Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Aprelin sonunadək bütün yollarda təmir-tikinti işləri bitəcək


Bakıda aprelin sonunda yollarda təmir işləri ilə bağlı yaranan tıxaclar aradan qaldırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, aprelin sonunadək bütün yollarda təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulub.

Təmir işlərinin intensivliyinin artırıldığını deyən şöbə rəisi bildirib ki, bu işlər başa çatandan sonra paytaxt yollarında müşahidə edilən tıxacların böyük hissəsi aradan qalxacaq.

İslamov deyib ki, Sabunçu dairəsindən Maştağa qəsəbəsinədək ərazidə təmir tikinti işləri başa çatandan sonra yolun Balaxanı qəsəbəsi hissəsində hərəkətin istiqaməti dəyişdiriləcək. Belə ki, həmin yolda qəsəbəyə çıxış və giriş olduğundan yolun Balaxanı qəsəbəsi hissəsində avtomobillərin sıxlığı yaranır. Bu sıxlığın aradan qaldırılması üçün Balaxanı döngəsindən 1 tin aşağı - Zabrat qəsəbəsinə tərəf hərəkətin istiqaməti dəyişdiriləcək.

Hazırda Xətai prospektində kommunikasiya xətləri dəyişdirilir, yeni asfalt örtüyü çəkilir.

Sabunçu dairəsindən Maştağa qəsəbəsinədək olan ərazidə yeni su xətti çəkilir.

Həmçinin paytaxtın Azadlıq prospektində, Zorge küçəsində, Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsindən Badamdar qəsəbəsi istiqamətində, Neftçilər prospektində, Babək prospektində və digər yollarda asfalt örtüyünün dəyişdirilməsi, komunikasiya xətlərinin çəkilməsi, piyada keçidlərinin tikintisi, səki daşlarının və piyada səkilərinin yenilənməsi prosesi gedir.
İdarə sürücülərə həmin istiqamətdə olan yollardan mümkün qədər az istifadə etmələrini, alternativ yollara üstünlük vermələrini, avtomobilləri yolun hərəkət hissəsində saxlamamlarını tövsiyə edir.
XS
SM
MD
LG