Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:47

Furqan Sadıq. Oyuncaq


-

OYUNCAQ


Bu sənin gördüyün dünya deyil ki...
Dünyanını sərt üzün görmürsən, uşaq...
Sən hələ dünyanı əzizləyirsən,
sən hələ dünyanı söymürsən, uşaq...

Bu sənin bildiyin dünya deyil ki...
Anlamırsan necə dünyadasan sən...
Bəlkə də bir şirin yuxudasan sən,
bəlkə də bir şirin röyadasan sən...

Ayılıb görərsən dünya nədi, nə?
Kədəri görərsən, qəmi görərsən...
Tapdığın bir kiçik sevinc üstünə,
insan üzündəki kini görərsən...

Sanma ki, gül-çiçək saracaq səni,
ətrafın daş-kəsək olacaq sənin...
Bəlkə də bir payız yarpağı kimi,
ümidin eləcə solacaq sənin...

Bu oyuncaq tutan əllərin bəlkə,
kiminsə dalınca daş yullayacaq...
Hər zaman halallıq axtarsan bəlkə,
dünya qabağına leş yollayacaq...

Oyna oyuncaqla, oyna, qadası,
sən özün dünyanın oyuncağısan...
Hələ anlamırsan, hələ bilmirsən,
necə oyuncağa dönüşür insan...

Axı belə uşaq qalmayacaqsan,
kədər, qəm əlində döyüləcəksən...
Böyüyüb dünyanı anlayacaqsan,
dünyanı anlasan böyüyəcəksən...
XS
SM
MD
LG