Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

Rüstəm İbrahimbəyovun 2 il əvvəl çəkdiyi film indi niyə tənqid edilir?


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
...Bəs bu məqalənin indi təkrar çapında və ya yayılmasında məqsəd nədir? Müəllif Ülkər Abdullayeva yazısının təkrar çapından xəbərsiz olduğunu bildirir. Hətta deyir ki, iki il öncə həmin məqalə dərc olunanda, onu rəsmilərdən ittiham edənlər tapılıb...

FRANSALI KABUS YOXSA NAKİŞİ AZƏRBAYCANLI?

«Azərbaycanda fransalı kabus dolaşır».

Bu başlıq altında məqalə iki il öncə milli.az saytında dərc olunub. Məqalədə Rüstəm İbrahimbəyovun həm ssenari müəllifi, həm rejissoru olduğu «Kabusun gözü ilə» filmi haqqında fikirləri yer alıb. İki il sonra – 2012-ci il iyulun 25-də bu məqaləni bir sıra KİV orqanları – «Kaspi» qəzeti, Lent.az, Kulis.az saytları başqa başlıqlar altında yenidən yayıblar: «Azərbaycan kinosunun nakişi obrazı» və «Rüstəm İbrahimbəyov Azərbaycan kişisini niyə nakişi obrazında göstərdi?».

«MƏNİM NƏ KAMPANİYAYA DƏXLİM VAR, NƏ DƏ O YAZININ YENİDƏN YAYILMASINA»

Bəs bu məqalənin təkrar çapında və ya yayılmasında məqsəd nədir? Müəllif Ülkər Abdullayeva yazısının təkrar çapından xəbərsiz olduğunu bildirir. Hətta deyir ki, iki il öncə həmin məqalə dərc olunanda, onu rəsmilərdən ittiham edənlər tapılıb:

«Onda məni hökumət tərəfindən ittiham edirdilər ki, niyə Rüstəm müəllimin əleyhinə yazmışam? İndi də araları dəyib, kimlərsə onu başqa başlıq altında hay-küylə yayıblar, paylaşıblar. Mən təəssüf edirəm buna. Bundan xəbərim də olmayıb. Bəzi adamlarda təsəvvür yaranıb ki, guya, mən Rüstəm İbrahimbəyovun əleyhinə aparılan kampaniyada alət olmuşam, vasitə olmuşam və sairə. Mənim nə kampaniyaya dəxlim var, nə də o yazının yenidən yayılmasına».

Ülkər Abdullayeva məqaləni yenidən dərc edən «Kaspi» qəzetinin redaktoru ilə danışdığını da deyir:
Natiq Məmmədli
Natiq Məmmədli

«O bildirdi ki, 2 il əvvəl oxuyub o yazını, xoşu gəlibmiş, arxivində saxlayıbmış. İndi Rüstəm İbrahimbəyovla bağlı aktual məsələlər çıxanda hesab edib ki, onu yaymağa ehtiyac var. Yəni, bu redaktorun dediyidir. Mən Rüstəm İbrahimbəyova qarşı müharibə açmamışam. Mən bir neçə ay əvvəl hörmətli Rafiq Əliyevi müdafiə edən məqalə də yazmışdım. Yəni, bu göstərir ki, mən sifarişlə yazmıram».

«Kaspi» qəzetinin redaktoru Natiq Məmmədli AzadlıqRadiosuna qısa cavab verdi:

«Həmin yazı maraqlı olduğu üçün dərc etmişik».

Təkrar çap zamanı isə qəzet rəhbərliyi həmin məqaləyə balaca giriş də verib:

«Bu yazı elə o zaman da fırtına qopartmışdı, düşünürük ki, indi də az effekti olmayacaq».

QAN TURALI: «37-DƏ APARILAN KAMPANİYANIN YANINDA BU NƏDİR Kİ?»

Kulis.az saytının redaktoru Qan Turalı isə deyir ki, onlar «Kabusun gözü ilə» filmi haqqında hələ bir il öncə kinoşünas Sevda Sultanovanın resenziyasını
Qan Turalı
Qan Turalı
dərc ediblər:

«Fransız sevgili azərbaycanlı xanıma atdı». Redaktor film haqqında iki il sonra başqa bir məqalənin təkrar yayılmasını kampaniya saymır. Ancaq daha sonra deyir:

«Bəlkə də kampaniyadır. Mən burda kampaniya effektləri görmürəm. Azərbaycanda kampaniya zamanı deyirlər ki, ay erməni dəyirmanına su tökürlər, xarici qrantla işləyirlər. Amma bu ştamplar yoxdur burda. Kampaniya aparılsa belə, mən zərərli bir şey görmürəm. Nəticədə KİV haqda qanun pozulmur, qeyri-etik heç nə yoxdur. Bu nə kampaniyadır, 37-də aparılan kampaniyanın yanında bu nədir ki?..».

«RUS SAYTLARI DA YAZMIŞDILAR Kİ, ZANUSSI'Nİ AZƏRBAYCANDA SENZURA ETDİLƏR»

Kinoşünas Aygün Aslanlı isə razılaşır ki, «Kabusun gözü ilə» filmi Rüstəm İbrahimbəyovun adına layiq deyil. Amma iki il qabaq çıxan məqalənin eyni vaxtda yayılmasını təsadüf saymır:
Aygün Aslanlı
Aygün Aslanlı

«Məqsədyönlü aparılan kampaniyadır. Krzysztof Zanussi’nin müsahibəsindən xəbəriniz var yəqin. Rus saytlarında da yazmışdılar ki, Zanussi’ni Azərbaycanda senzura etdilər, onun müsahibələrində Rüstəm İbrahimbəyovla bağlı fikirlərini çıxarıblar... Bu, açıq-aydın kampaniyadır da, kor-kor, gör-gör. Bu, iyrənc bir şeydir. Bir var adamı vurub öldürürlər, bir də var yavaş-yavaş bezdirirlər ki, təslim olsun».

«DUBAYA GEDƏN QADINLARA BƏZİ AZƏRBAYCANLI KİŞİLƏR YARDIM EDİR»

Rejissor Əli İsa Cabbarlıya görə isə, bununla Rüstəm İbrahimbəyovun imicinə zərbə vurmaq istəyirlər. «Əslində bu məqaləni yayan qəzetlərin yönümü hər şeyi bəlli edir» deyir. O ki qaldı «Kabusun gözüylə» filmində «nakişi obrazının» yaradılmasına:
Əli İsa Cabbarlı
Əli İsa Cabbarlı

«Onda bu Keçəl Həmzəni yaradan bu xalq neyləsin? Dastanlarımızda yetərincə xain obrazları var. Əslində, bu sənətə bəsit münasibətdir. Vaxtilə «Bir cənub şəhərində» filmi də bu pozisiyadan tənqid olunurdu, yəni, deyilirdi ki, bizim gerçəkliyə ləkə yaxır, bizdə belə adamlar, məhəllələr yoxdur. Onda Heydər Əliyev filmə qoyulan qadağanı götürdü. Yəni, mentalitet anlayışını belə bayağı qəbul etmək olmaz. Azərbaycanda trafikinq – insan alveri problemi var. Dubaya gedən yoldaşlar deyirlər ki, orda bədən alveriylə məşğul olan qadınlar var. Onlara bu işdə kömək edən də azərbaycanlı kişilərdir. Bu obrazlar yaradılmalıdır da...».

Rüstəm İbrahimbəyov isə həmin məqalələrdən xəbərsiz olduğunu və bu haqda danışmaq istəmədiyini deməklə kifayətləndi.

«Kabusun gözü ilə» filmi fransız aktyorla evli azərbaycanlı aktrisanın məhəbbəti haqqındadır. Hadisələr 1990-cı illərdə baş verir.
XS
SM
MD
LG