Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:03

Nazir AzadlıqRadiosunun qızıl yataqları ilə bağlı suallarını cavablandırdı


Hüseynqulu Bağırov
Hüseynqulu Bağırov
AzadlıqRadiosu Azərbaycanda 6 qızıl yatağının istismarı ilə məşğul olan şirkətlərin kimə məxsus olması ilə bağlı araşdırma aparmışdı. Araşdırmaya görə, həmin 6 qızıl yatağını («Qaradağ», «Çovdar», «Göydağ, «Dağkəsəmən» filiz sahələrinin, «Köhnəmədən» sahəsinin və «Kürəkçay» hövzəsi yataqlarının) istismar edəcək konsorsiuma prezident İlham Əliyevin qızlarına məxsus şirkətlər də daxildir.

Qızıl yataqlarının istismarı haqda sazişə Azərbaycan Hökuməti adından Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov imza atmışdı.

Hüseynqulu Bağırov bu yataqların istismarı barədə AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Siz «Çovdar» qızıl yatağında 45 ton qızıl, 165 ton gümüş ehtiyatı olduğunu bildirmişdiniz. Amma şirkətin nümayəndələri bizə müsahibəsində daha aşağı rəqəmlər göstəriblər.

- Bu, yeni yataqdır. Bilirsiniz ki, əvvəl axtarış aparılır, sonra kəşfiyyat. Daha sonra isə maliyyə qoyuluşunu müəyyənləşdirmək üçün daha dəqiq kəşfiyyat işləri aparılır. Bu, 2003-cü ildə kəşf olunan yataqdır. İlkin kəşfiyyatdan sonra ortaya çıxarılmış yataqdır. Yəni, burada geoloqlar səhv edə bilərlər.

- Yəni, sizin rəqəmlər doğru olmaya bilər?

- Ola bilər. Bu, təbiidir geologiyada. Yeri gəlmişkən, sovet dövrünə müəyyənləşdirilmiş bəzi rəqəmlər də öz təsdiqini tapmayıb. Məsələn, «Anglo Asian Mining Plc.» şirkətinin işlədiyi yataqlarda da fərqlər yaranıb. Elə yataq var ki, göstərilən rəqəmlər təsdiqini tapmır, heç onlar istismar etmək istəmir, bəzisində isə, əksinə, daha zəngin ehtiyat olub. Yəni, bu, yerin altıdır.

- AIMROC konsorsiumunun işləyəcəyi 6 yataqla bağlı əlavə məlumatlar var?

- Onlar «Çovdar»dan başqa digərlərində hələ geniş kəşfiyyat işlərinə başlamayıblar. Kəşfiyyat işinə başlamamışdan beynəlxalq maliyyə institutlarından maliyyə almaq mümkün deyil. Onlar üçün müəyyən texnologiya üzrə kəşfiyyatların aparılması şərtdir. Məsələn, bizim geoloqlar 5 quyuda kəşfiyyat apara bilər, amma onun intuisiyası doğru ola da bilər, olmaya da. Amma bu intuisiya ciddi iş aparmaq üçün əsas sayılmır. Burada standartlar var.
Gədəbəydə qızıl zavodu
Gədəbəydə qızıl zavodu

- Amma bu, həm də xarici şirkətlərə imkan verə bilər ki, rəqəmləri azaldıb hökumətə kələk gəlsin.

- Xeyr. Azərbaycanda saflaşdırıcı zavod yoxdur. Dünyada 2-3 saflaşdırıcı zavod var. Azərbaycanda işləyən şirkətlər qızılı saflaşdırmaq üçün İsveçdəki zavodlara göndərirlər. Deməli, müəyyən miqdarda zəngləşdirilmiş materialı ölkədən çıxarıb, orada saflaşdırıb, geri qaytarmaq lazımdır. Bu işlər isə ciddi nəzarət altında həyata keçirilir.

- AIMROC konsorsiumuna prezidentin qızlarının sahib olduğu şirkətlər də daxildir...

- Bu barədə bizim məlumatımız yoxdur. Bu, sizin ehtimalınızdır.

- Bu ehtimal deyil, bizdə sənədlər var. Siz araşdırmamısınız bu şirkətləri?

- Bizim heç ixtiyarımız da yoxdur bunu araşdırmağa. Şirkətin direktoru var, şirkətin təklifi var. Təklif əsasında danışıq aparılıb və müəyyən nəticəyə gəlinib.

- Amma bağlanmış sazişin ratifikasiyası zamanı bildirilib ki, bu şirkətlər araşdırılıb, kimə məxsus olduğu da bəllidir. Yəni, sonradan siyasi problemləri olmasın.

- O, bizim məsələ deyil.

- Bəs, kim araşdırıb?

- Siz jurnalistsiz, bunu siz müəyyənləşdirin.
Qızıl
Qızıl

- Amma Azərbaycan hökuməti adından bu sazişə Siz imza atmısız.

- Mən öz səlahiyyətlərim çərçivəsində fəaliyyət göstərmişəm. Həmin fəaliyyətdə də sizin qoyduğunuz sualların bu mənada araşdırılması tələb olunmur.

- Ümumiyyətlə, o şirkətlər ilk olaraq Ekologiya Nazirliyinə müraciət edib, yoxsa Prezident Administrasiyasına? Çünki prezidentin sərəncamı var ki, bu sənədləri Siz hazırlayasız.

- İndi demək çətindir. Gərək baxaq. Məktubları təhlil etmək lazımdır.

- Yəni, yadınızda deyil bu təklifi siz Prezident Administrasiyasına təqdim etmisiz, yoxsa Prezident Administrasiyası Sizə təqdim edib?

- Yox. Təqdimat prosesi olub. Nə vaxt bu şirkət ölkəyə gəlib, necə gəlib və başqa sualları araşdırmaq olar. Amma indi yadımda deyil.

- Bu məsələ maraq konflikti, korrupsiya elementi kimi nəzərdən keçirilir.

- Siz müəyyən mövqe sahibisiniz.

- Söhbət mövqedən yox, faktlardan gedir

- Bu məsələni istədiyiniz istiqamətdə müzakirədən keçirmək istəyirsiniz. Biz qanunazidd heç bir hərəkət etməmişik.
XS
SM
MD
LG