Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

İran televiziyası Azərbaycandan gedən şairləri "casuslar" kimi göstərdi (Video)


Fərid Hüseyn və Şəhriyar del Gerani
Fərid Hüseyn və Şəhriyar del Gerani
İranda həbs olunan Azərbaycan yazarları - Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynlə bağlı yeni video-material yayımlanıb.

ANN.Az-ın verdiyi xəbərə görə, xəbəri və video-materialı İranın ingilisdilli “Press TV” saytı yayıb.

Məlumatda “Press TV” saytı İranın təhlükəsiz qurumundakı adı çəkilməyən mənbəyə istinadən Azərbaycan şairlərinin casusluqda ittiham olunduğunu bildirir.

Bu "ittihamı" “isbatlamaq” üçün video-materialda Azərbaycan şairlərindən götürülmüş mobil telefon, adi diktafon və fotoaparatı nümayiş etdirirlər.

İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İrana gedərək orada yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar.

Videosüjetdə deyilir ki, şairlərin missiyası İsrailin Azərbaycanda bəzi şəxsləri əməkdaşlığa cəlb edib xüsusi tapşırıqla İrana casusluğa göndərməsinə oxşayır.

İddiaya görə, şairlər İrana gəlmək üçün oradakı mədəniyyət yönümlü təşkilatlardan birinə müraciət ediblər. Həmin təşkilat onlara saxta dəvətnamə göndərib.

Adı açıqlanmayan bir şəxs videosüjetdə danışaraq bildirir ki, o, dəvətnaməni göndərsə də, şairlərin "əsl məqsədi"ni bilməyib və beləcə "tələyə düşüb".

Videosüjetdə deyilir ki, şairlərin fotoaparatında İrandakı "strateji obyektlərin və qurğuların" şəkilləri aşkarlanıb.

Video-materialda Şəhriyar və Fəridin də sorğu-suala tutulduğu görülür. Amma onların səsi efirə verilmir. Yalnız Fəridin dediklərini bir neçə saniyə ərzində eşitmək mümkün olur. Onun dedikləri isə hansısa sənədinin qaydasında olmaması və buna görə icazə alına bilməməsi haqqındadır.

Press TV İran dövlətinin media korporasiyası olan "İslam Respublikasının Yayım Təşkilatı"nın maliyyəsi ilə açılıb. Onun saxlanmasına ildə dövlət büdcəsindən təxminən 25 milyon dollar xərclənir. İngiliscə xəbərlər və reportajlar yayımlayan televiziya əsasən xaricə yayım üçün nəzərdə tutulub və 5 ildir "İran həqiqətlərini dünyaya çatdıran" bu kanala peyk vasitəsilə də dünyanın bir çox ölkələrində baxmaq mümkündür. Amma onu ekstremist ideyalar və işgəncə altında alınan ifadələr yaymaqda günahlandıranlar da var. Bir müddət qabaq Böyük Britaniya kanalın yayımını öz ərazisində dayandırıb.

Kanalın Vaşinqton, London, Dəməşq, Beyrut və dünyanın bir sıra başqa şəhərlərində müxbir məntəqlələri var.

Xatırladaq ki, Azərbaycan yazarları Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar. Bu müddət ərzində Bakı dəfələrlə rəsmi şəkildə onların taleyi ilə bağlı İran tərəfinə müraciət etsə də, qarşı tərəf heç bir rəsmi açıqlama verməyib. Yalnız bu yaxınlarda Azərbaycan XİN-in 4-cü notasına natamam cavab verilib və orada Azərbaycan yazarlarının “cinayətə təşəbbüsdə” ittiham olunduğu qeyd olunur. Amma “cinayət”in motivi, detalları barədə heç nə qeyd olunmayıb.

XS
SM
MD
LG