Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

«Avtobusun içində 100 nəfər vardı, qatar vurdu atdı qırağa» [Video]


Lökbatanda qəza yerindən ilkin video görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Lökbatanda qəza yerindən ilkin video görüntülər

-
Avqustun 31-i səhər saat 7.30-da Ağstafa-Bakı sərnişin qatarı 124 saylı avtobusla toqquşub. Rəsmi məlumatlarda 6 nəfərin öldüyü, 44 nəfərin yaralandığı deyilir. Hərçənd, şahidlər ölən və yaralıların sayının çox olduğunu deyirlər.

Avtobusun içində 100 nəfər vardı, qatar vurdu atdı qırağa. Təxminən 30 nəfər ölüb. Öz gözümlə gördüm.

Məhəmmədəli Salahov:

- Şlaqbaumu şofer açdırdı ki, «aç, tez keçim, tələsirəm». Keçəndə də maşın söndü... Avtobusda 107 nəfər olub. O qədər adam yaralanmışdı ki... Yer yox idi, xəstənin birini «Qazel»də nərdivanın üstündə gətirdilər. Həkimlər də özlərini itirmişdilər. Bilmirdilər hansı xəstənin üstünə getsinlər.

NƏNƏ OLMAĞA HAZIRLAŞAN 55 YAŞLI QADIN DA ÖLDÜ

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerində 3 nəfər ölüb. Onlardan biri təxminən 55 yaşlı qadındır. Ailənin yeganə başçısının himayəsində 2 övladı var.
Onlardan biri orta məktəbi yenicə bitirib. Digəri ali məktəb tələbəsidir. Mərhumun meyitini Patoloji Anatomiya Bürosundan aparmağa gələn yaxınları çıxılmaz vəziyyətə düşmüşdülər: bəd xəbəri mərhumun hamilə qızına necə çatdırsınlar? Hətta yaxınları xahiş etdilər ki, onun adını yazmayaq. Çünki ana olmağa hazırlaşan gənc qadın xəbər saytlarını diqqətlə izləməkdə, anasının adını ölü və ya yaralılar arasında axtarmaqdadır. Bu səbəbdən biz də mərhumun adını yazmırıq.

«ELƏ BİL BALTAYLA VERİBLƏR»

Nazirlikdən deyirlər ki, yaralıların əksəriyyəti - 26 nəfəri Kliniki Tibbi Mərkəzdə müalicə alır. Burda yerləşdirilən xəstələrin yaxınları səkilərdə, xəstəxana girişində, harada gəldi oturublar. Səbri çatmayanlar var-gəl edir, ara-sıra həkimlərin qabağına qaçırlar ki, ürəkaçan xəbər alsınlar. Elə bu vaxt 50 yaşlı bir ana qaçaraq gəlir. Məlum olur ki, 2 övladı həmin avtobusda olub.

- Cavad burdadır?...

23 yaşlı Fəridə Salahovanın atası Fəxrəddin Salahov əsəbi və gərgindir:

- Dispetçer o avtobusa başqa şofer qoyub. Sürə bilməyib, gedib vaqonun altına girib. İndi də həkimə gəlmişik. Bizi içəri də buraxmırlar. Xəstələr də ağır, elə bir vəziyyətdədirlər ki, elə bil baltayla doğramısan. Hökumət bunu bir nizamlamalıdır, bir dispetçer qoymalıdır. Uşaq-muşağı şofer qoyublar. Bir mənimki deyil, kiminin ayağı kəsilib, kiminin başı.

– Mənimki də travma alıb, beyninə qan sızır. Bu saat həkimlər işləyir.

Müstəntiq və həkimlər yaralıların siyahısını dəqiqləşdirir. Balaca otaqda ağız deyəni qulaq eşitmir. Müstəntiq və həkimlər danışmaq istəmirlər, vaxt istəyirlər. Bircə bunu deyirlər ki, xəstəxanada 3 nəfər ölüb.

«TÜRKİYƏDƏN HƏKİM GÖZLƏYİRİK»

124 saylı avtobusun başqa sərnişini, 41 yaşlı Mehman Behbudovun isə onurğa sütunu qırılıb. Yaxınları həyəcanla başqa xəstəxanalara zəng edir, həkim yardımı
istəyirlər. Qardaşı Rauf Behbudov:

- Qardaşımın onurğası sınıb. Elə vəziyyətdədir ki, türk həkim kömək edə bilər. Onu gözləyirik. Bir də bolt lazımdır. O da 250 manatdır. Danışa bilmirik, vəziyyəti pisdir...

Türkiyəli mütəxəssisin isə bazar ertəsi gələcəyi gözlənir...

CİNAYƏT İŞİ AÇILDI

Avqustun 31-də Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb. İki nəfər saxlanıb.
XS
SM
MD
LG