Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:36

Şəbnəm Xeyrulla "Qan pulu" (20-likdən hekayə)


Şəbnəm Xeyrulla
Şəbnəm Xeyrulla
Bu hekayə "Ədəbi Azadlıq - 2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Şəbnəm Xeyrulla


QAN PULU

“Bu ayın da pulu gecikir. Gərək, bir poçta baş çəkim,” – bu fikirlərlə evdən çıxıb rayonun mərkəzinə tərəf üz tutdu. Qarşısına çıxan hər kəs onunla ədəb-ərkanla salamlaşıb kef-əhval tutsa da, səslərindəki soyuqluğu, hətta tənəni də çox yaxşı hiss edirdi. Neçə il idi ki, bu tənə də onunla birgə dolaşırdı. Öz-özünə “sonra da deyirlər, bizimkilər unutqandır, hanı” fikirləşir, amma elə tezcə də “bəlkə də mənə elə gəlir” deyirdi. “Əlbəttə, mənə elə gəlir. Axı, neyləmişəm ki, məni ittiham da eləsinlər? Bir oğul böyütmüşəm, müharibəyə yola salmışam. O da şəhid olub. Əksinə, hamı mənə hörmət eləməlidir. Elə edir də! Bax, yol boyu kimi görürəmsə, salamlaşır, ailəmi, qoca anamı soruşur. Bu hörmət deyil, nədir? Bircə o tənəli baxışları olmasaydı...”

Bu düşüncələrlə poçtun qarşısına necə gəlib çatdığını heç özü də bilmədi. Öz yaşıdı olan poçtalyon Akif onu görər-görməz, salamsız-filansız “pul yoxdur, deyəsən, bu yaxınlarda da olmayacaq” dedi. “Bax, əsl tənə Akifin səsində idi. Daha burada mübahisə edəcək nə var ki?

Məndən zəhləsi gedir, heç vaxt da bunu gizlətmir. Hələ pul verəndə... Elə bil oğlumun “şəhidlik pulu”nu yox, dədəsindən qalmış vərəsənin bir hissəsini verir. İmkanım olsaydı, heç almazdım da o pulu. Amma bu imkansızlıq...”

- Akif, yəni, bu həftə heç olmaz da? – bayaqkı fikrini beynindən çıxarıb mümkün qədər
gülər üzlə soruşdu.

- Yox, məncə, gələn həftə də gözləmə,- sözlərdəki soyuqluq və nifrət açıq-aşkar hiss olunurdu.

- Bəs mən neyləyim? – ürəyində demək istədiyi sözləri özü də bilmədən ucadan dilinə gətirdi.

- Neyləyəcəksən? İşlə. Hamı necə, sən də elə. Maşallah, hələ canın suludur, harada desən, iş tapa bilərsən.

Bəli, köhnə söhbət təzələnmişdi. Həmişəki kimi susmaq, başını aşağı salıb səssiz-səmirsiz evə yollanmaq istəmədi. Heç özü də bilmədi, illər boyu içinə yığılan sözlər dilindən necə çıxdı:

- Axı məndən nə istəyirsən? Sənin də, elə bütün rayonun da mənə bir can borcunuz var. O boyda oğul vermişəm bu vətənin yolunda. İndi qoy, bu vətən məni bu qoca yaşımda saxlasın. Deyirsən, canım suludur. Axı haradan biləsən ki, oğlum öləndən sonra belim necə qırıldı? Nə biləsən bunları?

Sözlərindəki naləni özü hiss etsə də, Akifin heç tükü də tərpənmədi. Deyəsən, ona inanmaq fikri yox idi. Bu az imiş kimi, dilini də dinc qoymadı:

- Neçə ildir oğlunun ruhu naminə heç kim səsini çıxarmır. Sən də elə fikirləşirsən, heç nə bilmirik. Çox da uzaq tarix deyil ki, unudaq. Elə sən özün isti-isti hər şeyi bütün kəndə danışmışdın. Oğlunun hansısa zabitlə dalaşdığını, sonra həmin zabitin onu güllələdiyini özün deməmişdin?

Eşitdiklərindən tutuldu. Ən pisi odur ki, yenə də həmin hadisələr gözlərində canlandı. Oğlu hərbi xidmətə yollansa da, əslində müharibədə idi. Atəşkəs yenicə imzalanmışdı, amma hələ də cəbhə xəttində atışmalar davam edirdi. Belə günlərin birində oğlunun ölüm xəbərini aldı. Əvvəl 19 yaşlı Rəsulun düşmən tərəfindən güllələndiyini düşünsə də, bir müddət sonra hər şeyin üstü açılmışdı. Əsl baş verənləri öyrənəndə əvvəlcə hiddətindən yerə-göyə sığmayıb hərbi hissə komandirlərini tribunal-filanla qorxutsa da, səsini tez kəsmişdi. Daha doğrusu, ona başa salmışdılar ki, oğlunun adi qətl qurbanı olduğunu deməkdənsə, qoy, “şəhid” adını düzəltsinlər. Sən demə, qatil zabitin əli çox yuxarılara çatırmış. O vaxt nə düzüb-qoşdularsa, Rəsulun düşmən gülləsindən öldüyü haqqında sənəd hazırladılar. Beləliklə, artıq neçə illər idi ki, həmin “şəhid” adına görə dövlətdən pul alırdı. Bunu hamı bilir, elə bu səbəbdən ona nifrət edirdilər.

...Evdə onu ailəsi gözləyirdi. Əliboş gəldiyi üçün heç kimin üzünə baxa bilmirdi. Yadına nə düşdüsə, qoca anasından kömək istəmək qərarına gəldi:

- Ana, o işlətmədiyin xalçanı verə bilərsən, satım?

Anası çaşqın baxışları ilə illərdir yığılıb divarın bir küncünə söykənmiş xalça bükməsini göstərdi: “Bunumu deyirsən? Bu xalçanı satmaq istəyirsən?”

- Hə, onu. Rəsulun pulunu yenə vermədilər. Evə də çox şey lazımdır. Ümidim o pula idi, bilirsən də. Deyirəm, onsuz da o xalçanı işlətmirik. Bəlkə verəsən, satım?

Anası çətin vəziyyətə düşmüşdü. Gözlərindən yaşlar süzüldükdə dediklərindən peşman oldu: “Yaxşı, bir şey fikirləşərəm. Vermirsən-vermə, amma ağlama.”

- Bala, xalça üçün ağlamıram. Yadıma o xalçanı alıb evə gətirdiyim gün düşdü. Atanın bolşevik olduğunu bilirsən də. O vaxt qaçaqlarla döyüşəndə güllələndiyini, öldüyü dərəyə adının verildiyindən də xəbərdarsan.

- Hə, ana, bunların hamısını bilirəm. İndi niyə danışırsan bunları?

- O vaxt Sovet hökuməti atanın qan bahası olaraq mənə pul kəsmişdi. Həmin pula heç nə edəcəyimi bilmirdim. Nəhayət, bu xalçanı alıb evə gətirdim. Nənən – qayınanam xalçanı hansı pula aldığımı görəndə qəzəbindən üstümə qışqırdı: “Sən oğlumun qan puluna alınmış xalçanı yerə sərəcəksən, gəlib-gedən də onu tapdalayacaq?” O vaxtdan bu xalça bir dəfə də yerə dəyməyib. Elə bükülü halda evin bir küncündədir. İldə bir dəfə havaya çıxarıb, yenə də qaytarıb yerinə qoyuruq. İndi bunu satsan, kimsə də ayağının altına salıb tapdalasa..., - anası daha göz yaşlarını saxlaya bilmədi. Hıçqıra-hıçqıra “axı o qan puludur” deyə bildi.

“Qan pulu? Axı o nə olan şeydir, ana?”
XS
SM
MD
LG