Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Xədicə İsmayılova, İdrak Abbasov və PR pulları haqda Əli Həsənovla müsahibə


Əli Həsənov
Əli Həsənov
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Cenevrədə Avropa Teleradio Yayım Şurasının insan haqları təşkilatları və rəsmilər üçün keçirdiyi seminarda iştirak edib. BBC Azərbaycanca onunla telefon vasitəsilə müsahibə alıb. Müsahibənin mətnini tam şəkildə aşağıda oxuya bilərsiniz.


Azərbaycan hökuməti beynəlxalq nüfuzlu insan haqları təşkilatları, Avropa qurumları tərəfindən tənqid olunur. Hökumət insan haqları sahəsində nəyisə dəyişəcəkmi?

Əvvəla biz bu günki seminarda həmin o təşkilatlarla Azərbaycanda həm insan haqları sahəsindəki vəziyyəti, həm də kütləvi informasiya vasitələri, jurnalistika və digər sahələrdəki vəziyyəti müzakirə elədik. Əlbəttə biz onların son zamanlar yaydıqları bəyanatlarla, hesabatlarla razılaşmadığımızı onların diqqətinə çatdırdıq.

Kifayət qədər konstruktiv bir mühitdə dialoq apardıq. Belə bir rəyə gəldik ki, Azərbaycanda insan haqlarının vəziyyəti, kütləvi informasiya sahələrindəki vəziyyət heç də onların təsvir etdiyi, təqdim etdiyi kimi dözülməz deyil. Azərbaycanda bu sahədə kifayət qədər müsbət işlər gedib, mühit var.

Sadəcə olaraq müəyyən müəyyən problemlər var ki, o problemlərin hər birinə fərdi şəkildə yanaşılmalıdır, onlar öyrənilməlidir, aradan qaldırılmalıdır. Əsas odur ki, hakimiyyətin iradəsi var, eyni zamanda Azərbaycan mediası, Azərbaycanda insan hüquqları ilə bağlı olan təşkilatlar da bu sahədə Azərbaycan hakimiyyətilə əməkdaşlıq etməyə hazırdırlar.

Hakimiyyətin iradəsi var deyirsiniz, amma müəyyən məsələlər məhz hakimiyyətin əlindədir. Həmin təşkilatların siyasi məhbus hesab etdiyi insanlar, məhbəsdə olan jurnalistləri həmən azad etmək hakimiyyətin əlindədir. Siyasi iradə deyəndə, onu nə zaman – yaxın gələcəkdə, yoxsa uzaq gələcəkdə göstərməyi nəzərdə tutursunuz?

Bilirsiniz, hakimiyyət bir insanın iradəsi deyil. Əlbəttə ölkə başçısının cəmiyyətdə gedən bütün proseslərə yönəlik iradəsi var, siyasəti var.

Amma Azərbaycanda bilirsiniz ki, hakimiyyət bölgüsü baş veribdir: məhkəmə hakimiyyəti, qanunverici hakimiyyət, icra hakimiyyəti – bunlar ayrı-ayrı strukturlardır.

Hakimiyyət istəsə belə, məhkəmə tərəfindən məhkum olunmuş istənilən adamı azadlığa buraxmaq gücünə və iqtidarına malik deyil. Baxmayaraq ki, cənab Prezidentin istənilən adamı əfv etmək ixtiyarı var və bu səlahiyyətə malikdir.

Ona görə də, Azərbaycan cəmiyyətində hər bir insanın azadlığa buraxılması onun cəmiyyətdə sonrakı həyatı, cəmiyyətə xeyirliliyi, cəmiyyətdə bu hadisənin törədəcəyi ictimai nəticələrlə ölçülür. Ona görə də, kimin Azərbaycanda kimə hansı qiymət verməsindən asılı olmayaraq, dövlətin bir siyasəti var, bu siyasəti dəyərləndirən mərkəzlər var.

Avropa Şurası ilə, ATƏT-lə biz siyasi məhbus adlandırılan insanların konkret məsələsini müzakirə edirik. Onların siyasi məhbus olduğunu sübut edən, bizi inandıran dəlillər hələ ki, ortada yoxdur.

Yeri gəlmişkən, Azərbaycan hökuməti (Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi) Kristof Strasserin Azərbaycana gəlib öz işini görməsinə niyə icazə vermir?

Təəsüflər olsun ki, Kristof Ştrasser Azərbaycana öz işini görməyə gəlmir, öz siyasətini planlaşdırmağa gəlir. Hal-hazırda onun Almaniyadakı fəaliyyəti, Eurovision ilə bağlı etdiyi çağırışlar, boykot çağırışları onu göstərir ki, bu insan Avropa Şurasının prinsiplərinə uyğun fəaliyyət göstərmir, qeyri-konstruktivdir və onun fəaliyyəti gələcək seçki platformasının Almaniyada insan hüquqları çərçivəsində, kölgəsində formalaşdıraraq özünə xal yığmaqdır.

Hətta buna baxmayaraq belə, Azərbaycan hökuməti onun Azərbaycana gəlməsinə etiraz etmədi və bu barədə ona xəbər verdi. Lakin Ştrasserin Azərbaycana hansı statusla gəlməsi məsələsi Azərbaycan hakimiyyətilə onun arasında və şəxsən onu təmsil edən Avropa Şurası arasında mübahisə olaraq qalmaqdadır.

Strasser deyir ki, bu statusu müzakirə etmək onun mandatına uyğun deyil. O deyir ki, onun işi siyasi məhbuslar barədə məruzə hazırlamaqdır və təyinatı müzakirə edə bilməz. Siyasi məhbuslar üzrə məruzəçi isə Avropa Şurasının müəyyənləşdiridyi termindir və kimi siyasi məhbus hesab etdiklərini onlar təsnifləşdirir.

Azərbaycan hakimiyyəti hesab edir ki, cənab Ştrasser hazırlayacağı məruzəni elə Strasburqdan da hazırlaya bilər. Bütün müdafiə və mühafizə təşkilatlarının rəyləri onda var. 14 məhbusun bütün məsələləri incələnibdir, onun stolunun üstündədir.

Ona görə də, Azərbaycanda istənilən adamla o görüşübdür, artıq rəyini də formalaşdırıb, məruzəsini də demək olar ki, hazırlayıb. Ona görə də, onun Azərbaycana gəlişi sadəcə olaraq referans göstərməkdən başqa bir şey deyil.

- Jurnalist İdrak Abbasovun döyülməsilə bağlı hökumət bəyanat verdi və hadisəni pislədi. Amma bu onun döyülməsindən iki gün sonra baş verdi. Niyə bu qədər çəkdi?

- Heç də belə deyil. İdrak Abbasov təzyiqə məruz qalandan təxminən dörd saat sonra Prezident Administrasiyasının şöbə müdiri kimi mən bəyanat vermişəm, hadisəni pisləmişəm. Baxa bilərsiniz Salamnews informasiya agentliyinə, onun arxasınca Apa informasiya agentliyinə, onun arxasınca Trend informasiya agentliyinə. Hər birinin arxivinə girsəniz, təxminən cəmi iki saatdan sonra bəyanat ora çıxıbdır, hakimiyyət onu pisləyibdir, İdrak Abbasov və onun kimi jurnalistləri də dəvət edib ki, belə qarşıdurmalarda, köçürmələrdə, ev sökmələrində kənarda dayansınlar, jurnalist fərqləndirici geyimi geysinlər və münaqişə tərəflərinin içərisinə girib özlərini belə təzyiq qarşısında qoymasınlar.

Onu dövlətə məxsus neft şirkətinin təhlükəsizlik işçiləri döyüb. Onda bu hadisənin pisləməyin nə mənası var?

- Mənası var. Dövlət neft şirkəti Azərbaycan dövlətinin sərvətlərini qoruyur, o sərvətlərin neft məhsullarını çıxarır, xarici bazarlarda satır və Azərbaycanın sosial müdafiəyə ehtiyacı olan insanlarının həyatını təmin edir. Kimsənin ixtiyarı yoxdur ki, o məzənnənin arasında gəlib torpaqları zəbt etsinlər, orada ev tiksinlər və belələrinə qarşı da o mühafizə qüvvələrinin həyata keçirdiyi tədbirlər qanunlar çərçivəsindədir.

Jurnalistin ora müdaxilə etməsi qeyri-qanunidir ki, jurnalist öz qohumlarının ordakı qeyri-qanuni mülkini qorumaq üçün jurnalistlik funksiyasını kənara qoyaraq, münaqişə edən tərəflərdən biri kimi çıxış edir.

- Amma jurnalist oradan reportaj hazırlayırdı. Bundan əvvəl də məhz ordan hazırladığı reportajlara görə Qərbdə mükafata layiq görülmüşdü.

- Təəssüflər olsun ki, o, təxribatlara görə Qərbdə belə mükafata layqi görülüb. Ondan qabaq beş dəfə belə hadisələr baş verib. Ona görə də, bu hadisələrin hamısı, biz düşünürük ki, müəyyən mənada düşünülmüşdür, məqsədyönlüdür.

İdrak Abbasov məhz o sahəyə gedir ki, orada bilir ki, ona qarşı təzyiq olacaq, ona qarşı hansısa qeyri-qanuni əməllər olacaq. İdrak Abbasov o reportajı, mən münasibətimdə də açıqlamışam, beş-on metr kənardan da durub apara bilərdi. Məcbur deyildi ki, məhz münaqişə edən insanların arasına girsin.

Siz onda nəyi pisləmisiniz? Onun döyülməsini, yoxsa ora getməsini?

-Mən ümumiyyətlə jurnalistin döyülməsini pisləmişəm. İdrak Abbasova qarşı hər hansı təzyiq göstərilməsini pisləmişəm. Müəyyən olunsa ki, onun jurnalist olduğunu bilə-bilə neft şirkətinin əməkdaşları ona təzyiq göstəriblər, ona əl qaldırıblar, həmin adamlar mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar.

Digər bir jurnalistlə, Xədicə ismayılova ilə bağlı sualım var. Siz təbii ki, onunla bağlı bütün hadisələri bilirsiniz. O, hökumətin onun evinə gizli kamera yerləşdirdiyini deyir. Sizcə, onun evinə kameranı kim yerləşdirə bilər? Kimin əlində resurslar var ki, vətəndaşın evinə girsin, yataq otağına kamera yerləşdirsin.

- Bu Xədicə xanımın mülahizəsidir. Xədicə xanımla baş verən hadisəni biz pisləyirik. Bu, Azərbaycan dövlətinə ən çox ziyan vuran hallardan biridir. Biz hesab edirik ki, bu, bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır və biz onun ləkəsindən qurtarmalıyıq.

Amma Xədicə xanımın evinə kameranın yerləşdirilməsilə bağlı istintaq davam edir. Müxtəlif qüvvələr ola bilər. O cümlədən Azərbaycan dövlətinin imicinə zərbə vurmaq istəyən qüvvələr bu sırada ola bilər. Azadlıq radiosunun fəaliyyətilə razılaşmayan daxili-xarici qüvvələr, kəşfiyyat orqanları və yaxud da o evə gələn ayrı-ayrı insanlar ola bilər.

- Bakıda evlərin sökülməsi ilə bağlı çoxlu narazılıqlar var. BBC və digər mediaya danışan insanlar evlərinin müqabilində verilən təzminatdan narazı olduğunu deyirlər. Deyirlər ki, hər kvadrat metr üçün ödənən 1500 manat müqabilində mərkəzdə ev ala bilməzlər. Nə üçün onlara bazar qiymətindən aşağı təzminat ödənilir?

- Biz hesab edirik ki, bu ədalətli qiymətdir. Komissiya işləyib, o qiyməti müəyyən edib. O, insanların hər biri 1500 manata ev almaq istəyirsə gəlsin, prezident aparatının şöbə müdiri kimi Əli Həsənov evini satır. Və 1300-ə satasıyam.

Azərbaycanın xaricdə PR üçün milyonlarla dollar xərcləməsinə dair məlumatlar var...

Xərcləməyəndə gəlib özləri Azərbaycandan tələb edirlər. PR üçün dünyanın bütün ölkələri reklam kampaniyasına dövlətin iqtisadi-siyasi maraqlarının təbliğatına pul xərcləyirlər. Azərbaycanın da SOCAR şirkəti bilirsiniz ki, artıq dünya bazarına çıxıbdır. Azərbaycan öz neft məhsullarının son məhsulunu dünya bazarlarında satmaq əzmində, iradəsindədir. Bizim dövlətimizi tanımalıdırlar, onun maraqlarını qəbul etməldirlər.

Dövlətin bəlli tərəfdaşları olmalıdır. Bunun üçün də biz təbliğat işlərinə müəyyən vəsait yönəldirik. Və hesab edirik bu, normaldır.

Sizcə daxildə insan haqlarının pozulması, insanların evlərinin dağıdılması və əvəzində kifayət təzminat əldə edə bilməməsinə dair məlumatlarla hökumət neqativ imic qazanmırmı? Yəni belə PR pullarının xərclənməsi pul itkisi deyilmi? Belə bir ziddiyyət fonunda xaricdə PR nə qazandırır?

Azərbaycanın imicinə zərbə vuracaq müəyyən hallara görə biz neft mədənlərimizi verək insanlar qeyri-qanuni onu tutub ev tiksinlər, həm öz həyatlarını təhlükə qarşısında qoysunlar, həm də bizi neft məhsullarından məhrum eləsinlər?

Bu, mən hesab edirəm ki, normal məntiq deyil. Qeyri-qanuni məskunlaşma, gecəqondularda məskunlaşma, qeyri-qanuni miqrasiya bütün dünya ölkələrində təqib olunur. Azərbaycan dünya ölkələrinin sırasından çıxmaq fikrində deyil.

Hökuməti tənqid edənlərə təzyiq və təqiblər qeyri-sabitlik riski yaradır – bunu Freedom House deyir. Siz qeyri-sabitlikdən və ya ərəb ölkələlərində baş verənlərin Azərbaycanda təkrarlana biləcəyindən narahat deyilsinizmi?

Azərbaycan xalqının iradəsi, əgər ona yönəlsə ki, Azərbaycanda qeyri-sabitlik yaransın, Azərbaycan hakimiyyətinə qarşı kütləvi iğtişaşlar olsun və bu iğtişaşlar bir nəticəyə gətirsin, budan heç kim qaça bilməz.

Amma hal-hazırda Azərbaycan xalqının iradəsi ona yönəlib ki, Azərbaycanda sabitlik olsun, inkişaf davam eləsin, dövlətin daxili-xarici siyasəti davam eləsin. Və ona görə də, indiki hakimiyyətə mandat veriblər.

Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa, biz qətiyyən inciməyəcəyik. Çünki bu, təbii haldır və biz bu yolu da özümüz seçmişik.

Azərbaycan prezidenti niyə yerli mediaya müsahibə vermir?

Azərbaycan prezidentinin yerli mediaya müsahibəsi kifayət qədərdir, açıqlamaları da kifayət qədərdir. Onun nümayəndələri də onun fikirlərini çatdırır. Lazım olanda bundan sonra da verəcək.
XS
SM
MD
LG