Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:02

Aşağı keçid balları - suallar çətindir, dərsliklər ağırdır, yoxsa...


Foto: Arxiv
Foto: Arxiv
-
Türkanın arzusu tərcüməçi olmaqdır. Lakin 3-cü ixtisas qrupu üzrə qəbul imtahanında 239 bal yığıb. Deyir ki, suallar xeyli çətin olub.

İki ildir fərdi müəllim yanında imtahanlara hazırlaşan Türkan əsas diqqətini ingilis dilinə veribmiş. Çünki əvvəllər onun imtahan verdiyi 3-cü ixtisas qrupunda ingilis dilindən bir sual 8 bal hesablanırdı. Lakin indi 4 bala endirilib. Türkan deyir ki, ötən ilki kimi bu ildə ingilis dili 8 baldan hesablansaydı, göstərdiyi nəticə 300 balı ötəcəkdi:

«Əsas tərcüməçi olmaq istəyirdim, o da alınmadı. İngilis dili əvvəllər olduğu kimi yenə 8 baldan hesablansaydı, hər şey yaxşı olardı. Cavablandırdığım sualların sayı 20-dən çox idi, amma səhvlərim çox çıxdı. Əsas ingilis dilini yaxşı yazmışdım».

Ali məktəblərə builki qəbul imtahanlarından çıxanlar sualların daha da çətinləşdirildiyini, şərtlərin ağırlaşdırıldığını deyirlər. Bu il xüsusilə coğrafiya fənni üzrə sualların çətin olduğu bildirilir.

III QRUPDA NƏTİCƏLƏRİN AŞAĞI OLMASINA NƏ TƏSİR EDİB?

İngilis dili fənnindən ali məktəblərə abituriyent hazırlayan Təranə Əliyeva isə bildirir ki, ingilis dilindən builki suallar normal tərtib olunub. Amma III qrup üzrə bu fəndən ballar 50 faiz aşağı salınıb deyə, ümumi nəticə aşağı olub:

«2011-ci ilin sentyabr ayında açıqlandı ki, III qrupda ingilis dili üzrə bir sual 4 baldan hesablanacaq. Uşaqların çoxu əvvəlki illərdən hazırlığa gəlirdilər. Bütün gücü əsas fənn kimi ingilis dilinə vermişdilər ki, onun hesabına yüksək nəticə göstərsinlər.
Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Amma ingilis dilini yaxşı yazsalar da, 25 doğru cavaba cəmi 100 bal oldu. Ona görə də, ümumi ballar düşdü aşağı. Bundan başqa, bu il təkcə mən yox, hamı deyir ki, coğrafiya olduqca çətin olub. Ötən illərlə müqayisədə coğrafiyadan suallar həddindən artıq çətin idi».

«NƏTİCƏLƏR AŞAĞI OLAN KİMİ MƏSƏLƏNİ SİYASİLƏŞDİRİRLƏR»

Yerli media TQDK-nın Təhsil Nazirliyi ilə münasibətlərinin gərgin olması üzündən sualları bilərəkdən mürəkkəbləşdirdiyini, ali məktəblərə qəbul şərtlərini ağırlaşdırdığını yazır.

TQDK sədri Məleykə Abbaszadə bu fikirlərdən xəbərdar olduğunu deyir. O, əlavə edir ki, qəbul imtahanına düşən testlərin tipinə, çətinlik dərəcəsinə uyğun olaraq hər ilin yanvar ayında model testlər ictimaiyyətə açıqlanır:

«Yanvar ayında hansısa ekspertlər bu məsələni qaldırsaydılar ki, bu model testlər çətindir, biz onda müzakirələrə hazır olardıq. Bu model testlər dərc olunur, sınaq imtahanları keçirilir, heç kim bir söz demir. Elə ki, qəbul imtahanlarının nəticəsi elə də ürəkaçan olmur, başlayırlar məsələni siyasiləşdirməyə, siyasi fikirlər söyləməyə».

Məleykə Abbaszadə əlavə edir ki, nəticələrin aşağı olacağı buraxılış imtahanlarının nəticələrinə baxanda artıq bəlli idi.
Cəmil Həsənli
Cəmil Həsənli

«ABİTURİYENTLƏR QLADİATOR DÖYÜŞLƏRİNƏ HAZIRLAŞAN DÖYÜŞÇÜLƏRƏ BƏNZƏYİR»

Prezident Administrasiyası yanında Təhsil Komissiyasının sabiq üzvlərindən Cəmil Həsənli builki imtahanlarda əsas diqqəti balların aşağı salınmasına çəkir. Onun fikrincə, bu, yolverilməzdir. İmtahan suallarına gəlincə, o, Azərbaycan orta məktəblərində yuxarı sinif dərsliklərinin olduqca mürəkkəb olduğunu deyir:

«Mən bizim universitetlərə hazırlaşan tələbələri qladiator döyüşlərinə hazırlaşan döyüşçülərə bənzədirəm. Bizim dərsliklər çox yüklənib, çox ağırdır. Məsələn, Azərbaycan orta məktəblərinin yuxarı sinif dərslikləri Amerika, Avropa ölkələrinin I və ya II kurs dərsliklərinə bənzəyir. İlk növbədə dərslikləri sadələşdirmək lazımdır. Belə olduğu halda test bankı da sadələşmiş olacaq. Nəticə aşağı olduqda belə, keçid balını aşağı salmaq ümumilikdə ali məktəblərin səviyyəsini aşağı salmaq deməkdir».

Avqustun 10-na olan məlumata görə, 15 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Builki imtahanlarda 5 nəfər 700 bal nəticə göstərib.

İxtisas seçiminin nəticələri avqustun 17-18-də elan olunacaq.
XS
SM
MD
LG