Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:32

Oqtay Gülalıyevin səhhətində problemlər yaranıb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Bakıdakı 3 saylı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində problemlər yaranıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib:

«Mən 2 gün, aprelin 26-27-si onunla ardıcıl olaraq görüşdüm. Birinci dəfə Oqtay ağrılar üzündən əyilmiş vəziyyətdə dayanmışdı. Aprelin 27-də görüşəndə isə dərmanlar qəbul etmişdi, səhhəti bir qədər yaxşı idi. Dediyinə görə, mədə-bağırsaq xəstəliyinə görə 2 il əvvəl müalicə alıb və sağalıbmış. Amma aprelin 8-də Sabirabad rayon Polisi İdarəsində fiziki zorakılığa məruz qalandan sonra ağrılar yenidən baş qaldırıb. Bildirdi ki, onu 1 gün ac-susuz, iyli-qoxulu darısqal otaqda saxlayıblar».

«O, YENİDƏN SABİRABAD POLİSİNƏ QAYTARILMASINI İSTƏMİR»

Yalçın İmanov deyir ki, Oqtay Gülalıyev Sabirabad polisində qeyri-insanı rəftarla üzləşdiyindən yenidən ora qaytarılmasını istəmir. Amma işin rayon polisindən alınıb Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsinə verilməsi barədə vəkillərin vəsatəti təmin olunmayıb. Bildirilib ki, hadisə Sabirabadda baş verdiyindən istintaqı da rayon polisi aparmalıdır.

Sabirabad rayon Polis İdarəsinin rəisi Mübariz Quliyev isə AzadlıqRadiosuna müsahibəsində Oqtay Gülalıyevə hər hansı pis rəftarı təkzib edib:

«Oqtay Gülalıyev adamlarla davranışında kobudluğa yol verib. Sakinlərin şikayəti əsasında da rayon məhkəməsi onun barəsində inzibati qərar çıxarıb. Oqtay Gülalıyevlə istədiyiniz vaxt sizi görüşdürə bilərəm. Özündən də soruşa bilərsiniz - ona nə bir söz deyilib, nə təzyiq edilib, nə də təhqir olunub».

«ARTIQ MÜAYİNƏYƏ GÖSTƏRİŞ VERİLİB»

Vəkil Yalçın İmanov deyir ki, artıq 3 saylı İstintaq Təcridxanasının rəisi Aslan Mirzəyev Oqtay Gülalıyevi müayinə etməyi tapşırıb:

«Amma Oqtay istəyir ki, 2 il əvvəl onu müalicə edən həkim təcridxanaya dəvət olunsun. Mən bu məsələni də təcridxana rəisinin diqqətinə çatdırdım. Rəis dedi ki, hələ müayinə olunsun, baxarıq. Ehtiyac yaransa, dəvət edərik».

ONU 3 İL HƏBS GÖZLƏYİR

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyevin onu təhqir etdiyini bildirirdi.

Aprelin 9-da Sabirabad rayon Məhkəməsinin qərarı ilə Oqtay Gülalıyevə 12 sutka inzibati həbs cəzası verilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) cinayət işi açılıb. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İttiham təsdiqlənərsə, o, 3 il azadlıqdan məhrum edilə bilər.

Oqtay Gülalıyev isə həbsini Kür daşqınlarına ayrılan vəsaitin araşdırılması ilə əlaqələndirir.
XS
SM
MD
LG