Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Təmirçilər uşağı da aldada bilmədilər


İçərişəhərdə "açıq qapı" günü
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

İçərişəhərdə "açıq qapı" günü

İçərişəhərdə qələbəlikdir. Dəstə-dəstə məktəblilər, tələbələr Qız Qalasına, Şirvanşahlar sarayına axışır. Burdakı muzey və məscidlərə giriş pulsuzdur. Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Xüsusən də Şirvanşahlar sarayında gəlhagəldir. Hətta burda dərs deyənlər də var.

«AXI BURA YUMURTAYLA HÖRÜLMÜŞ DAŞ DEYİL, TƏZƏ DAŞDIR»

53 saylı məktəbin müəlliməsi Məleykə Əliyeva:

- Mən də uşaqları gətirdim ki, mədəni abidələrlə tanış olsunlar, tariximizi bilsinlər. Şirvanşahlar dövləti nə vaxt yaranıb, necə olub ki, 1192-ci ildə Şamaxıdan Bakıya köçüb. Onu dərsdə keçirlər. İndi əyani göstərdik.

- Uşaqların diqqətini daha çox muzeydə nə cəlb elədi? Hansı sualı verirdilər?

- Uşaqlar daha çox birinci Xəlillulahın qəbriylə maraqlandılar. Onun xanımının qəbriylə. Sonra restavrasiya edilmiş yerlərə, daşlara baxdılar. Soruşurdular ki, bunlar neçənci əsrin daşıdır, həqiqətənmi tarixidir? Maraqlıdır uşaqlara. Mən də dedim ki, Şamaxıdakı zəlzələdən sonra yaranan abidələrimiz bir az xarab olub, əvvəlki görünüşü itirib. Ona görə də restavrasiya olunanda yeni daşlarla əvəz edilib, həmin dövrün daşını haradan alasan? Bir az düzü, mənim də xoşuma gəlmir.
Məleykə Əliyeva
Məleykə Əliyeva
Uşaqların da diqqətini bu cəlb etdi. Onlar da deyirlər ki, axı bura yumurtayla hörülmüş daş deyil, təzə daşdır.

ŞAH İSMAYILIN ŞİRVANŞAH İBRAHİM XƏLİLLULAHLA BAĞLI XƏTASI

Bu dəfə ekskursiyadan qayıdan uşaqlardan soruşuruq ki, onların yadında muzeydən nə qalıb?

Emil Şabanov:

- Xəlillulahın, uşaqlarının qəbri, xanımına tikdiyi xatirə qalası.

- Niyə İbrahim Xəlillulahın qəbri?

- Qəbirlərin yerləşməsi, böyüklüyü…

Bu yerdə Məleykə müəllimə izahat verir:

- İcazə verin bu suala mən cavab verim. Şah İsmayıl Xətainin ləqəbi həm də ordan gəlir ki, Bakı 1501-ci ildə zəbt olunanda, deyilənə görə, Xəlillulahı qəbirdən çıxarıb yandırdıb. Ona görə də onun qəbrini göstərdim və uşaqların da yadında o qalıb.

- Həm də Ağa Mikayıl hamamı, xanımın qulluqçular üçün tikdirdiyi yer, meyvə-tərəvəzin saxlanması üçün anbar xoşuma gəldi. Bu sarayda 2 dəfə olmuşam. Onda ailəmlə gəlmişdim. İndi maraqlıdır, müəlliməylə gəlmişəm, o, bizə məlumatlar verir.

Cavid Əli:

- Tarix dərsində keçdiklərimizi əyani gördük. Ona görə də yadımdan çıxmayacaq gündür.

ZİYARƏTÇİLƏRİN VERDİYİ SUALLAR

Saat 1-in yarısıdır. Amma uşaqların ardı-arası kəsilmir. Şirvanşahlar sarayının direktoru Rəna Rzayeva məmnundur:

Rəna Rzayeva
Rəna Rzayeva
- Aprelin 18-i UNESCO-nun qərarıyla Abidələr Günü elan olunub. Bizdə 9 abidə var. Bu gün bizim də peşə bayramımızdır. Səhərdən haradasa 200-dən çox uşaq gəlib. Saat 2-də isə qrafika əsərlərindən ibarət sərgi açılacaq.

- Bu günün önəmi, faydası nədir?

- Abidələrimizdən gərək hamıya bəhs edək. Abidələr dağılır, gedir, onlara qayğı göstərmək lazımdır. Belə günlər uşaqları cəlb edir, onları təmənnasız qəbul edir, tariximizdən danışırıq.

- Uşaqlar daha çox sizə hansı sualı verirlər?

- Şah harada otururdu, harada əmr verirdi, nə yeyirdi? Soruşurlar ki, bu otaqlar XV əsrdə necə bəzənmişdi?.. Təmirlə bağlı uşaqlar yox, böyüklər sual verirlər. Soruşurlar ki, zallar necə qurulacaq, taxt-tac salonu XV əsrə uyğunlaşdırılacaqmı? Cavab veririk ki, bəli. Həmin dövrdə necə olubsa, indi elə olacaq…

4 YAŞLI CƏFƏRİ MUZEYDƏ CƏLB EDƏN PULLAR OLDU

Şirvanşahlar sarayının növbəti ziyarətçisinin 4 yaşı var. Cəfər nənəsi Leyla Həmzəyeva ilə gəlib:

- Xəbər eşitdik ona görə gəldik. Pulsuzdur.

- Bu uşaq nəylə maraqlandı?

- Qədim qablara, pullara baxdı.

- Cəfər, nə gördün, nəyə baxdın?

- Pullar, qablar… Qədim şeylər.

- Nədən lap çox xoşun gəldin?

- Puldan.

- Muzeydən xoşun gəldimi?

Cəfər
Cəfər
- Gəldi.

- Sən belə sarayda yaşayardınmı?

- Yox.

- Niyə?


Təranə Cəfərova isə işlədiyi kollektivlə Qız Qalasına gəlib. Deyir ki, axırıncı dəfə burda 20 il əvvəl olub.

Açıq havada gəzirik. Həm ziyarət, həm ticarət. Qız Qalasına axırıncı dəfə institutda oxuyanda gəlmişdim, 80-ci illərdə. Allah qoysa başqa yerləri də gəzəcəyik.

«DÜYMƏCİKDƏN DƏ BALACADIRLAR»

31 saylı məktəbin uşaqları isə miniatür kitab muzeyinə baş çəkiblər.

Nəzrin TağıyevaYeganə Əliyeva həvəslə gördükləri kitablardan, onların nə qədər balaca olmasından danışırlar.

- Çox gözəl kitablar gördük. Balacaladırlar.

- Xırda-xırda. Düyməciklərdən də balacadırlar.

- O kitabları necə oxumaq olar?

- Heç cür oxumaq olmaz.

- Mikroskopla, böyüdücü şüşəylə…

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu gün 1983-cü ildən qeyd edilir. UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd abidə və tarixi yerlərə diqqət cəlb etmək, onları qorumaqdır.
XS
SM
MD
LG