Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:34

Elmar, Nilufər və Nigardan şeirlər


Elmar Vüqarlı
Elmar Vüqarlı
-

Bu şeirlər son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Elmar Vüqarlı


XAN BAĞI

Dünən “səni sevirəm” deyən qızı
bu gün “Xan bağı”nda gördüm,
əyilib kapron corablarını dəyişirdi saymazyana,
susamış nəzərlər dikilmişdi sökülmüş ilmələrə,
hərəkəti qızmızı işıqtək saxlamışdı
kapron corablar.

Bu əsnada Füzuli gəlib:
“Surətin gördükdə lal eylər məni!” – oxudu,
bir az tamaşa elədi bizim kimi oğrun-oğrun,
sonra harasa çıxıb getdi.
Heç arxasınca gedən də olmadı...

İndi skamyada ayaqyalın yatanlara,
сins şalvarının qabağını dəbərdən oğlanlara,
quşbeyin qızlara yaxınlaşmır şəhər polisi.

“Xan bağı”ndakı kolları
birdəfəlik uzqırxanlarla dibindən çıxardıb köhnə icra başçımız,
biz orta əsrlər Gəncəsinə beləcə son demişik.

Daha sevgisini gizləyə bilmir gəzməyə çıxanlar,
artıq kollar şahidlik etmir insan ehtiraslarına,
təbii ehtiyaclarına...
Biz beləcə başlamışıq insan azadlığına.

Dünən “səni sevirəm” deyən qızı gördüm bu gün,
kolların yoxluğundan danışdım ona,
qulağıma “sənsiz bacarmıram” pıçıldadı.
Bu ölkədə qadın və kişiləri cinslərə ayıran
20 qəpiklik yeganə məkanı - tualeti
axırda şahid tutduq sevgimizə,
haram etmətik həqiqəti özümüzə.
“Leyli və Məcnun”u Freydə dəyişdik
bir şüşə pivə ilə bir qab noxuda,
psixoloji boşalmadıq yuxuda.

P.S. Günümüzə Dədə Ələsgərin
duvaqqapması ilə son verdik.



Nilufər Muğantürk
Nilufər Muğantürk
Nilufər Muğantürk


SÖZ

Tarix: 17.05.2012, saat: 22:30

Mən sənə əllərimi verim
Sənsə qara əskiyə bürünmüş ömrünün geri qalanını
Mən sənə ömür boyu təbəssüm
Sənsə məni ömür boyu ağladacaq gözlərini

Mən sənə sonsuz arzular verim
Sənsə ölmüş ümidlərinin külünü
Mən sənə xəyallarımın ən uca zirvəsini
Sənsə istəklərin çökəkliyini

Mən sənə enişsiz-yoxuşsuz yollar verim
Sənsə dar dalanlar, çıxılmaz küçələr
Mən sənə ürəyimin ən rahat yerində kirayə “mənzil”
Sənsə ömür boyu kasıb qalacağına SÖZ


Nigar Duyğu


İSTANBUL

Mələklərdən ən gözəlinə bənzəyir İstanbul
İblisə…
Mələk çirkab içindədir sanki..
Çirkli üzlü mələklərin şəhəri oldu İstanbul!
Mələklərin qanadları cırıq, qarsılmış, əzilmiş, yaralanmış
Ürəkləri paralanmış,
Yalanlarla dolu.
Hər şeydən xəbərsiz oldu İstanbul
soğanla balı bir yerdə qaynadan şəhərim..
kimə inanırsan, gözəl şəhərim,
özünə yoxsa gördüklərinə?
İçindəki min bir sir, min dərdlə gizlicə boğuşursan.
Dərdli yorğun susqun şəhərim ..
Yalanlara xərclənən zaman kəsiyində,
Çirkli gölməçələrində çiçək axtara-axtara
tanıdım sevdim səni, məsum İstanbul

Nigar Duyğu
Nigar Duyğu














Ana səhifədəki rəsm: Hicran Əliyev
XS
SM
MD
LG