Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Ağasəlim Mircavadov Euro-2012 finalında kimləri görür?


Ağasəlim Mircavadov
Ağasəlim Mircavadov
-


Futbol mütəxəssisi, Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovla müsahibə.



- Ağasəlim müəllim, son dördə bir final oyunları ilə bağlı təəssüratınız necədir? Təsadüf baş verdimi, yoxsa elə kim güclü idisə o da qalib gəldi?

- Məncə, nəticələr qanunauyğun oldu. İtaliya-İngiltərə oyunun nəticəsi isə tam qanunauyğun idi. İtaliya millisinin baş məşqçisi Prandelli çox ağıllı taktika qurub. Baxın, italyanlarda böyük futbol ulduzları yoxdur. Onların çempionatında oynayan böyük ulduzların demək olar ki hamısı əcnəbilərdir. Ona görə də Prandelli Pirlonu komandanın lideri etdi və o öz gözəl oyunu ilə komandada dəmir intizam yaratdı. Əlbəttə ki yaşı çox olsa da Buffon da bu mənada öz təcrübəsi ilə komandaya düzgün istiqamət verə bilir.

Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, o komandalar ki, qısa ötürmələrlə sürətli oyun nümayiş etdirir, onlar daha çox uğur qazanır.

Uzun ötürmələr, cərimə meydançasına asmalara üstünlük verilməsi elə də effektiv deyil. Bunu İngiltərə və bu cür oyun oynayan bir sıra başqa komandaların yüksək nəticələr göstərə bilməməsi də sübut edir. İtaliya, İspaniya, Portuqaliya, Almaniyanın yarımfinala çıxması isə göstərdi ki, müasir futbolda əsas trend, inkişaf yolu məhz ayağa oynamaq, fərdi texnika ilə sürətli ötürmələri sintez etmək yoludur.

- Yarımfinal oyunları ilə bağlı proqnozunuz nədir?

- Belə böyük yarışlarda bir gün artıq istirahət etməyin önəmi böyükdür. İtalyanlar İngiltərə ilə oyunda çox yoruldular. 120 dəqiqə oynadılar, penaltilərdə qalib gəldilər. Və ayın 28-da yenə meydana çıxmalıdırlar. Almaniya isə qələbəni nisbətən asan qazandı və yarımfinal oyununa çıxanda bir gün artıq istirahət etmiş olacaq.

Onu da yaddan çıxarmayaq ki, alman millisində eyni səviyyəli 18-20 futbolçu var. İtalyanlarda belə deyil. Özünüz də gördünüz ki, İoxim Löv o qədər özünə inamlıdır ki, yunanlara qarşı 3 əsas oyunçunu oynatmadı. Amma almanlar buna baxmayaraq gözəl oynadılar və qələbə qazandılar.

Buna görə də düşünürəm ki, İtaliya üçün almanlara qarşı oyun çox ağır olacaq. Amma o biri tərəfdən bu futboldur. İtaliya futbol ölkəsidir. Onlar çox belə ağır oyunlardan çıxmağı bacarıblar. Amma mən yenə də üstünlüyü almanlara verirəm. Onların meydanın hər zonasında yüksək ustalığa malik liderləri var.

- Portuqaliya-İspaniya oyunu haqda proqnoz bəlkə də bir az çətin olar...

- Bu iki komandanın ikisi də eyni oyunu oynayır – qısa ötürmələrlə ayağa oynayırlar. İspanlar sırf komanda oyunu oynayırlar. Bilmək olmur ki, qolu kim vuracaq: hücumşumu, yarımmüdafiəçimi, müdafiəçimi. Bəzən heç nominal hücumçu da olmur oyunda. Buna baxmayaraq qələbə qazana bilirlər. Ona görə də əgər qeyri-adi bir şey baş verməsə, onlar yenə də bu stabil oyunlarını oynayacaqlar.

Portuqaliyaya gəldikdə isə, çox şey komandanın lideri Ronaldonun oyunundan asılıdır. Məsələn, birinci oyunda o, almanları tək udmaq istədi. Halbuki tək əldən səs çıxmaz. Amma məsələn, çexlərlə oyunda çox aydın görsəndi ki, Ronaldo komanda üçün oynayanda komanda da ona eyni münasibəti göstərir və “qol maşını” işə düşür. Məncə, bu cütlükdə üstünlük ispanlardadır, amma Portuqaliyanın onlara layiqli müqavimət göstərə, hətta qalib gələcəyini də gözləmək olar.

- Bəs bu 4 millidən hansının Avropa çempionluğunu udmaq şansının çox olduğunu düşünürsüz?

- Mən heç zaman çempionluqla bağlı proqnoz verməmişəm. Amma istərdim ki, finalda ispanlarla almanlar oynasın. İki çox ağıllı komandanın hansının daha güclü olduğu, daha çox üstünlüklərə malik olduğu aydın görünəcək. Bu isə Avropada futbolu irəli aparacaq, onun hansı istiqamətdə getməli olduğunu göstərəcək.

Şəxsən məni bu, çox maraqlandırır. Mən bu oyunları yazır, sonradan analiz edir, bundan Azərbaycan futbolu üçün nəticələr çıxarmağa çalışıram.

Bu oyunlar haqda sənin fikrin nədir?

EURO2012 FORUMUNA GƏL

Şərhlərini digər futbol azarkeşləri ilə bölüş
XS
SM
MD
LG