizi necə bəyənə bilərik?! Litrlə araq
Cavid Zeynallı və Şəhriyar del Gerani
Cavid Zeynallı və Şəhriyar del Gerani
içə bilərik, sənə siqaret verə bilərəm, səndən saqqız ala bilərəm, amma yazını hamıya tərifləyə bilmərəm. Yazıçı paxıl olmalıdır. Amma hikkəli yox, kişiyana paxıllığın, qibtənin tərəfdarıyam. “Facebook”da mənə yazırlar ki, tüpürüm sənə! Cavab yazıram ki, üzr istəyirəm, nə səbəbə, hansı şərikli malımız var, bölə bilmirik?! Cavab gəlir ki, sən hər yerə özünü soxursan, hər yerdə varsan. Bu hikkədir. Nifrət etməyi də bacarmaq lazımdır.

- Sən kimin dəstəsindənsən?

- Mən Slavyan Universitetinin dəstəsindəyəm. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycandakı bir çox bütöv əlyazmalardan daha üstündür. Bu adam faktiki yol yaradıb. Slavyan Universitetindəki Yaradıcılıq Fakültəsində özümü çox rahat hiss edirəm.

- İstərdim “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinə qatılmağından danışasan...

- Məşhur olmaq istəyirəm. İstəyirəm, özümü təsdiq edəm, məni tanısınlar. Bu cür axmaq xüsusiyyətim var. Ədəbiyyatla, qeyri-ədəbiyyatla... Hansı yolla olur-olsun, məşhur olmaq istəyirəm, qardaş! Ola bilər sabah xəbər yayım ki, “Azadlıq Meydanı”nda özümü asıram, amma adamları aldadıb diri aradan çıxım. Xaricdə oxumaq istəyirəm. Hansı yolla olur-olsun məşhur olmalıyam. İndi dəstə-dəstə şairlər var, heç kim tanımır. Bu kimə lazımdır?! Adam var deyir, özüm üçün yazıram. Ə get, özün üçün jim elə, turnikdə çəkin, idmançı ol da!

- Onluqdakı şeirlər haqqında fikirlərin necədir?

- 20-lik siyahı açıqlananda bildim ki, onluğa hansı şeirlər düşəcək. Yerimi yanınızda yaxşı düşsün deyə tərifləmirəm, amma münsiflərin ədəbi zövqünə, obyektivliyinə inanıram. Məsələn, Sevinc El Sevərə “Facebook”da yazdım ki, onluğa düşə bilməyəcəksən. O da, sağ olsun, normal qarşıladı, dedi, sizin şeir yaxşıdır, düşəcək. Amma Qəşəm Nəcəfzadənin şeirinin kənarda qalmasını gözləmirdim. İndi mənə deyirlər ki, özünü tapşırmısan. Bir şeyi də deyim, xahiş edirəm yazarsan: bu müsabiqə ilə bağlı müzakirələr artıq etiketə çevrilib. Məsələn, bir nəfərlə rastlaşırsan:

"- Salam, necəsən?

- Yaxşılıq!

- Münsiflər kimlərdir?!.."

Bəlkə yaxı şeydir, müsabiqənin uğurunu göstərir, bilmirəm, amma belə bir fakt var! Onluqda Babək Ağayevin şeiri xoşuma gəldi, yaxşı şeirdir. Rüqəyyə Kəbirinin şeiri Atilla İlhanın “Başqa yerdə olmaq” şeirinin havasına yazılıb. Düzünü bilmək istəyirsənsə, mənim üçün üçlük də müəyyəndir: Babək Ağayev, Rüqəyya Kəbiri və Şəhriyar del Gerani...
XS
SM
MD
LG