Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

Deputat: «Yeni təklif şəffaflıq üzərinə çəkilən qara pərdədir»


İqbal Ağazadə
İqbal Ağazadə
«İki qanuna təklif edilən dəyişikliklər hakimiyyətdəki bir qrup məmur barəsində məlumatların gizli saxlanmasına xidmət edir».

Millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə «İnformasiya əldə etmək haqqında» qanunla «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna təklif edilən əlavə və dəyişiklikləri belə dəyərləndirir. Millət vəkili hər iki qanuna təklif edilən dəyişikliyi «absurd» adlandırır. O hesab edir ki, təklif edilən dəyişikliklər vətəndaşların sərbəst informasiya almasına tətbiq edilən məhdudiyyətdən başqa bir şey deyil.

MƏHDUDİYYƏTLƏ MƏNƏVİYYATI, SAĞLAMLIĞI QORUMA CƏHDİ

İqbal Ağazadənin fikrincə, ictimai qaydanı, sağlamlığı və mənəviyyatı informasiyanın alınmasını məhdudlaşdırmaqla qorumaq mümkün deyil:

«Hansı informasiyanı məhdudlaşdırmaq olar ki, o, sağlamlığa xidmət etmiş olsun. Absurd səslənir. Və yaxud maliyyə kredit və valyuta siyasəti sahəsində mənafelərin qorunması, xalqdan, dövlətdən gizli hansı maliyyə-kredit və ya maliyyə siyasəti həyata keçirilir ki, bu istiqamətdə məlumatı məhdudlaşdırmaqla dövlətə, vətəndaşa, millətə xidmət etmək olar. Hesab edirəm ki, bu məsələlərin heç bir hüququ əsası yoxdur və bunun əleyhinəyəm».

MƏMURLARDAN GƏLİR BƏYANNAMƏSİ İSTƏNİLƏN VAXTDA...

İqbal Ağazadə deyir ki, məmurların gəlirlərinin bəyan olunması məsələsi gündəlikdə olduğu bir ərəfədə təklif edilən belə bir dəyişiklik şəffaflıq üzərinə çəkilən qara pərdədir:

«Bu korrupsiya və rüşvətxorluqla toplanan əmlak barədə cəmiyyətə informasiya verilməsinin qarşısını almaqdır».

ƏLAC İCTİMAİ BASQIYA QALIB

Deputat hesab edir ki, nə qədər gec deyil ictimai basqı ilə bu dəyişikliklərin qarşısı alınmalıdır. O, bunu mümkün sayır. Hesab edir ki, bir neçə il əvvəl «QHT-lərin dövlət qeydiyyatına alınması haqqında» qanuna prezidentin imza atmayıb geri qaytarması məhz yerli və beynəlxalq basqılardan sonra mümkün olub.

ƏLAVƏ VƏ DƏYİŞİKLİYƏ İLK ETİRAZ

Rəşid Hacılı
Rəşid Hacılı
Artıq iyunun 5-də bir qrup media və hüquq müdafiə təşkilatları bu məsələyə kütləvi etirazlarını bildiriblər. 20-yə yaxın təşkilatın iştirak etdiyi müzakirələrdə dəyişikliklə bağlı bəyanat qəbul edilib. Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, onlar kampaniyanı daha da genişləndirmək qərarına gəliblər. Rəşid Hacılıya görə, əslində iki qanuna təklif edilən dəyişiklik korrupsiyaya yaxşı imkanlar açır. Artıq yaxın günlərdə hökumət nümayəndələrinin iştirakı ilə konfrans keçirməyə qərar verilib. Bu müzakirələrin layihələrin parlamentə çıxarılmasından bir gün əvvələ təsadüf etdiyi bildirən Rəşid Hacılı deyir ki, onlar hökumət nümayəndələri ilə bu məsələni açıq müzakirə edib onları fikirlərindən döndərməyə çalışacaqlar:

«Biz hesab edirik ki, bu dəyişiklikdə ictimai maraq doğuran bir məsələ yoxdur, əksinə bunun zərərli tərəfləri var. Əgər hökumət bizimlə dialoqa getsə və biz onları bu dəyişikliklərin zərərli olmasına inandıra bilsək, məncə prezident həmin sənədi imzalamaqdan imtina edər».

«HƏR DƏYİŞƏN QANUN CƏMİYYƏTİN İNKİŞAFINA XİDMƏT EDİR»

Bəhruz Quliyev
Bəhruz Quliyev
Deputatdan və media ekspertindən fərqli olaraq hakimiyyətyönlü «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev hər iki qanuna təklif edilən dəyişiklikləri zamanın tələbi və cəmiyyətin inkişafı baxımından müsbət dəyərləndirir: «Mən hesab edirəm ki, hər dəyişən qanun, konstitusiya maddəsi vətəndaş cəmiyyətinin inkişafına xidmət edir».

Bəhruz Quliyev qanunlara dəyişikliklərin prezidentin və yaxın ətrafının biznesi ilə bağlı araşdırmaların qarşısının alınmasına yönəlik bir dəyişiklik olması ilə bağlı mətbuatdakı qiymətləndirmələri də «cəfəngiyat» adlandırır:

«Ümumiyyətlə bunlar hamısı cəfəngiyatdır ki, hansısa qanuna dəyişiklik kiminsə var-dövlətini ört-basdır etmək üçündür. Bu sağlam olmayan insanların fikir tərzidir».

Media Hüququ institutunun direktoru Rəşid Hacılı isə hesab edir ki, təklif edilən əlavə və dəyişikliklər qəbul olunarsa bu araşdırma jurnalistikası üçün böyük zərbə olacaq.

TƏKLİF EDİLƏN ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR

Milli Məclis
Milli Məclis
Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar sessiyasında «İnformasiya əldə etmək», o cümlədən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri» haqqında qanunlara təklif edilən əlavə və dəyişikliklərin müzakirəyə çıxarılacağı gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 1-də keçirilən iclasında bəlli olub ki, parlament sözügedən qanunlara əlavə və dəyişiklikləri müzakirə etməyi planlaşdırır.

«İnformasiya əldə etmək haqqında» qanuna təklif edilən əlavədə informasiyanın əldə olunmasına nə vaxt icazə verilməsi şərtləri qeyd olunur. Əlavələrə görə, gərək bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunmasına zidd olmasın. Eləcə də digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsini nəzərə alınmalıdır.

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna təklif edilən əlavəyə görə, hüquqi şəxslərin kommersiya təsisçiliyi və onların nizamnamə kapitalındakı payı konfidensial saxlanılacaq.
XS
SM
MD
LG