Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:25

Zamin Hacı. Xatirə


-

XATİRƏ

"Qaranlıq" silsiləsindən

...Nəyi istəyirdim, istəyib bildim,
Bəs niyə gözümə göründü axşam?
Günəş qaranlıqda gizlənə bildi,
Hörümçək toruna büründü axşam.

Payız səhərinin sərinliyində
Xəfifcə yellənən yaylıqlar vardı.
Duzlu dənizlərin dərinliyində
Yuxulu, xırdaca balıqlar vardı.

Yağışlar yağardı - çiçək bitirən,
Dəcəllik edərdi sərçə buludlar.
Nə tapan var idi, nə də itirən,
Nə arzular vardı, nə də umudlar.

Mışıl-mışıl yatan düzənliklərin
Yuxusu yamyaşıl otlar olardı.
Ağaclar açardı yarpaq əllərin,
Göylərdə qanadlı atlar olardı.

...Mən də dayanmışdım yol ayrıcında,
Səni gözləyirdim... gəlib çıxmadın.
Acından ölürdüm, sən gətirəsi
Dəni gözləyirdim... gəlib çıxmadın.

Niyə xatırladım, niyə, bilmərəm,
Bunlar nə vaxt olub - deyə bilmərəm.
XS
SM
MD
LG