Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Günel Mövlud. Şeir yazan məmurlarımız


Rəşid Şerif. Sifariş
Rəşid Şerif. Sifariş
Günel Mövlud


ŞEİR YAZAN MƏMURLARIMIZ


Bu ölkədə onsuz də hər şey onlarındı. Villalar, torpaqlar, maşınlar, biznes, pul, hökmranlıq. Hər şeyləri var. Amma gözləri doymur.

Bir gün gözlərni açıb görürlər ki, bu sadaladıqlarım nəsə xoşbəxt eləyə bilmir onları. Uğurunda çox vaxt sifətlərini, xarakterlərini, prinsiplərini və daha nələrini itirdikləri bu şeylər onlara az görünür.

Görürlər ki, bunlarsız da yaşaya bilən adamlar var. Görürlər ki, cəmiyyət maşını, villası, vəzifəsi, hakimiyyəti olmayan adamları da sevir.

Görürlər ki, nə onların xeyrinə olsa da, zaman, tarix yaradıcıların, ziyalıların, yazıçıların, şairlərindi.

Görürlər ki, tarix dönəmin ən iri çaplı məmurundan daha çox o dövrün şairini, yazıçısını, aktyorunu saxlayır yadında. Onu ötürür nəsillərə. Görürlər ki, nəyə hökmranlıq eləyə bilsələr də, tarix qarşısında gücsüzdürlər. Görürlər ki, tarix varlının, məmurun, hakimin yox, ziyalının, yaradıcının müttəfiqidi.

Və dözmürlər...

Az qala hər gün saytları açanda şeir, hekayə, məqalə yazan yeni bir məmur-şair, məmur-publisist, məmur-yazıçı ilə üzləşirsən. İddiaları böyükdür.

Demək istəyirlər ki, pula, vara hökmranlıq etməklə doymayacağıq. Hisslərə də biz hökmranlıq edəcəyik, hisslərin məsələsinə də biz baxacağıq. Ədəbiyyat da bizimdi, lazım gəlsə onu da biz inhisara alacağıq. Ağzınız nədi, ədəbiyyatda siz at oynadasız?! Nə olsun ki, yazdıqlarımız yaradıcılıq tələblərinə, bədii keyfiyyətin tələblərinə cavab vermir? Lazım gəlsə o tələbləri özümüz müəyyənləşdirəcəyik.

Özləri yazmasalar da, arvadları başlayır yazmağa. Təsəvvür eləyin, ər xalqın qanını içir, yetimin haqqını yeyir, rüşvət alır, gün uzunu yalan danışır. Arvad bu haram pullarla gününü gözəllik salonunda, bahalı restoranlarda, ziyafətlərdə keçirə-keçirə axşamlar oturub şeir yazır. Ülvi sevgidən, ali hisslərdən, böyük dəyərlərdən yazır. Sonra bəh-bəhlə bunları çap elətdirir.

İlahi, insan necə bu qədər minüzlü, riyakar, saxta ola bilər? İnsan necə öz istedadsızlığını, içinin boşluğunu, saxtalığını belə ictimailəşdirməyə, onu tarixə salmağa cəhd eləyə bilər? Tarixdə öz istedadsızlığı, duyğusuzluğu, boşluğu ilə qalmaq arzusu insanda necə, hansı şəraitdə yarana bilər? Bunun üçün insan hansı həyatı yaşamalı, hansı adamlarla oturub-durmalı, özünə hörməti nə qədər az olmalıdır?

Amma bir tərəfdən baxanda, bəlkə də bu daha yaxşıdır. Şeir yazan, kitab çap etdirən bu məmurlar öz istedadlarına yox istedadsızlıqlarına sənəd, pasport almış olurlar. Onlar gələcək üçün özləri öz karikaturalarını çəkirlər. Öz istedadsızlıqları, gülünc yaradıcılıq iddiları ilə.

Gələcəyin yazçısını, dramaturqunu, rejissorunu, aktyorunu onların obrazlarını yaratmaqda çətinlik çəkməkdən qurtarırlar. Özləri öz obrazlarını indidən yaradırlar. Və ən maraqlısı budur ki, bu obraz onların xeyrinə işləmir.

simsar.az
XS
SM
MD
LG