Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Rəşad Məcid MKM-ə qayıdır...


Rəşad Məcid
Rəşad Məcid
-
“Münsiflər heyətinə qayıtsam da, əvvəlki illərdəki kimi aktiv fəaliyyət göstərməyəcəm”


"Mənə III Milli Kitab Mükafatına qatılmaqla bağlı hələ ki, heç bir rəsmi təklif edilməyib. Nigar xanım mətbuata açıqlamalarında mənim münsif kimi yenidən müsabiqədə təmsil olunmağımı arzuladığını bildirsə də, məni şəxsən dəvət etməyib. Əgər dəvət etsə, bu təklifi qəbul edə bilərəm".

Bunu "Gündəlik teleqraf" qəzetinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. O, müsabiqədə keçən ilki seçimə etiraz olaraq istefa vermişdi.

Müxtəlif səbəblərdən təxirə salınmış Milli Kitab Mükafatı, nəhayət, yenidən start götürüb. “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli mətbuata açıqlamasında bununla bağlı avqustun 28-də mətbuat konfransı keçiriləcəyini anons edib: “Həmin gündən Milli Kitab Mükafatına əsərlərin qəbulu başlanacaq. Nizamnamədə bəzi dəyişikliklər etməyi düşünürük”.

Amma R.Məcid deyir ki, münsiflər heyətinə qayıtsa da, əvvəlki illərdə olduğu kimi aktiv fəaliyyət göstərməyəcək:

"Müsabiqə təzə başlayanda tanınmırdı, rayonlara getməyə, müsabiqəyə dəstək verməyə ehtiyac var idi. Amma artıq MKM kifayət qədər tanınan bir müsabiqə olduğu üçün mənim aktiv fəaliyyətimə ehtiyac yoxdur. Eyni zamanda, münsiflərin sayının 30 nəfərə çatdırılmasını da bəyənmirəm. Bunu uğurlu addım hesab etmirəm. Amma yeni nominasiyaların yaranması və müsabiqənin geniş keçirilməsini alqışlayıram”.

MKM-in keçən ilki qalibi Pərviz Cəbrayıl müsabiqənin yenidən start götürməsini alqışlayır: “Hesab edirəm ki, müsabiqənin yenidən başlanması və davam etdirilməsi çox gözəl hadisədir. Nigar xanımın bu ideyasını bəyənirəm. Ədəbiyyat naminə görülən bütün işlər dəstəklənməlidir. Hesab edirəm ki, keçən ilki münsiflər geri qayıtmayacaq. İnanmıram ki, onlar dedikləri sözü geri götürsünlər. Yeni nominasiyaların yaranmasını alqışlayıram, amma bu nominasiyalar ekspertlər və münsiflər üçün əlavə çətinlik yaradacaq. Mən bunu şəxsi təcrübəmdən bilirəm.

Azadlıq radiosunun “Oxu zalı”nın keçirdiyi müsabiqədə münsif kimi iştirak etdiyimdən mən bu çətinliyi hiss etmişəm. Bu, olduqca çətin bir prosesdir. Hər halda qələm adamlarını bu müsabiqəyə qatılmağa səsləyirəm. Düşünürəm ki, bu müsabiqə ədəbiyyatımızın inkişafı və tanınması üçün uğurlu bir addımdır”.

Heç bir müsabiqəyə qatılmayan yazıçı Xanəmir Telmanoğlu III MKM-ə də qatılmayacaq: “Mən Azərbaycanda keçirilən heç bir müsabiqədə iştirak etmirəm. Bunun xüsusi
Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
səbəbləri var. Düşünürəm ki, bu müsabiqələrdə obyektivlik çatışmır və belə tədbirlər qələm adamlarını ələ salmaqdan başqa bir şey deyil. Mən nə bu, nə də digər müsabiqəyə əsər göndərməmişəm və göndərmək fikrində də deyiləm. Bu, eqoizm, özündənrazılıq deyil. Sadəcə, obyektivliyə inanmadığım üçün bu cür müsabiqələrə qatılmağı lazımsız sayıram. Ancaq MKM-in təsisçisinə və iştirakçılarına uğurlar arzulayıram. Təəssüf ki, bizdə bu cür müsabiqələrin təşkilində hər zaman problemlər olur...”

I MKM-in iştirakçısı olmuş və “onluğa” düşməyi bacarmış yazıçı Şərif Ağayar bu il müsabiqəyə qatılmaq haqqında qərar verməsə də, MKM-in keçirilməsini alqışlayır: “Sözün açığı, hələ MKM-ə qatılmağa qərar verməmişəm. Amma yarandığı ilk gündən bu müsabiqəni dəstəkləyirəm. Nəinki bu müsabiqəni, ədəbiyyat üçün görülən bütün işləri səmimi qəlbdən alqışlayıram. Bu müsabiqələrin keçirilməsi, ədəbiyyatımızın tanınması üçün çox vacibdir. Xüsusilə, milli ədəbiyyatın tanınması üçün bu müsabiqənin rolu çox böyükdür. Məsələn, Amerika məktəbliləri Heminqueyi tanımır və əsərlərini oxumur. Amma Azərbaycanda onu tanımayan bir yazıçı, bir jurnalist tapmaq çətindir. Heç olmasa, “Qoca və dəniz”i, “Əlvida, silah”ı tapıb oxuyublar. Biz daha çox xarici ədəbiyyatı oxuduğumuz üçün, öz ədəbiyyatımız diqqətdən kənarda qalıb.

MKM-in sayəsində hər il yeni imzalar, yeni kitablar tanınır. Bu prosesin özü çox maraqlıdır. Bu cür mütərəqqi aksiyalara qatılmaq vacibdir. MKM ədəbiyyat sahəsində yeganə mükafatdır ki, dövlətin dəstəyi olmadan da böyük iş görə bilib. Mən əlimdən gələn nə varsa etməyə, dəstək verməyə hazıram. Əsas məsələ müsabiqənin baş tutmasıdır. Müsabiqəyə qatılmasam da, onun üçün nə bacarıramsa edəcəm. Ötən müsabiqələrdə narazı qalan ciddi imza sahibləri olmuşdu. Çoxusu söhbətlərində deyir ki, bu müsabiqəyə sadəcə, ona dəstək vermək üçün qatılıblar. Əgər Azərbaycanda belə kişilər varsa, mən niyə qıraqda qalmalıyam? Nəticəsindən asılı olmayaraq bu müsabiqəyə qatılmaq lazımdır”.

Cəlil Cavanşir
XS
SM
MD
LG