Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:28

Lalə Məhərrəmli. Yoldaşın sevməyəndə


-

YOLDAŞINI SEVMƏYƏNDƏ

Hər gün..hər gün sən açırsan səhəri.
Özgələşmiş bir doğmanın üzünə.
Yatağında ən yaxında olanın
Ürəyində ən uzağın üzünə.

Soyudarsan öz səsinlə səsin də.
Üşüyərsən buz bağlayan səsiylə.
Aranızda yırtıq, sökük yerləri
Yamayarsan bir körpə nəfəsiylə.

Bir ömürdə yol yoldaşı olarsız.
Yoldaşlıqdan xəbər verməz addımlar.
Ikiniz də bir yol üstə durarsız.
Sən aşağı, o yuxarı addımlar.

Addım addım uzaq düşər könüllər.
Körpəniz də qaçar vəzifəsindən.
Gözləriniz səssiz – səssiz danışar.
Ayrılıq tökülər hər cümləsindən.

Bir gün əllərindən tutar ayrılıq.
Çıxarar üzüyü, qaçırar səni.
Olmaz xatirəsi heç bir əşyanın.
Ayrılıq əli boş aparar səni.

Yenə də rahatlıq tapmaz ürəyin
Şəklini əlivə alıb baxarsan
Hər cizgisi bir şey salar yadına
Üzüyünü barmağına taxarsan

Saçlarını öpərsən,oxşayarsan
Gözlərinlə gözlərində gəzərsən
Anlayarsan bu gülməli gərçəyi
Ayrıldığın gündən onu sevirsən.
XS
SM
MD
LG