Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

Elçin Əlibəyli: "Ədəbiyyat verilişlərinə ehtiyac yoxdur"


"Mirşahindən, Orxandan umduğumuz üçün küsürük"
Gözlə

No media source currently available

0:00 0:54:24 0:00
Direct-ə keçid

"Mirşahindən, Orxandan umduğumuz üçün küsürük"

-

Şərif Ağayar: Vaqif Mustafayev gələndən sonra orda yaradıcılıq ruhunu məhv elədi. Çox istedadlı bir adam, çox istedadlı bir rejissordu, amma gələn kimi məhz ilk zərbəni ədəbiyyata vurdu. Tamamilə rədd elədi. Və bu dəqiqə İlham Mirzəyev, onun o falçı xarakterli etiraf verilişi daha qabarıq görünür.

Elçin Ə:

- Şərif bəy, İlham Mirzəyev fəlsəfə doktorudu , Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəridir.

Şərif A:

- Həzrət Əli deyir ki, danış, deyim kimsən, İlham Mirzəyev...



TV-lərdə ədəbiyyat proqramları niyə az qala yox dərəcəsindədir?

AzadlıqRadiosunun “Pen klub” proqramında bu mövzuda müzakirəyə telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli, yazıçı Şərif Ağayar və İstanbulda çalışan azərbaycanlı jurnalist Mayis Əlizadə qatılıblar. PROQRAMI DİNLƏ


Elçin Ə:

- Bir çox mövzular kimi ədəbiyyat mövzusu da bu gün ya televiziyalarda azdı, ya da ümumiyyətlə görünmür. Bu problem var. Məncə bunun əsas səbəbi odur ki, bu gün Azərbaycan ədəbiyyatı ilə Azərbaycan televiziyaları arasında böyük uçurum var. Sanki televiziyada olan insanlar ədəbiyyatdan çox uzaqdırlar. Ciddi ədəbiyyatçılarımız da ya televiziyalara getmək istəmirlər, yaxud da o layihələrə bir qədər qeyri-ciddi baxırlar. Və arada bir qrup heç kimə yaramayan, özünü ədəbiyyat adamı hesab edən istedadsızlar bu boşluqlardan istifadə edib televiziya verilişlərində çox görünürlər. Nəticədə ədəbiyyat haqqında mənfi rəy yaranır, qarşıya qoyulan məqsədə də nail olunmur.

İlqar R:

- Anma siz mütaliəli adam kimi tanınırsınız, demək hər halda televiziyalarda ədəbiyyata yaxın adamlar var.

Elçin Ə:

Elçin Əlibəyli və İlqar Rəsul (sağda)
Elçin Əlibəyli və İlqar Rəsul (sağda)
- Var əlbəttə. Mən ümumi mənzərəni deyirəm. Mən hamını demədim. Amma açıq deyək ki, problem var və xüsusən də gənc jurnalistlərdə hiss olunur. Sanki Azərbaycan ədəbiyyatından bir uzaqlaşma var. Səbəblərdən biri budur. İkinci səbəb də dediyim kimi, bizim ciddi ədəbiyyatçılarımızın televiziyalardan bir qədər gen gəzmələridir.

İlqar R:

- Şərif bəy, niyə ciddi ədəbiyyatçılar televiziyalardan gen gəzirlər ?

Şərif A:

- Mən öz baxış bucağımdan müşahidə etdiklərimi deyə bilərəm əlbəttə. Məsələn, mən çoxlu verilişlərdən imtina etmişəm. Məni Xocalı, ədəbiyyat, Qarabağ mövzusu ilə bağlı bir verilişə dəvət etdilər. Məlum oldu ki, biz bu məsələləri Nisə Qasımovanın verilişində müzakirə edəcəyik. Və mən təbii ki, etiraz etdim. Söhbət aparıcının şəxsiyyətindən getmir əlbəttə. Kimisə incitmək fikrində də deyiləm. Sadəcə, Nisə xanım bir müğənni olaraq şou proqram aparırdı. Mən hesab etdim ki, “Xocalı”, “ədəbiyyat” və sair bu kimi ciddi məsələləri onun verilişində müzakirə etmək olmaz. Yəni mənim daxilimdə belə bir əxlaq var. Şəxsən elə adamlar mənə zəng edib nədən o verilişdə iştirak etdiyimi soruşardılar, bu nə söhbət, bu nə hərəkət idi etdin - deyərdilər və mən utanardım. Çox olub bu cür hadisələr. Ədəbiyyat verilişi yoxdur, bu başqa söhbətdir. Amma ədəbiyyat adamlarını elə verilişlərə çağırırlar ki, el dili ilə desək, adam çıxıb ora biabır olur.

Məsələn, bu yaxınlarda bir neçə çox istedadlı qələm adamımızı aparıb çox mənasız repçilərlə üz-üzə qoymuşdular. Seyran Səxavət də orada idi və gördüm ki, o hara gəldiyini sonradan anlayaraq şoka düşüb. Mən başa düşürəm, aparıcı üçün ziddiyyətləri göstərmək maraqlıdır. Amma unutmayaq ki, ədəbiyyat bir az ciddi sahədir. Onun da öz şou tərəfini qurmaq və publika qarşısına çıxmaq olar.

Məsələn, Elçin Əlibəylinin “El içində” verilişi var idi. Mən o verilişə hətta tamaşaçı kimi də dəvət olunanda gedirdim. Veriliş, etiraf edək ki, bir az şou xarakterli idi. Amma orada çox ciddi müzakirələr gedirdi. O verilişdəki bir-iki dəqiqəlik çıxışlarımız illərlə yazdığımız yazılarımızdan daha çox effekt doğururdu. Məsələn, mən rayonlara gedəndə yaxınlaşıb verilişdəki fikirlərimə münasibət bildirirdilər. Yənu bu cür verilişlər etmək olar.

Ancaq elə məşhur verilişlər də var ki, baxırsan, aparıcı yaraşıqlı bir xanımdır, di gəl adi şeirdən elə sullar verir ki, gülmədən seyr etmək mümkün deyil. Yəni nəyisə bilməmək olar. Ancaq daha ümumiyyətlə məsələdən xəbərsiz olaraq verilişi aparmaq düzgün deyil. Deyək ki, İsa Hüseynovun adını eşitməyib Azərbaycan nəsrindən söhbət etmək, bax bu biabırçılıqdır. Təəssüf ki, teleməkanımızda belə şeylər çox müşahidə olunur.

İlqar R:

- Elçin bəy, nə mane olur ki, televiziyalar Şərif bəyin dediyi kimi verilişlər hazırlamırlar? Hər halda televiziyalarda bacarıqlı mütəxəssislər ver.

Elçin Ə:

- Əslində məsələ belədir ki, biz ədəbiyyatı bir az başqa cür başa düşürük. Amma əslində restoran, tamada şairlər səviyyəsində olan bir şey deyil ədəbiyyat. Yəni ciddi Azərbaycan ədəbiyyatı var və bu ciddi ədəbiyyatın da çox ciddi problemləri var. İnan ki, bunlar böyük mübahisəyə, bəzən də əlbəyaxa qarşıdurmaya gətirib çıxarda biləcək problemlərdir. Bu fikir problemidir, üslub problemidir və sairə. Sadəcə, o prosesin içində olmaq və əsas fikir söyləyən insanları tanımaq lazımdır. Məncə, yazarların qəzetlərdə köşələrini oxumaqla, bloqlarında, çıxışlarında əsas fikirləri ilə tanış olmaqla kimin nə istədiyini bilmək və bununla da kimin nə istədiyini öyrənmək, ümumi mənzərəni müəyyən etmək mümkündür.

Əslində cəbhələşmə var və bu, təkcə nəsil, yaxud siyasi cəbhələşmələr deyil. Çox ciddi yaradıcı cəbhələşmə də var və bunun üzərində kifayət qədər maraqlı verilişlər qurmaq olar. Şəxsən mən ədəbiyyatla bağlı çoxlu verilişlər etmişəm. Kitabla, müasir ədəbi proseslər və sair məsələlərlə bağlı çox müxtəlif mövzulara toxunmuşam. Yəni mənə elə gəlir ki, heç nə mane olmur.

İlqar Rəsul:

- Mais bəy, Türkiyədə ədəbiyyat proqramları çoxdumu və onların ictimai rəyə təsiri nə qədərdir?

Mayis Əlizadə:

- Bilirsiz, ümumiyyətlə, ölkə iqtidarının ədəbiyyata, sənətə baxışı necədirsə, TV-lərdə də bunun təsiri olur. 90-cı illərdə Türkiyədə çoxlu TV kanalları, xüsusən də özəl kanallar açıldı və ölkə səviyyəli televiziyaların ədəbiyyata böyük marağı vardı. Çoxlu proqramlar açıldı. Amma AKP hakimiyyətə gələndən sonra bu sahədə geriləmə oldu. Bu gün TV-lərdə Əziz Nesinin, Nazim Hikmətin adını demək olar ki eşitməzsiz. Eşitsəniz də tamam başqa aspektdə eşidərsiz. Yəni onlardan öz dövrlərinin siyasi iqtidarına qarşı bir vasitə kimi istifadə edirlər.

Əlbəttə, bəzi özəl kanallarda yenə də ciddi ədəbi proqramlar var, xüsusən də yeni kitabları, yeni yazarları tanıdırlar. Yaxud tanınan yazarlarla bağlı mübahisəli məsələlər yarananda dəvət edirlər, müzakirə açırlar. Yaxud bu yaxında Orxan Pamuk muzey açdı, bu, ədəbiyyat proqramlarında geniş işıqlandırıldı. Amma indi Türkiyədəki siyasi iqtidar ədəbi proseslərə müdaxilə etməyə çalışır sanki, cəmiyyət mühəndisliyi yox, ədəbiyyat mühəndisliyi etmək istəyir sanki. Baş nazir və başqa vəzifəlilər səviyyəsində fikirlər səslənir bu yöndə... Məsələn, deyirlər, teatrları özəlləşdirəcəyik. Bu haqda hökumətin qərarı hazırlanır.

Yaxud bələdiyyələrə elə məmurlar gəlir ki, artıq repertuarı sənət adamları müəyyən etmir. Yəni bu, Əziz Nesinin, Nazim Hikmətin əsərlərinin teatra yolunun bağlanması anlamına gəlir. Ümid qalır müxalifətin əlində olan bələdiyyələrə və həmin bələdiyyələrin teatrlarına. Bu adları orda görmək olar.

Mühitdən çox şey asılıdır. Əgər bir millət vəkili ictimai televiziyada - TRT-də 1993-cü ildə Əziz Nesini yandırmaq cəhdinə haqq qazandırırsa, deməli belə TV-lərdə həqiqi proqramlar hazırlamaq mümkün ola bilməz. Xüsusən Türkiyənin sol düşüncəli yazarlarına hakimiyyətlə bağlı TV-lərin ögey münasibəti var.

İlqar R:

- Elçin bəy, hansı təcrübə var ki, o sizin üçün maraqlıdır?

Elçin Ə:

- Məsələn, Rusiya təcrübəsi mənim üçün çox maraqlıdır. Rusiya təcrübəsində demək olar ki, əksər kulturoloji, sosial problemlərin həllində ədəbiyyat adamları çox fəal iştirak edir. Onların fikri çox vacibdir. Çünki, oxucuları var və onlar həqiqətən də yönəldici rol oynayırlar. Azərbaycanda da yazarlarımızın kifayət qədər oxucuları var və bu özünü onların köşə yazılarının, hər hansı məqalələrinin nə qədər populyar olmasında özünü göstərir. Və bütün bunların televiziya variantı mümkündür. Məsələn, NTV-nin çox məşhur layihəsi var. Orada ədəbiyyat adamları çox fəal iştirak edirlər. Xüsusən də müasir nəsil. Onlar məsələn, bir dəfə “Rus ədəbiyyatının sonu” adlı mövzu qoymuşdular. Çox ciddi məsələlər qoyulmuş gözəl veriliş idi. Hətta mən o verilişi ikinci dəfə - təkrar seyr etdim. Yəni o cür verilişlər qoymaq olar. Bilirsiniz də, televiziya dramaturgiya üzərində qurulub. Televiziya ədəbiyyatdan kənarda mövcud ola bilməz. Televiziya adamı ədəbiyyatla bağı, ədəbiyyat oxuyan, izləyən adam olmalıdır. Yalnız ədəbiyyat verilişləri etmək üçün yox, həm də ona görə ki, üslubu formalaşsın.

Şərif A:

- Çünki, dediyiniz dramaturgiya ilk dəfə bədii əsərdən gəlir, dramaturgiya ilk dəfə bədii əsərdə qurulub.

Elçin Ə.

- Bəli, elədir. Televiziya verilişinin dramaturji modeli var. Verilişin əvvəlində ortasında və sonunda nələr olmalıdır.

Şərif A.

- Elçin Əlibəyli çox gözəl bir məqama toxundu. Azərbaycan efirində olan gənclərin mütləq əksəriyyəti Azərbaycanın yeni ədəbiyyatından xəbərsizdir. Mən tanıdığım, gördüyüm adamlarda müşahidə etdiyim bir həqiqətdir bu. Bu adamlar demək olar ki,
Mayis Əlizadə
Mayis Əlizadə
heç kimi oxumurlar. Və ona görə də ilk olaraq efirdə, hətta bəzi radio verilişlərində, internet saytlarında ziddiyyəti yaşlı nəsillər arasında qururlar. Söhbət bu gün Azərbaycan ədəbiyyatında estetik savaşdan gedir. Və deyim ki, klassik üslub, şərq modeli ilə axundovçular arasında hazırda olan elə böyük estetik ziddiyyət var ki, bu deyək ki, Anara, Kamal Abdullaya münasibətdən daha ciddi məsələdir. Yəni bunların estetik kökünü bilmək, ağrıyan nöqtələrini romanlardan daha çox, Elçin Əlibəylinin bayaq dediyi o köşələrdə hiss etmək, müəyyənləşdirmək olur.

Yəni ədəbiyyat adamını ardıcıl izləmək lazımdır ki, onları yaxından tanıyasan və verilişinə dəvət edəndə onu tərpədəcək suallar verə biləsən. Amma indiki halda mən verilişdə olanda elə suallar verirlər ki, yayınmaqdan başqa əlacım qalmır. Çünki efirdir. Amma qəzetdə belə sual veriləndə gülüb xahiş edirəm ki, o cür suallar verməsinlər.

İlqar R.

- Elçin bəy, bu günlər hara baxırıq “Eurovision”un işarəsini görürük və bilirik o nədir. Kitabı, ədəbiyyatı da belə təbliğ etmək olmazmı efirdə?

Elçin Ə.

- “Eurovision”, yəni ümumiyyətlə bu janr - “pop”dur. Yəni kütləvidir. Ədəbiyyat isə kütləvi deyil. Açıq deyək ki, ədəbiyyatın kütləvi olmaq şansı da yoxdur. Çünki ciddi ədəbiyyat daha intim, daha çox bir nəfərin oxunuşu, daha kiçik həcmlidir. Ona görə də o cür yanaşma effekt verməz məncə.

İlqar R.

- Amma sovetlər dönəmində piano və kitab çox populyar idi. Demək olar ki, əksər evlərdə var idi.

Elçin Ə.

- Sovetlər elə bir dövr idi ki, orada hər şey çox başqa cür idi.

İlqar R.

- Bəlkə bu dövrdə də başqa cür eləmək olar?

Elçin Ə.

- Onu deyə bilmərəm, çünki o dövrdə yaşamamışam. Amma mən bir dəfə o dövrün qocaman-yəni 75 yaşlı bir qələm əhlindən soruşdum ki, niyə yazıçı oldunuz? Dedi ki o vaxt yazıçı olana bağ, maşın və sair verirdilər. Yəni sovet dövründə o cür yazıçılar da var idi. Yəni məncə biz heç nəyi örnək götürməyək. Söhbət bu gün nədən gedir, yəni biz ədəbiyyatın populyarlaşdırılması problemini həll edirik, ya ümumiyyətlə ədəbi verilişlər məsələsini? Məsələn, mənə elə gəlir ki, ədəbi verilişlərə ehtiyac yoxdur. Çünki ədəbi veriliş anlayışı yoxdur. Bütün verilişlərdə ədəbiyyat olmalıdır. Mən çox istərdim ki, bütün səhər proqramlarında kitab rəfi olsun. Amma bir nəfərin milli geyimdə oturub qarşısına kitab qoyması şəklində yox. Çox dinamik şəkildə, hansı yeni kitablar çıxıb o barədə danışsın. Və hətta müəllif öz kitabından bir-iki kəlmə söz də deyə bilər.

Məsələn, Puşkinin yubileyində bütün Rusiya onun şeirlərini deyirdi və bunun televiziya çarxlarını hazırlamışdılar. Hətta sonda siyasətçilər dedilər şeiri.

İlqar R.

- Deməli variantlar var.

Elçin Ə.

- Məsələn, son dövrlərdə Fyodor Dostoyevskinin bir neçə əsərinin yenidən serial versiyası çıxdı. “İdiot” serialından sonra “İdiot” kitabının satışı iki dəfə artdı və kitab son on ilin satışına görə üçüncü yerə qalxdı (Birinci yer Puşkin, ikinci yer Harri Potterdir-E.Ə.). Və serialın burada çox böyük təsiri oldu. Demək serial çəkilir, onun anonsları gedir, üstəlik bu serialın televiziyalarda müzakirəsi təşkil olunur, ziddiyyətli, hətta Dostoyevskinin əleyhinə olan fikirlər səslənir. Amma tammaşaçı bu prosesi izləyir və oradan nəsə götürür. Yəni dediyim odur ki, onun da televiziyasayağı formalarını tapmaq olar. Sadəcə, bunu axtarmaq lazımdır.

İlqar R:

- Şərif bəy, məsələ aydındır, yazıçı köşə yazır ki, heç olmasa müəyyən problemlərini həll etsin, qonorar alsın. Bunun özü konkret olaraq artıq sistemləşmiş bir prosesdir. Demək olarmı ki, televiziyaların da öz xərci-borcu var, ona görə də hansı verilişlər ki, onlara yaxşı gəlir vəd edir, ona üstünlük verirlər?

Şərif A:

- Bu reytinq məsələsi ilə bağlı çox oxuyuruq. Bunu Elçin müəllim daha yaxşı bilər. Deyirlər ki, ədəbiyyat verilişlərinə baxılmır. Bir dəfə televiziyada demişdim ki, bizim xalqımız mənim həyat və yaradıcılığımı Namıq Qaraçuxurlunun meyxanalarına çoxdan dəyişib. Ona görə mənim belə bir iddiam yoxdur. Yəni bu xalqla çox çətin məsələdir. Kitabdan qaçan, çox yüngül, bayağı şeylərə meyllilik... bəlkə də bunu belə ediblər, mən bilmirəm necədir vəziyyət, doğurdan da kitabdan elə bil qorxurlar. Nəinki mənim kitabımı, hətta Qurani-Kərimi də oxumurlar. Yəni kitaba qarşı belə fəlakətli münasibət var. Televiziyalar müəyyən mənada güzəştə getməlidilər, biz onların üstünə top-tüfənglə getmirik, bir umacağımız yerdir bura. Xüsusən də istedadlı adamların işlədiyi televiziyalar. Yazılarımda ən çox ANS-i tənqid edirəm. Soruşurlar ANS-dən nə istəyirsiniz? Yeganə umacağımız yer buradır. Orda Orxan Fikrətoğlu var, Mirşahin var, biz bilirik ki, bunlara kitab haqqında nəsə deməyə ehtiyac yoxdur. Onlar da bilirlər. Ancaq imkan daxilində bu təbliğatı niyə etmirlər, bu mənə çatmır. Heç olmasa bir ciddi ədəbiyyat verilişi olsun. Düzdür, Elçin bəyin dediyi model bizdə çox çətindir. Yəni bizdə o cür adamlar yoxdur. Bizdə o cür tanınmış adamlar da çox vaxt gəlib yaltaqlıq edirlər. Öz karyeraları üçün yaltaqlanmağa başlayırlar, düz danışmırlar. Çox tanınmışlar, təbii ki, söhbət hamısından getmir, efirə çıxan kimi görürsən ki, ümumiyyətlə həqiqi ədəbi mühitdən çox uzaq, cavanların problemini bilməyən, son dövrlər baş verən ədəbi prosesdən tamamilə xəbərsiz, elə bil Marsdan gəlmiş bir adamdır, və qarnından başqa
Şərif Ağayar və Elçin Əlibəyli (sağda)
Şərif Ağayar və Elçin Əlibəyli (sağda)
bunu heç nə maraqlandırmır. Yəni adam ədəbiyyatdan da, yazmaqdan da iyrənir, həvəsdən də düşür. Ona görə də mən açıq deyirəm, Azərbaycan efirinə demək olar ki, çox vaxt baxmıram, yalnız müəyyən xəbər proqramlarını izləyirəm, indi xarici serialları da götürüblər efirdən, tamamilə boşluqdur. Bir ədəbiyyat proqramı adı deyin, nə var indi? Bircə mən Anarın apardığı verilişi deyə bilərəm, doğurdan da o veriliş maraqsız veriliş deyil. Ancaq Anar müəllim və həmin yaşda olan bizim tanınmışlar ölüləri daha çox sevirlər.

İlqar R:

- Orda daha çox klassikadır.

Şərif A:

- Deyirəm də, ölüləri daha çox sevirlər, hətta o ölüləri ki, bu günə təsirləri yoxdur. 50 il əvvəl ölən adam, tutaq ki, Eldar Baxış, bu günə az-çox təsiri ola bilər. Onlar isə neçə əsr bundan əvvəl ölmüşlərdən, məsələn Qalileydən danışa bilərlər, Yunis Əmrədən, o da dərin fəlsəfəsindən yox. Yəni Yunis belə Allahı sevirdi-filan, yəni zərərsiz söhbətlər. Başqa ədəbiyyat verilişi yadıma düşmür. Səhər proqramları var, xanımlar aparırlar, baxmaq mümkün deyil, şəxsən mən baxa bilmirəm, adamın gülməyi gəlir.

Ciddi bir ədəbi problem, tok-şou şəklində ciddi bir mövzu qoyub təqdim edən verilişlər mən görməmişəm. Yadımdadı bir dəfə “Space” edirdi belə şeyləri. Bir müddət nəsillərlə bağlı problemləri də ilk dəfə onlar efirə çıxartdılar. Təbii ki, o vaxt Space-ə başqa adamlar rəhbərlik edirdi. Çox maraqlıdı ki, Vaqif Mustafayev ora gələndən sonra yaradıcılıq ruhunu məhv elədi. Çox istedadlı bir adam, çox istedadlı bir rejissordu, amma gələn kimi məhz ilk zərbəni ədəbiyyata vurdu. Tamamilə rədd elədi. Və bu dəqiqə İlham Mirzəyev, onun o falçı xarakterli etiraf verilişi daha qabarıq görünür.

Elçin Ə:

- Şərif bəy, İlham Mirzəyev fəlsəfə doktorudu , Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəridir.

Şərif A:

- Həzrət Əli deyir ki, danış, səni görüm. İlham Mirzəyev kim olur-olsun, məni maraqlandırmır. Mən efirə baxıram, adam ağzını açanda bilirəm nə yuvanın quşudu və nə bilir, nə oxuyub? Bu mənə də aydındı və qəribədi ki, məndən daha çox Vaqif Mustafeyevə aydındı. Amma məsələ budu ki, nə isə bu işi eləmirlər. Təkcə V.Mustafayev yox, Mirşahinin adını çəkdim, dostum Orxan Fikrətoğlunun adını çəkdim. Çoxlu istedadlı insanlar var bizim televiziyalarda. Yenə deyirəm bu tənqiddən daha çox ummaq məsələsidi yəni. Mən bu adamlardan küsürəm ki, ədəbiyyatın təbliği üçün nəsə edə bilərdilər.

İİlqar R:

- Elçin bəy, əslində siz də bilirsiz ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru və yaxud akademik olmaq indi göstərici sayılmır.

Elçin Ə:

- Yox, mən sadəcə Şərif bəyə bir arayış verdim, mən gedib kiminsə elmi işini oxuyası deyiləm. Fikirləşirəm insandı, alimdi, akademiyanın mətbuat xidmətinin rəhbəridi, yaxşı veriliş apara bilər. Etimad göstərirlər.

İlqar R:

- Hər halda siz də bilirsiz mən nə deyirəm.

Şərif A:

- İndi həmin İ.Mirzəyev gəlib bizə sübut edə bilər ki, doğurdan da sənin arzuladığın verilişdən daha çox mənim tamaşaçım var və burda mən ona uduzuram.

İlqar R:

- Elçin bəy, olmazmı bayaq Şərifin dediyi kimi televiziyalar güzəştə getsin. Yəni bir az güzəştə gedirlər və ümumi kampaniya təşkil olunur, hərə bir veriliş hazırlayır. Bu verilişlər öz aralarında rəqabət aparırlar və iş gedir. Buna nə mane olur sizcə?

Elçin Ə:

- Sosial sifariş. Birincisi buna sosial sifariş yoxdu.Əgər görünsə ki, sosial sifariş var, doğurdan da buna gedərlər. İkincisi Şərif bəy maraqlı məsələyə toxundu. Televiziyalarda ədəbiyyat adamları, ədəbiyyata yaxın adamlar çoxdur. Amma bu çox azlıq edir ki, ədəbiyyat verilişləri yaransın. İctimai TV-də mən tanıdığım istedadlı ədəbiyyat adamları çalışır və onlar da bəzi şeylər edirlər. Bunu danmaq olmaz. Yəni ən azından ictimai TV-də bir neçə dəfə mən baxmışam, xoşuma gəlib. Amma məsələ bilirsiz nədədi? Bizim ədəbiyyat adamlarının zövqünün də hamısı eyni deyil. Bir az başqa zövqlü adamlar var. Samovar yanında, küp yanında kimsə şeir deyir. Belə verilişlərə daha çox üstünlük verirlər, nəinki müzakirəyə.

Şərif bəy gəlirdi müzakirəyə, amma bizim bir çox adamlarımız, qələminə, cəsarətinə hörmət etdiyimiz ədəbiyyat yazarları var ki, onlar o cür verilişlərə gəlmirlər. İstədiyi də o olurdu ki, orda bir samovar olsun, çay olsun, küp olsun mən şeir deyim. Ədəbiyyat adamlarının o istəkləri də var

Şərif A:

- Kiflənmiş adamları efirə çağırmaq lazım deyil.

İlqar R:

- Başqa estetika aşılamaq olmaz? İzah el\mek olmazmı ki, o şax-şəvəlin arasında sən diqqətdən kənarda qalırsan, gülə, çiçəyə diqqət yönəlir?

Elçin Ə:

- Onun kitabının üz qabığına baxanda görürsən ki, estetik zövqü budur da.

İlqar R:

- Kitabı olmayanı çağırsınlar.

Elçin Ə:

- Fərqi yoxdur, mən ona görə kitabı olan dedim ki, onun estetik zövqü budur, mən onu necə dəyişə bilərəm. Bəzən biz milliliyi kəndçiliklə səhv salırıq bu məsələlərdə. Millilik
təkcə küp, xalça deyil axı. Bu, eksponatçılıqdır. Milliliyin daha dərin tərəfləri var. Bir vaxtlar, şam və lələk vardı, indi də şamı başqa şeylə əvəz ediblər. Ona görə də, müasir, müzakirəli ədəbi veriliş etmək üçün ədəbiyyat adamlarının özlərində də həvəs yoxdur.

Şərif A:

- Türkiyədə Sunay Akının “Yaşanan dəqiqələr” adlı bir ədəbiyyat proqramı var. Azərbaycan 50 ildən sonra da elə bir veriliş hazırlaya bilməyəcək. Həm şer oxunur, həm müzakirələr gedir. Olduqca gözəl verilişdir. Və yaxud Atilla İlhanın mühazirələri var.

İlqar R:

- Niyə hazırlaya bilməyəcək, mütəxəssis yoxdur, ya imkan?

Şərif A:

- Görünür, bizdə həm də bu cür adamlar yoxdur. O cür istedadlı adamlara da o cür imkan verilmir. İmkanı olan adamlarda da o qabiliyyət yoxdur. Atilla İlhanın mühazirələri var, bütün mövzulardan danışıb. O öləndən sonra belə tamaşaçıların xahişi ilə onları verirdilər. O qədər maraqlı, həqiqi, vicdanlı və enerji ilə danışır ki, şəxsən mən heyrət edirəm ki, bizdə niyə belə adam yoxdur? Bizdə o yaşda olan adam yalnız qarnı haqqında düşünür efirə çıxan kimi. Təbii ki, bu fikir hamı haqqında deyil, ancaq əksəriyyət bu cürdür.

İlqar R:

- Yaşlıları buraxaq, Elçin Əlibəyli, elə veriliş hazırlayıb Şərif Ağayarı dəvət edərdiz?

Elçin Ə:

- Çağırmışam da.

İlqar R:

- İndi də çağırardınız?

Elçin Ə:

- Əlbəttə çağıraram. Çünki Şərif Ağayar mənim üçün çox maraqlı adamdır. Kifayət qədər ziddiyyətli, dərin, emosional adamdır. Onun elə bir emosional həddi var ki, mən bilirəm, o həddə o hətta səsini qaldırıb öz sözünün arxasında dura və mövqeyini müdafiə edə biləcək. Adam ədəbiyyatı, dili dərindən bilir, adamın oxucusu var. Bu artıq mənim üçün obyektdir, yəni bir qonaq olaraq mənim üçün çox maraqlıdır. Eləcə də məsələn, Aqşin. Aqşin mənim üçün çox maraqlı qonaqdır, çünki orijinal fikirləri var, oxucusu var.

İlqar R:

- Bəs studiyanı necə qurardınız onda? Küp qoymayacaqsınız, bilirəm, xalça da olmayacaq.

Elçin Ə:

- NTV-ni misal çəkdim bayaq. Oradakı bəzi proyektlər var. Dekorasiya elə qurulub ki, yuxarıdan baxanda artıq görürsən ki, burda döyüş gedəcək. Yəni dekorasiyanın həlli fikrin həllini göstərir. Bəzən mənə deyirdilər siz niyə qalmaqallı verilişlər edirsiniz, niyə orda hamı qışqırır? Gedin Rusiya telekanallarına baxın, müzakirə olanda adam qışqırar da, öz haqqını da tələb edər. Jirinovski ilə Alla Puqaçovanın ən məşhur dialoqunu götürək. Necə demək olardı ki, niyə qışqırırsınız? Oturaq sakit, hamımız bir-birimizə can deyək, can eşidək, olsun yaxşı proqram? Yəni məsələ bundadır ki, bu modelə də hazır deyillər. Ədəbiyyat verilişində də məhz o sərt oyunu dekorda, hətta mən deyərdim ki, ümumiyyətlə bütöv rəng kompozisiya həllində saxlasaq, tamaşaçı da ona baxacaq, çünki artıq bilir nəyə baxır və hansı ruhdadır. Və təbii ki, bunu günorta efirində yox, mütləq axşam saat 11-dən sonra vermək lazımdır ki, insan artıq bütün işlərini bitirib nəyisə dinləmək istəyir.

Şərif A:

- Ümumiyyətlə, mənim bir faciəvi qənaətim var, istəyirəm onu sizin verilişinizdə deyim. Uzun mübarizələrin, mübahisələrin nəticəsi olaraq mən artıq bu gün belə düşünürəm ki, Azərbaycanda ədəbiyyat heç kimə lazım deyil. Nə ədəbiyyat qurumlarına, nə ədəbiyyat saytlarına. Azərbaycanda bu gün 5-10 nəfər fədakar gəncdən başqa həqiqi ədəbiyyat üçün bir iş görən, döyüşən adam görmürəm. Onlar da, təəssüf ki, o köşə yazılarının ümidinə, yaxud da hansısa miskin maaşla bir işin ümidinə qalıblar. Azərbaycan ədəbiyyatı bu gün fədakarların ümidinə qalıb. Biz yaşamaq üçün gedib tamamilə ayrı işlə məşğul oluruq, və fədakarcasına arvaddan, uşaqdan, işdən, vaxtdan oğurlanıb bir hekayə, bir povest yazırıq. Və hətta belə bir zülmün, sosial məşəqqətin içərisində kimsə bir roman yazıb ortaya qoyursa, adamın ürəyi də gəlmir ki, onu tənqid eləsin. Çünki o, ancaq alqışa layiqdir, bax bugünkü Azərbaycan reallığında satış o həddə deyil ki, bu adam normal qonorar alsın. Düzdür, indi əvvəlki kimi deyil, “Qanun” nəşriyyatı nəsə bir az bu prosesi başlayıb. Ümidvarıq ki, bu proses gedəcək və yazıçı heç olmasa yazdığı əsərdən nəsə bir şey götürə biləcək. Məndən misal çəkirsiniz, mən özümü qoydum kənara. Bəlkə qabiliyyətim, istedadım o həddə deyil. Ancaq tutaq ki, Həmid Herisçi kimi bir adamın kitabı əgər heç olmasa beş min tirajla satılmırsa və bu cəmiyyətdə heç olmasa 5 min nəfərin bu boyda adam haqqında məlumatı yoxdursa, bu artıq fəlakətdir. Burda artıq problemdən yox, fəlakətdən söhbət gedə bilər. Mən Həmidi dedim, amma çoxlu belə istedadlı insanlar var. Məsələn Xanəmir. Beş min adamın təsəvvürü yoxdur ki, Azərbaycanda belə bir orijinal adam var, tamamilə fərqli düşüncəli, fərqli enerjili bir insan yaşayır, yazır-pozur, ömrünü buna həsr edib. Heç olmasa beş min adamın bundan xəbəri yoxdursa, burda artıq fəlakətdən söhbət gedir. Bayaq Türkiyədəki dostumuz sol düşüncədən danışdı, mən türk mühitini izləyirəm, ona görə də onun fikirlərinə etiraz etmək istəmirəm. Həmin o sol düşüncə ki, Əhməd Qayanı Türkiyədən didərgin salmışdı, milyonların sevgisi Əhməd Qayanı Türkiyəyə qaytardı. Ancaq bu gün Azərbaycan ictimaiyyətinin ümidi olub ədəbiyyatın həqiqəti üçün ortalığa atılmağa adam risk etmir. Şəxsən mən ürək etmirəm. Çünki, bilirəm ki, hansısa bir vəzifəli adamın məndən zəhləsi getdiyi an ətrafındakılar da məni itələyəcək. Və təəssüf ki, biz belə bir xəstə cəmiyyətdə yaşayırıq. Bunun da izahını mən daha çox müstəmləkəçilik problemində görürəm. Yəni ömür boyu bizim başımız qapazlı olub, biz özümüzə sahib durmağa, özümüzü sevməyə öyrəşməmişik. Azərbaycanda o qədər istedadlı oğlanlar var ki, Mikayıl Müşfiqin halına yanan, ona poema qoşan adamlara deyirəm gəlsinlər, gedək göstərim ki, bu günün Mikayıl Müşfiqi, Əli Kərimi bunlardır, oğulsansa bir qayğı göstər, bir kompüter al ver. Ona görə də bizim işimiz ölülərlədir, olmayan boş, əfsanə söhbətlərlədir. Bizdə baş verənlər kosmetikdir, mahiyyətə təsir edəcək bir hadisə baş vermir...
XS
SM
MD
LG