Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:41

Gülər Əhmədova: «Azərbaycan prezidenti qəti mövqedə olan bir insandır»


Gülər Əhmədova
Gülər Əhmədova
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Gülər Əhmədova AzadlıqRadiosunun suallarına cavab verib.

- Gülər xanım, mayın 3-ü - Beynəlxalq Mətbuat Azadlığı Günündə «Sərhədsiz Reportyorlar», «Amnesty International» kimi beynəlxalq qurumların yaydıqları məlumatlarda Azərbaycan insan hüquqlarının vəziyyətinə, jurnalistlərin döyülməsinə, həbs edilməsinə görə tənqid edilib. Bu tənqidlərə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi kimi münasibətiniz necədir?

- Azərbaycanda toxunulmaz bir təbəqə əmələ gəlib, onlar da jurnalistlərdir. Jurnalistlər kimə nə isə edə bilərlər, ona görə ki, jurnalistdirlər. Amma onlara heç nə eləmək olmaz. Ona görə ki, jurnalistdirlər. Belə qəribə, absurd və ritorik məqam əmələ gəlib. Jurnalistlər kiminsə şəxsi həyatına, ictimai nüfuzuna ləkə yaxa bilərlər, amma onlara gərək heç kim cavab verməsin. O baxımdan, adını çəkdiyiniz beynəlxalq təşkilatlar bu məsələləri qabardırlarsa, bu deyilənlər 1000 faizdən də artıq qeyri-obyektiv məsələlərdir. O ki, qaldı kiminsə vicdan məhbusu kimi təbliğ olunmasına, bunun necə olduğunu biz artıq bilirik. Hüquq müdafiəçiləri bir-birinin arasında olan bu məsələni ictimaiyyətə açıblar. Bu işi biznesə çevirən insanlar var. Bu baxımdan da həmin təşkilatların açıqlamalarını ciddi qəbul etmirəm. Azərbaycandan qabaq bir Ermənistanın da adını çəksinlər ki, orda nələr baş verir. Nədənsə bu heç kimin yadına düşmür. Bu məsələlərin hamısı Qarabağ məsələsinin başındadır və çalışırlar ki, demokratiya adı altında təzyiqlərlə Azərbaycan rəhbərliyini psixoloji cəhətdən çökdürsünlər. Azərbaycan prezidenti qəti mövqedə olan bir insandır. Bu cür məsələlərlə onu çökdürmək mümkün deyil.

- Gülər xanım, bir yox, bir neçə beynəlxalq təşkilat eyni fikirdədir. Jurnalistlərin Hüquqlarının Müdafiə Komitəsi KİV-lərin ciddi senzuraya məruz qaldığı ölkələrin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycanın da adı var.

- Hansı senzuradan söhbət gedə bilər. Azərbaycan mətbuatında olan biabırçılıq dünyanın heç bir ölkəsində yoxdur. Fransada, Almaniyada və ABŞ-da mətbuatın yazdıqlarına da baxın, Azərbaycan mətbuatına da. Azərbaycanı tənqid edən təşkilatların heç biri azad sözün arxasında durmur, həmin təşkilatlar onlara lobbiçilik edən maliyyə qruplarının sözlərini deyirlər. Burda Azərbaycanın təbii sərvətlərinə sahib olmaq arzusu dayanır. Fransada, Böyük Britaniyada iki gənc «Facebook»da bir-iki cümlə yazmışdı, onların hər birinə 4 il həbs cəzası verdilər. Bəs bundan niyə danışılmır?...

- «Artikl 19» təşkilatının təmsilçisi Rebecca Vincent Avropa Yayım Birliyinin toplantısındakı çıxışında «Eurovision» mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda vəziyyətin pisləşməkdə olduğunu deyib. Bildirib ki, hakimiyyət bütün tənqidçiləri susdurmaq istəyir.


- Biz «Eurovision»u 1-ci yer tutub əldə etmişik. Burda qara bir şey axtarmağın nə mənası var? Kimin gözü götürmürsə gəlməsin. Biz heç kimi zorla Azərbaycana gətirmirik.

- Gülər xanım, son olaraq Sərhədsiz Reportyorlar Təşkilatının mayın 3-də açıqladığı «mətbuat yırtıcıları» siyahısına toxunmaq istəyirəm. Həmin siyahıda İlham Əliyevlə Vasif Talıbovun adları var. Orda qeyd olunur ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarının sınaqdan keçirildiyi laboratoriyaya çevirib. İlham Əliyev də onu sonradan bütün respublikaya tətbiq edir. Bu fikirlərə münasibətiniz necədir?

- Mən yenə deyirəm, bu fikirlərin hamısı qondarma fikirlərdir. Naxçıvana getmək lazımdır, orda yaşamaq lazımdır, ab-havaya baxmaq lazımdır ki, sonra bu fikirləri deyəsən. Kim –kimə oxşayır, oxşamır, mən heç kimin yerinə cavab verə bilmərəm. Amma hər halda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir, onun apardığı siyasət də bütün ölkədə davam etdirilir. Başqa əks-fikirlərin səslənməsi, məncə, çox yersizdir.
XS
SM
MD
LG