Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:35

"Video anonimdir, İran dövləti bunu təsdiq etmir"


Fərid Hüseyn, Şəhriyar Hacızadə
Fərid Hüseyn, Şəhriyar Hacızadə
İranda saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə ilə bağlı məhkəmə qərarı avqustun 15-də veriləcək.

Bu barədə AzadlıqRadiosuna avqustun 9-u axşam İrandan qayıdan Mayıl Hacızadə - Şəhriyar Hacızadənin atası məlumat verib.

- Proses necə keçdi?

- Şəffaf məhkəmə keçirildi. Məhkəmə qazisi də gözəl şərait yaratdı, uşaqlar çıxış etdilər.

- Şəhriyargil nədə ittiham olunurlar, rəsmi ittiham necədir?

- Onlar İranın təhlükəsizliyinə aid təbliğata cəhd etməkdə ittiham olunurlar. Bunun da cəzası 3 aydan 1 ilə qədər azadlıqdan məhrumetmədir. Bunlar da artıq 3 ay 10 gündür yatırlar. Məhkəmə prosesində şahid ifadələrindən və onların çıxışından aydın oldu ki, elə bir günahları yoxdur. İnşallah ayın 15-də qərarı gözləyirik, hakim qərar verəcək.

- Şəhriyarla Fəridin əhval-ruhiyyəsi necə idi?

- Çox yaxşı idi. Hakim onlardan soruşdu ki, saxlandığınız 97 gün müddətində sizə qarşı psixoloji, mənəvi və fiziki təzyiqlər olmayıb ki, Şəhriyar cavab verdi ki, cənab hakim həm məhbuslar, həm də istintaq orqanları, həm də rəhbərlik bizimlə məhbus kimi yox, şair kimi, ədib kimi, qonaq kimi rəftar ediblər. Biz çox razıyıq.

- Bəs məhkəmə hansı dildə aparılırdı?

- Azərbaycan dilində. Hakim və digərləri də azərbaycanlılar idi, proses öz dilimizdə oldu. Proses Təbrizin Mərkəzi məhkəməsində gedir.

- Şairlər vəkillə təmin olunublarmı?

- Yox, vəkilə ehtiyac olmadı. Hakimə dedik ki, vəkil tutmamışıq, dedi ehtiyac yoxdur. Qazi tək özü idi, prokuror və sağında solunda heç kim yox idi.

- Prosesdə Azərbaycandan kimlər iştirak edirdi?

-Mən idim, Şəhriyarın bacısı idi, Kürdəmirdən Fəridin anası və dayısı Ağalar, şairlərin sağında oturan iki hərbçi, qazi və bir də şahid kimi şairləri İrana dəvət edən İranlı yazıçı Bəhram Sürgün idi. O da çox yaxşı çıxış etdi. Dedi bizi uşaqlardan heç bir narazılığımız yoxdur, dəvət etmişik gəliblər. Məqsədimiz kitab tərcümə etmək, kitab oxumaq, şer demək olub. Çox yaxşı çıxış etdi. Bir də bizim Təbrizdəki konsulumuz bizə çox yardım edib. İki dəfə getmişik. Hər dəfə də bizi öz maşını ilə gəlib götürüb, bizi otellə təmin edib, bundan başqa öz müavinlərini də məhkəməyə və uşaqlarla görüşdə iştiraka göndərib.

- Sizin səfər və qalma xərclərinizi kim ödəyib?

- Bu dəfə gedəndə özümüz xərc çəkdik, amma birinci dəfə oteldən tutmuş, yemək xərclərinə qənaət hamısını baş konsulumuz Əli Əlizadə çəkmişdi. Otel, gəlib getmə və s. hamısını. Özü də öz cibindən. Orda olduğumuz müddətdə də tez-tez bizə zəng edirdi, bizi yeməyə aparırdı.

- Əvvəl İran tərəfdən şairlərlə bağlı terrora cəhdlə bağlı video yayılmışdı...

- Mən qaziyə sual verdim bununla bağlı, dedi ki, bu videonu anonim bir video kimi yayıblar və İran dövləti bunu təsdiq etmir və dedi şairlərin ancaq təbliğata cəhd məsələsidir.

- Şəhriyarla Fərid harda saxlanılırlar?

- Onlar 87 gün İran Kəşfiyyat İdarəsinin zindanında olublar, istintaq başa çatandan sonra 10 gündür ki, Təbriz şəhər Mərkəzi təcridxanasındadırlar. Orda olanda bir neçə dəfə görüşmüşük. Yeməkləri, saxlanma şəraitləri yaxşıdır. Televizorla təmin olunublar, həyətə çıxıb voleybol, futbol oynayırlar. Yüksək səviyyədə baxırlar.

- Onlarla İran məhbusları da saxlanılırmı?

- Əlbəttə, xeyli məhbus var, amma Şəhriyargilə xarici vətəndaş olduğuna görə xüsusi nəzarət var. Biz həm Azərbaycan diplomatiyasından həm də məhkəmə prosesindən razı qaldıq.

Azərbaycanlı şairlərlə bağlı sonuncu məhkəmə prosesi avqustun 9-da keçirilib.

Fərid Hüseyn və Şəhriyar Hacızadə 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər.

Onlar mayın 2-də Təbrizdə həbs olunublar.
XS
SM
MD
LG