Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:33

Alik Əlioğlu. Qovun onu bu şəhərdən (20-likdəki hekayələrdən)


Alik Əlioğlu
Alik Əlioğlu
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Alik Əlioğlu


QOVUN ONU BU ŞƏHƏRDƏN

- Qovun onu, qovun onu bu şəhərdən, əxlaqsızdır o...

Şam namazının vaxtı idi. Kişilər hamısı məscidin qarşısında dayanıb əzanın bitməyini gözləyirdi. Əzanın səsi hər yeri bürüyür, havaya qarışır, şəhərin üstündən külək kimi əsirdi. Kişilər al-verdən, şeytandan, qadından və Allahdan danışırdılar.

- Namaz vaxtıdır... – dustaqlardan biri dilləndi və ağır-ağır yerindən qalxıb dəmir barmaqlıqlara tərəf yeridi:

- Özünüzdən Allah uydurmayın. Allah yoxdur.

Küçəyə baxan dəmir barmaqlaqlıqlar o qədər yuxarıda idi ki, küçəni (azadlığı) görmək mümkün deyildi. Açıq göy üzünü 10-15 yerə bölən nazik dəmirlər arasından yalnız səma görünürdü.

İşdən evə qayıdan yorğun adamlar əzanın səsini eşidir, həm də eşitmirdilər. Anlamırdılar, bilmirdilər bu səs nə istəyir. Özləri isə bəzən Allaha yalvarırdılar.
Marşrut sürücüsü məscidin yanından sürətlə keçib maşını dükanın qarşısında saxladı. İçində iki çörək olan torbanı, tələsik özünü dükadan bayıra atan satıcıya uzatdı. Satıcı əlləri əsə-əsə nə deyəcəyini bilmədi, çörəkləri götürdü, güldü və yenidən dükana girdi. Sürücü güzgüdən öz arxasında oturmuş sinəsi açıq qadına baxdı və nə düşündüyünü özü də bilmədən dükanın qarşısından uzaqlaşdı, sürüb getdi.

- Qovun onu bu şəhərdən, əxlaqsızdır... Hamımızı günaha batırır...

Şam namazının vaxtı idi. Kişilər dəstəmaz alırdı. Cavan oğlanlar plastilindən kişinin cinsiyyət orqanına oxşar fiqur düzəldib gülüşürdülər.

Hava qaralmaqda idi.

Evlərdən birindən uşaq səsi gəlirdi, ağlayırdı. 7 aylıq bu uşağı saatlardır heç cür sakitləşdirə bilmirdilər. Atasını, qadın hələ bu uşağa hamilə olarkən bıçaqlamışdılar. Meyiti əncir ağacının dibində tapılmışdı.

Qonşuluqda yaşayan gənc bir oğlan əqli çatışmamazlıq xəstəliyi ilə illərdir xəstəxanada qalırdı. Bayramlarda evə gətirirdilər. Atasız körpənin fəryadını eşidib yalvardı, maşını saxlatdırdı. Başını pəncərədən bayıra çıxarıb dərindən ah çəkdi və möhkəmdən qışqırdı: “Sakitləşdirin onu, yazıqdır...”

Qocalar adamda elə təəsürat yaradır ki, onlar artıq hər şeyi bilir, ölümdən qorxmur və sakitcə ölümü gözləyirlər... Bir kənara çəkilirlər və heç kəsə dəyib toxunmadan corab hörməyə başlayırlar. Körpə nəvələrini çox sevirlər və bəzən də dinib danışmadan eləcə ağlayırlar.

- Sən canı, başını belə həvəsnən qaldıranda Allaha nə deyirsən? – deyə bayaqdan namaz qılan dustağın hərəkətlərini diqqətlə izləyən digər dustaq soruşdu və ucadan gülməyə başladı. Namaz qılan dustaq isə namazı üstündə qılmaq üçün əynindən soyunub yerə sərdiyi jaketi geyinə-geyinə onun üzünə baxdı. Gördü ki, üst damağı qanayıb və dişləri qanın içindədir. İyrəndi. Yuxarı - dəmir barmaqlıqlara və onların 10-15 yerə böldüyü göy üzünə baxdı. Ümid elədi...

Əzan bitmişdi. Satıcı bayaq sürücünün çörəklərin arasında gətirdiyi nəşəni çəkirdi.
Nəmişlik qoxusu gələn yarıqaranlıq dustaqxananı 10-15 yerə bölən nazik dəmirlər arasından qanına bələnmiş dustaq görünürdü. Digəri isə başının üstündə dayanmışdı: - Allah varsa qoy sənə kömək eləsin...

Hava qaralmaqda idi. İnsanlar öz günahlarından uzaqlaşmaq istəyirdi, bu yiyəsiz şəhəri günahlardan təmizləmək istəyirdilər:

- Qovun onu bu şəhərdən...

Öz bakirliyinə son qoyan 17 yaşlı oğlan cinsi əlaqədə olduğu ilk qadının adını, boy-buxununu, saçının rəngini, səsini, hətta qoxusunu xatırlayırdı və fikirləşirdi:

- Görəsən onu sevsəm ağıllanar? Axı çox gözəldir... Görəsən niyə əxlaqsızdır?... - Bunları fikirləşə-fikirləşə şəhərin düz mərkəzinə gəldi. Adamların arasında qaldı, bir az da kiçildi. Kiçildi və yanından yüzlərlə o cür gözəl və əxlaqsız qadınlar keçdi. Bayaq yatağında olduğu qadın yanından ötən yadların sayı qədər yadlaşdı.

Hamı dükanın arxa tərəfinə yüyürdü. Çoxlu adamların toplaşdığı yerə tələsdilər. Heç kəs toplumdan kənarda qalmaq istəmədi. Şəhərin ən yoxsul adamından tutmuş ən zəngininə kimi hamı qan görmək istədi, hamı Allaha yalvardı ki, qan tökülsün. Aralarındakı günahkarı toplumdan uzaqlaşdırmaq istədilər. Şəhərdə gəzən xısın-pısın pıçıltılar burada daha gur eşidildi: Onu şəhərdən qovun, əxlaqsızdır. Bir gün hamını yoldan çıxardacaq.

Amma kim idi o? Heç kəs bilmirdi... Hamı bir-birinə nifrətlə baxır, hamı həmin əxlaqsızı bir-birinin içində, bir-birinin gözlərində görürdü.

Nəhayət torpağa qan töküldü. Laxtalanmış qan palçığa çevrildi, qırmızı palçığa... Oğlan uşaqlarından biri barmağını yerə tökülmüş qana batırdı və qumun üzərində cızdığı günəşə gözlər qoydu, balaca bacısı qardaşının nə elədiyini anlamadı, qorxdu və ağlamağa başladı...
XS
SM
MD
LG