Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Sabirabad sakinlərindən biri saxlanılıb


Sabirabadda etiraz aksiyası. 10 aprel 2012 (Arxiv foto)
Sabirabadda etiraz aksiyası. 10 aprel 2012 (Arxiv foto)
Bir neçə gün əvvəl Kür daşqınları ilə bağlı Bakıya yürüş etməyi planlaşdıran Sabirabad sakinlərindən biri -,Əsgərbəyli kənd sakini İlham Əmiraslanov saxlanılıb.

Bu barədə Azadlıqradiosduna iyunun 8-də onun qardaşı Xəlil Əmiraslanov məlumat verib:
«Qardaşımın səhhətində problemlər var ona görə də bu gün səhər Sabirabada getmişdi dərman almağa. Bir az əvvəl bizə zəng etdilər ki, o evə gələndə bir neçə maşında olan mülkigeymlilər mikroavtobusu saxlatdırıb onu aparıblar. Avtobus sürücüsünün dediyinə görə, 3 avtobil olub, onlar avtobusun qabağını kəsiblər və İlhamı düşürüb aparıblar. İndi biz qalmışıq belə, heç yerdən dəqiqləşdirə bilmirik ki, o hara aparılıb, onu kim və niyə görə aparıb».

Xəlil Əmiraslanov deyir ki, daşqından zərərçəkənlərin Bakıya planlaşdırılan yürüşü Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rayona səfərindən sonra təxirə salınıb və qardaşının həmin aksiyaya görə aparılmasına inanmır.

«Rayonda sakitlikdir, hamı nazirin dediyi məsələlərin həll olunacağını gözləyir».

Sabirabad Rayon Polis İdarəsindən isə AzadlıqRadiosuna deyiblər ki, hələki idarəyə elə bir adam gətirilməyib:
«Saxlanılıbsa, yəqin bir azdan gətirərlər, amma hələki idarəyə belə bir adam gətirilməyib».

2010-cu ilin daşqınlarından sonra yaradılan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı da İlham Əmiraslanovun axtarışlarını davam etdirir. Hələki onun kim tərəfindən hara aparıldığı müəyyən deyil.

İLHAM ƏMİRASLANOV TAPILDI

Qardaşı Xəlil Əmiraslanovun AzadlıqRadiosuna verdiyi məlumata görə, İlham Əmiraslanov günorta saatlarında 10-a yaxın əliavtomatlı, qaramaskalı xüsusi təyinatların müşayiəti ilə evə gətirilib:

«Qardaşımı düşürdülər. Gətirdilər evə. Silahlıların əhatəsində girdilər zirzəmiyə, əlində də ağ salafan torba vardı. Orda silah var idi, narkotik maddə var idi bilmədik? Onu tez də mindirdilər maşına, apardılar. Özləri nə isə düzüb qoşublar. Bilmirik hara aparıblar».

Xəlil Əmiraslanov deyir ki, kənd sakinləri rayon icra hakimiyyətinə yollanıb qardaşının həbsinin səbəblərinə öyrənmək istəyirlər.

İlham Əmiraslanov bir neçə gün əvvəl mətbuata daşqından zərərçəkən rayon sakinlərinin Bakıya yürüş planlaşdırdığını demişdi.

Lakin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rayona səfər edib narazılarla görüşündən sonra yürüş təxirə salınmışdı.

Yaxınları İlham Əmiraslanovun həbsini elə bu məsələdə onun fəallığı ilə əlaqələndirirlər.
XS
SM
MD
LG