Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

Dövlət Departamentinin hesabatında deyilənlər və reaksiyalar


HƏBSXANA VƏ SAXLAMA ŞƏRAİTİ

Həbsxana şəraiti hələ də sərtdir və bəzilərində dustaqlar həyati təhlükələrlə üzləşirlər, baxmayaraq ki, həbsxana infrastrukturu inkişaf etdirilir.

Güzdək həbsxanası
Güzdək həbsxanası
Cəzaçəkmə müəssisələrindəki sıxlıq, düzgün olmayan qidalanma, istilik və ventilyasiyadakı çatışmazlıqlar, su problemləri və pis tibbi xidmət infeksion xəstəliklərin yayılmasına gətirib çıxarıb.

Məhbusların sayı təxminən 20 minə çatıb. Bunların 2,1 faizi qadınlar olub. Həbsxanalarda zorlanma nadir hallarda qeydə alınıb.

Hökumət bu il müvəqqəti saxlanma təcridxanalarının vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli cəhdlər edib. Təcridxanalar yeni avadanlıqlarla təchiz olunub və binalar müasirləşdirilib.

VƏRƏMƏ QARŞI MÜBARİZƏ

Ədliyyə Nazirliyi il ərzində Qırmızı Xaç Komitəsinin həbsxanalarda vərəmə qarşı mübarizə təşəbbüsünü dəstəkləyib və ekspertlərin fikrincə, bu proqram region üçün model ola bilər.

İnfrastrukturdakı dəyişikliklərə baxmayaraq əksər həbsxanalar sovet dövründən qaldığı kimidir və beynəlxalq standartlara cavab vermir. Hakimiyyət məhbusların idmanla məşğul olmasına və ailə üzvləri, vəkillərilə görüşməsinə məhdudiyyət qoyur. Dustaqların işləməsi və təlim alması üçün çox az imkan yaradılıb.

Keçmiş məhbusların dediyinə görə, həbsxana nəzarətçiləri onlara cəza olaraq fiziki xəsarət yetirir və karserə salırlar.

Qobustan həbsxanasında aparılan monitorinqlər burda şəraitin ağır olduğunu qeyd edirlər.

POLİS VƏ TƏHLÜKƏSİZLİK XİDMƏTİ

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyə cavabdehdirlər və birbaşa prezidentə tabedirlər.

Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunları saxlayır. Milli Təhlükəsizlik Nazirliyi ayrıca daxili təhlükəsizlik qüvvəyə malikdir.


ATƏT-in Bakı ofisinin rəhbəri - Koray Targay
ATƏT-in Bakı ofisinin rəhbəri - Koray Targay
ATƏT-in Bakıdakı missiyası bildirir ki, mart və aprel aylarında dinc nümayişlər zamanı ATƏT-in təlimini keçmiş polisin izdihama nəzarəti daha yaxşı olub, nəinki bu təlimdən əvvəl.

Təhlükəsizlik qüvvələrinin cəzasız qalması məsələsinə hökumət reaksiya verib və il ərzində DİN-in 248 işçisinə qarşı müvafiq tədbirlər görülüb.

Ədliyyə Nazirliyi isə bildirib ki, 474 ədliyyə işçisi vətəndaşların hüququnu pozduğuna görə, ötən il işdən kənarlaşdırılıb.

MƏHKƏMƏLƏR

Qanunvericilik ədalət mühakiməsinin müstəqil olduğunu təsdiq etsə də, təcrübədə hakimlər icra orqanlarından kənarda, müstəqil fəaliyyət göstərmirlər.

Məhkəmə sistemi korrupsiyaya batmış və qeyri-effektiv olaraq qalıb. Qərarlarının məhkəmə zamanı təqdim edilən sübutlara dayanmaması halları geniş yayılıb.
İcra strukturlarının məhkəmələr üzərində ciddi nəzarəti var. hakimliyə namizədləri sınağa çəkən Məhkəmə hüquq Şurası Ədliyyə nazirliyinin tabeliyindədir.

SİYASİ MƏHBUSLAR

Eynulla Fətullayev
Eynulla Fətullayev
Yerli QHT-lər bildirirlər ki, hökumət siyasi səbəblərlə insanları həbs etməyə davam edir. Dövlət rəsmiləri isə bunu təkzib edir.

2011-ci ildə hökumət jurnalist Eynulla Fətullayevi azadlığa buraxıb. Digər tərəfdənsə hökumət Avropa Birliyinin vicdan məhbusu kimi tanıdığı müxalifət fəalını həbs edib.

SÖZ AZADLIĞI

Azərbaycan qanunları vətəndaşlara söz azadlığı və mətbuat azadlığı tanıyır və senzuranı qadağan edir. Bununla belə, hökumət qanunun bu müddəalarına hörmət etmir.
Müxtəlif müxalifətyönlü və müstəqil media orqanları çap olunsa da, hökumətin siyasəti ilə bağlı obyektiv, professional yazılar nadir hallarda olub. Qəzetlərin tirajı aşağıdır, bəzi hallarda 5 min rəqəmini keçmir.

Yayım mediası isə hadisələri işıqlandırarkən hökumətyönlü mövqe nümayiş etdirirlər.

Xarici yayımçılar - Amerikanın Səsi, AzadlıqRadiosu və BBC-nin FM tezliklərində yayımı bərpa olunmayıb.

Hökumət müxalif fikirli fəalları hörmətdən salmaq üçün aşağılayıcı vasitələrdən istifadə edib. Jurnalistlər Natiq ƏdilovQan Turalının Oğuz rayonudna yerləşən Afra Otelindəki otaqlarına gizli kameralar yerləşdirilib və Lider Televiziyası onların şəxsi görüntülərini yayımlayıb.

HAKİMİYYƏTƏ CİDDİ XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycan hakimiyyətinə ölkədə insan haqlarının pozulması, demokratik islahatların keçirilməməsi ilə bağlı çox ciddi xəbərdarlıqdır.

Bunu AzadlıqRadiosuna Müsavat başqanı İsa Qəmbər deyib:

İsa Qəmbər
İsa Qəmbər
«Həmin sənədin mediaya təqdim olunan hissəsi ilə tanışam və təbii ki, orada ifadə, mətbuat, sərbəst toplaşma və digər azadlıqlarla bağlı deyilənlər obyektiv getçəklikdi. Mülkiyyət məsələləri də yerində qeyd edilib».

İsa Qəmbər deyir ki, sənədi ətraflı araşdırandan sonra onu müzakirə edəcəklər. Onun fikrincə, Azərbaycan hakimiyyəti bu kimi hesabatlara növbəti bir sənəd kimi yanaşmamalıdır. Dünya, onun bu kimi məsələlərə yanaşması dəyişir. Əgər Azərbaycan hakimiyyəti bu dəyişən dünyadan çox ciddi nəticələr çıxarmazsa, indikindən də çətin sübutlar qarşısında qalacaq.

DEPUTATIN MÜNASİBƏTİ

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Yeni Azərbaycan partiyasından olan deputat Cavanşir Paşazadə isə hesab edir ki, ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı qeyd olunanlar əsassızdır:

«Amerikanın belə açıqlamaları birinci dəfə deyil. İnsan hüquqlarının pozulması məsələsini hərənin öz baxış bucağından qiymətləndirməsi düzgün deyil. Hesabatda evlərin sökülməsi qeyd olunur. Amma bunun səbəbləri lazımınca dəyərləndirilmir. Halbuki, başqa yerə köçənlər də var. Köçkünlər üçün yeni evlər də tikilir. Yəni bir dövlətin daxili işlərinə qarışmaq üçün insanlarının hüquqlarının pozulmasını əsas gətirmək nahaq işdir».

ABŞ Dövlət Departamentinin hesabatında qaçqın və köçkünlərlə bağlı, din azadlığı, internet azadlığı və digər məsələlər də öz əksini tapıb.
XS
SM
MD
LG