Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

Zamin Hacı.Elə bilirsən


-

ELƏ BİLİRSƏN

Elə bilirsən ki, yağışdı yağan
Açmısan ovcunu göyün üzünə.
Elə bilirsən ki, sənsiz darıxan,
Baxmaq istəyən var sənin üzünə.

Elə bilirsən ki, küləkdi əsən,
Ürəyin sinəndə yarpaq kimidi.
Elə bilirsən ki, sənindi ömür -
Düşmən əlindəki torpaq kimidi.

Elə bilirsən ki, gecədi düşən,
Baxıb qaranlığa baş sındırırsan.
Elə bilirsən ki, ölmüsən daha –
Başına qoymağa daş sındırırsan.

Elə bilirsən ki, günəşdi doğan,
Ümid eləyirsən – nəsə olacaq.
Elə bilirsən ki, səni çağıran
Nə vaxtsa Allahın səsi olacaq.

Elə bilirsən ki, yuxu görürsən,
Elə bilirsən ki...
Hardan bilirsən?!
XS
SM
MD
LG