Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:49

Günel Şamilqızı "Ömür" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Günel Şamilqızı

ÖMÜR

Doğulma
Addım səsləri ayıltdı məni. Kimsə yaxınlaşır.

3 il sonra
Deyəsən, qapı...

2 il sonra
Yanılıram, döyülmür. Səssizlikdir.

1 il sonra
Döyülür. Amma eşitməkçün gərək qapıya yaxınlaşasan, qulağını söykəyəsən. Eşitdim.

4 il sonra
tıp-tıp-tıp.

2 il sonra
Tık-tık-tık.

5 il sonra
TAP-TAP-TAP!

4 il sonra
Qorxu və həyəcan. Açmaq istəmirəm. Amma hər halda belə də olmaz. Soruşuram: - Qapı döyən, kimsən?

2 il sonra
Kimsə yoğun və yorğun səslə:
- Mənəm!
Qərarım qətiləşir, açmayacağam. Qorxuram.

5 il sonra
Of! Maraq məni didir. Bu kimdir, axı? Əgər bu neçə ildə bir qapını itələməyə gücü çatmayıbsa, deməli, o da məndən qorxur. Yox e, açacağam.

5 il sonra
Açdım. Təəccüb və neçə illik qorxularıma görə təəssüf. Mən bu adamı tanımıram.

5 il sonra
Yox, deyəsən, tanıyıram. Kiməsə oxşayır. Tanıdığım kiməsə...

5 il sonra
O mənə oxşayır.

5 il sonra
İlahi, oxşamaq nədir? O, mən özüməm.

5 il sonra
Sss! Nəsə deyir. Dodaqları açılıb-yumulur. Sss! Eşitmirəm, lənət şeytana. Heç nə eşitmirəm.

5 il sonra
Bütün bədəni danışır. Ayaqları çarpazdır – qoruma instinkti. Əlləri yumuludur, ovuclarını gizlədir – sirləri var. Dodaqlardan da oxumağı da öyrənəcəyəm.

5 il sonra
Öyrənmişəm. Amma nə fayda? O daha dodaqlarını tərpətmir. Susub. Bu qapalı qırmızılığa baxmayacağam artıq. Bəlkə, gözləri...

5 il sonra
Aman Allah! Baxışları ilə necə bağırırmış. Eşitdim! Hər şeyi eşitdim. O deyir ki...

5 il sonra
Məzar üstündə yazı:
- MƏN İNANMAQ İSTƏYİRƏM!
XS
SM
MD
LG