Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

İlham Əliyev: «Azərbaycanın inkişafı düzgün istiqamətdə gedir»


İlham Əliyev
İlham Əliyev
«Son 17 il ərzində Azərbaycanda 120 milyard dollardan çox, keçən il 15 milyard dollar sərmayə qoyulmuşdur. Bu il isə təqribən 18 milyard dolar sərmayə qoyuluşu gözlənilir. Bundan sonrakı illərdə də investisiya qoyuluşu əminəm ki, yüksələn xətlə davam edəcək və bu bizə imkan verəcək ki, ölkəmizin bütün infrastruktur layihələrini icra edək, bütün köhnəlmiş infrastrukturu yeniləşdirək, güclü sənaye potensialı yaradaq».

Prezident İlham Əliyev ötən gün Bakının Qaradağ rayonunda «Holcim-Azərbaycan» ASC-nin yeni sement zavodunun açılışında çıxış edərkən deyib.

Prezident bildirib ki, zavodun Qaradağ rayonunun ərazisində yerləşməsi təbii səbəblər əsasında mümkün olub. «Çünki burada, yaxında zavodun məhsul istehsalı üçün lazım olan xammal yataqları vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə, Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu inkişaf edir. Burada həm güclü sənaye potensialı yaradılır, eyni zamanda, turizm obyektlərinin yaradılması, tikintisi məsələləri də gündəlikdədir».

İlham Əliyev bildirib ki, zavodun açılışı həm çox sevindiricidir, eyni zamanda, onu göstərir ki, Azərbaycanın inkişafı düzgün istiqamətdə gedir:

«Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər. Eyni zamanda, zavodda tətbiq olunan texnologiya ən son, ən müasir texnologiyadır. Əlbəttə ki, Azərbaycanda bu texnoloji inkişaf, elmi tərəqqi, inkişaf məsələləri də daha da dolğun şəkildə öz həllini tapır».

300 milyon avro dəyərində olan zavodun təməli 2009-cu ildə prezident İlham Əliyevin iştirakı ilə qoyulub. «Holcim-Azərbaycan»ın səhmdarları İsveçrənin «Holcim» Şirkətlər Qrupu, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin bir qrup yerli fiziki şəxslərdir. Azərbaycan İnvestisiya Şirkəti bu layihəyə 19 milyon manat məbləğində sərmayə yatırıb. Müəssisədə 500 nəfərin işlə təmin olunduğu deyilir.
XS
SM
MD
LG