Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Naxçıvana ancaq biznes-klas biletləri satılır?


Naxçıvan Hava Limanı
Naxçıvan Hava Limanı
-
İran Azərbaycana viza rejimi tətbiq etdikdən sonra Naxçıvanın Hava limanında sıxlıq yaranıb. Viza rejimi tətbiq olunmamışdan öncə Bakıya gəlmək istəyən naxçıvanlıların əksəriyyəti İran ərazisindən keçən avtobuslara üstünlük verirdilər. İndi qonşu ölkəyə viza almaq əlavə vaxt itkisinə səbəb olduğundan Bakıya gəlmək istəyən naxçıvanlılar hava limanına axışıblar.

«REYSİN YARISI BİZNES-KLASDIR»

Naxçıvan sakinlərinin narazılığına səbəb isə Bakıya uçan təyyarələrə satılan biletlərin bir hissəsinə biznes-klas qiymətlərinin tətbiq olunmasıdır. Sakinlərin bildirməsinə görə, aerokassalarda hər bir reys üzrə biletlərin yalnız yarısı normal qiymətə, yəni 50 manata satılır. Qalan yerlər isə biznes-klas adı ilə 95 manatdan sərnişinlərə satılır.

Naxçıvan sakini Cavad Kazımov deyir ki, 3 nəfər ailə üzvü ilə birlikdə Bakıdakı yaxın qohumlarının toy mərasiminə getmək üçün iki gün Naxçıvan aeroportunda gecələməli olub. Onun bildirməsinə görə, kassalarda 50 manatlıq bilet qalmadığından 95 manata bilet almağa imkanı çatmır:

«Naxçıvan aeroportunda adam adamın üstündədir. Bilet tapılmır. Bir reysin yarısını 50 manata, yarısını da 95 manata satırlar. Kassada deyirlər 95 manata hansı reysə istəyirsən bilet var. Normal qiymət, yəni 50 manat biletlərin hamısı satılıb. Kassada deyirlər ki, ancaq 15 gün sonraya 50 manatlıq bilet qalıb. Biz də 4 nəfər gedirik. Hər biletə 45 manat artıq versəm, 180 manat artıq xərcləməli oluram. Dönüşü də nəzərə alsaq, 360 manat. Mənim buna imkanım çatmır».

«O VAXTA KİMİ BİZNES-KLASI YIĞIŞDIRSINLAR»

Cavad Kazımov deyir ki, aeroportda sıxlıq olmasına baxmayaraq, çox vaxt təyyarələr Bakıya yarı boş uçurlar:
Naxçıvan aeroportu
Naxçıvan aeroportu

«İran deyib ki, viza rejimi avqustun 31-ə kimidir. Heç olmasa, o vaxta kimi biznes-klas biletləri yığışdırsınlar. Camaat normal qiymətə bilet ala bilsin. Naxçıvan xarici ölkə deyil ki, bura biznes qiymətinə bilet satsınlar. Camaatın imkanı yoxdur axı. Bilet baha olduğundan təyyarə boş gedir, camaat qalır yerdə».

Bakıdan Naxçıvana uçmaq istəyən sərnişinlərin də vəziyyəti ürəkaçan deyil. Sərnişinlərin bildirməsinə görə, Bakı aeroportunun kassalarında da biznes-klas üçün nəzərdə tutulan yerlərə istədiyin reysə bilet almaq mümkün olsa da, normal qiymətə bilet tapılmır.

«45 MANAT BAHAYA BİLET ALA BİLMİRƏM»

Səid Hüseynov deyir ki, bir neçə aydır Bakıya fəhləliyə gəlib. Bildirməsinə görə, bu günlərdə Naxçıvanda qızının nişanlanma mərasimi olacaq. O da deyir ki, 2 gündür aeroporta gedib gəlsə də, bilet ala bilmir:

«İki gün sonra qızın nişanıdır. Bilet tapa bilmirəm. Bilet var ey. Deyirlər 95 manatadır. Fəhlə babayam. Gəlmişəm uşaqlara çörəkpulu aparam. 45 manat bahaya bilet ala bilmirəm. Bu pul mənim üçün böyük rəqəmdir. Bilmirəm necə gedəcəyəm».

CƏMİ 20 BİLET BİZNES-KLASDIR
Naxçıvana gündə 6 təyyarə reysi uçur
Naxçıvana gündə 6 təyyarə reysi uçur

AzAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə deyir ki, Naxçıvana uçan reyslərdə hər təyyarəyə təxminən 150 biletdən yalnız 20-si biznes-klas qiymətinə satılır:

«Kim deyirsə, yalan deyir. Hər təyyarədə 20 yer biznes-klas qiymətinə satılır. Qalanları isə normal qiymətə, yəni 50 manatadır».

Məhərrəm Səfərli onu da bildirdi ki, hazırda Naxçıvana gündə 6 təyyarə reysi uçur. Həmin reyslərdən hər gün 2 minə yaxın sərnişin istifadə edir.

İran avqustun 5-dən Azərbaycanla viza rejimini bərpa edib. İran bunu bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammiti keçirildiyi üçün təhlükəsizlik məsələləri ilə izah edir.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda açıqlamasında bildirib ki, İranın Azərbaycana tətbiq etdiyi viza rejimi avqustun 31-ə kimidir.
XS
SM
MD
LG