Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Qırmızı Qəsəbə sakini: Allah «Eurovision»a kömək olsun!


Ötən
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə
həftə yolumuzu Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbədən saldıq. Dedik, görək buranın camaatı ölkədə gedən hadisələr barədə nə bilirlər, dolanışıqları necədir? Və nəhayət, Azərbaycan üçün son dövrün ən aktual məsələsi olan «Eurovision» barədə nə düşünürlər?

İlk öncə onu deyim ki, qəsəbə doğrudan da çox yaraşıqlı və böyük evlərlə doludur. Əsasən qırmızı, sarı, ağ örtüklü evlər tikilir burada. Qubanın digər yerləri ilə müqayisədə xeyli sakitlik olan qəsəbədə çöldə-bayırda çox az adam gözə dəyirdi. Hansısa dükanın qarşısında kimisə gözləyən kişiyə ya da evinin qarşısında oturub mürgüləyən ağsaqqala rast gəlmək olurdu. Amma bir neçə adamı bir yerdə yalnız çayxanada tapa bildik. Elə söhbətə də buradan başladıq.

Kimdən soruşduq vəziyyətiniz necədir, dedi «lap yaxşı».

- Dolanışıq varmı?

- Əlbəttə var.

RUSİYADA QAZANDIĞIMIZI BURADA QAZANA BİLMİRİK

Amma nədənsə iş yerlərindən söz düşəndə, heç kim konkret bir şey deyə bilmədi. Məlum oldu ki, çoxları bu cah-cəlalı Rusiyada işləməklə qazandıqları pulun hesabına yaradıblar.

Dediklərimi ətraflı Qırmızı Qəsəbənin sakinləri olan yəhudilərin öz dilindən eşidək. Qəsəbə sakini 51 yaşlı Sasun Yusufov vəziyyətin yaxşılığını belə izah edir:

«Biz Rusiyada işləyirik. 15 ilə yaxındır. Moskvada çalışıram. Lazım olanda, gəlib gedirik.
«Biz Rusiyada işləyirik»
«Biz Rusiyada işləyirik»
Ailəmizə pul göndəririk. Orada işləmək bizə sərf edir. Orada qazandığımızı burada qazana bilmirik. Burada bahaçılıqdır, ailə də böyükdür. 6 nəfərik. Rusiyada buradakından 3 dəfə artıq qazanmaq olur».

Burada yaşlı nəsil daha çox təqaüd və başqa ölkələrdə yaşayıb işləyən övladlarının göndərdiyi pulla dolanırlar. 80 yaşlı Psax kişi də bu baxımdan vəziyyətindən gileylənmir. Cavanlar isə mövsümi, günəmuzd işlərlə pul qazanırlar. Əlbəttə ki, hamısı yox.

ALLAH «EUROVISION»A KÖMƏK OLSUN

Söhbət əsnasında sakinlərdən Bakıda keçirilən «Eurovision 2012» mahnı müsabiqəsi barədə də fikirlərini soruşduq. Kimisi deyir «bizlik deyil», kimisi də «cavanlar gedib baxacaqlar» deməklə mövzudan yayınır.

Talxum Davudov isə istəyir ki, Allah «Eurovision»a kömək etsin.

– Mənim ondan başım çıxmaz. Bakıda olsaydıq yəqin ki, hiss edərdik. Amma burda hiss olunmur.

– Mən nə deyim, qardaşlar deyir də. Cavan uşaqlar gedib baxarlar yəqin. Televizorda baxarıq.

– Allah «Eurovision»a kömək olsun! Allah bütün Azərbaycana kömək olsun! Sülh olsun, salamatçılıq, mehribançılıq olsun. Padşahlar arasında birlik olsun. Dünya salamat olsun. Ata-babadan burada mehriban yaşamışıq, həmişə də elə olacaq.

Talxum Davudov istəyir ki, Allah «Eurovision»a kömək etsin
Talxum Davudov istəyir ki, Allah «Eurovision»a kömək etsin
75 yaşlı Şim isə deyir ki, «qocalar bilməz «Eurovision» nədir. Onlarınkı çayxanada oturub çay içməkdir».

BİR KÜÇƏDƏ 2 SİNAQOQ

Qırmızı Qəsəbədə sinaqoq-yəni yəhudilərin ibadət yeri axşam saat 8 radələrində açılır. Əvvəl ravvin gəlib qapını açır, sonra da inanc əhli yığışmağa başlayır. Yerli camaat belə deyirdi. Həmin vaxtı oturub gözlədik. Elə deyildiyi kimi də oldu. Amma bir balaca korrektə ilə. Qapını bu dəfə ravvin yox, onun köməkçisi Telman Bulaxov açdı. O, sinaqoqun yaşının 200 ildən çox olduğunu deyir. Ancaq bu ibadət yerini bərpa ediblər.

Sinaqoq çox yaraşıqlı və təmiz idi. Elə astanasına ayaq qoyan kimi anlaşılırdı ki, buraya əməlli başlı diqqət yetirilir, qayğısına qalınır. Möhkəm ağaclardan hazırlanmış qəhvəyi pilləkənlər, yaraşıqlı məhəccərlər, sürahilər, pəncərələrin haşiyələri göz oxşayır. İbadətə gələnlərin əyləşməsi üçün düzülmüş oturacaqlar da təzə və yaraşıqlı görünür.

İBADƏT ƏHLİ

Tavandan asılmış böyük çilçıraqlar içərini yetərincə işıqlandırır. Divarlardan asılmış müqəddəs yazılar, şəkillər, simvollar içərini daha zəngin göstərir. Bununla belə, yəhudilərin özlərinin də dediyi kimi, sinaqoqun əsas yaraşığı ora ibadətə gələnlərdir.

Telman Bulaxov deyir ki, yaxın günlərdə onlar küçənin o biri başındakı sinaqoqa köçəcəklər. Yayda əsas sinaqoq fəaliyyətini dayandırır. Və bir neçə aylıq bütün ayin və ibadətlər o birində
Sinaqoq
Sinaqoq
gerçəkləşdirilir.

1 MART ETİRAZLARINDAN XƏBƏRSİZ

Yolüstü həmin sinaqoqa da baş çəkdik. Kifayət qədər böyük və yaraşıqlı bir yerdir. Bir qəsəbədə, özü də eyni küçədə iki sinaqoqun olması hər halda qəsəbə sakinlərinin öz inanclarına xeyli ciddi yanaşdıqlarından xəbər verirdi.

Qırmızı Qəsəbədə olduğumuz müddətdə rastımıza çıxanlardan bu il mart 1-də Qubada baş vermiş etiraz aksiyası barədə də soruşurduq. Amma heç kim bu suala cavab vermək istəmirdi. Cavanlı-qocalı hər kəs deyirdi ki, «biz elə işlərə qarışmırıq. Hökumətimizdən də çox razıyıq».

Qırmızı Qəsəbə Quba rayon mərkəzinin 2-3 kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı yer məhz buradır. Əhalinin 99 faizi dağ yəhudilərdən ibarət olan bu qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.
XS
SM
MD
LG