Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:26

Mərkəz Qacar. Şeirlər


-

VİCDAN

Vicdan düşmənidir ölü canların,
Başının qorxulu qara daşıdır.
Əqidə yolunda can qoyanların,
Əzəli, əbədi yol yoldaşıdır.

Qarışar dünyada qara ağ ilə,
Əgər vicdanını itirsə hər kəs.
Dünyanı başına götürər hiylə,
Vicdansız yaşamaq ölüm deyil bəs?

Onu itirənlər güvənər zora,
Comərdlik, kişilik zorda çatlayar.
İnsanlar vicdansız gedərsə gora,
Torpaq fəryad edər, gor da çatlayar.

Nadanlar, naqislər qorxub həmişə,
Vicdanın oyanıb kükrəməsindən.
Onların yolunda böyük əndişə,
Daim diksiniblər vicdan səsindən.

O candan ayrılıb uzaq düşəndə,
Adicə bir cismə çevrilir insan.
Vicdan sahibindən əlin üzəndə,
Özü öz içindən devrilir insan.

Vicdan əyilərmi çəkilsə dara,
Onun ürəklərdə dayağı vardır.
Əbədi eşq olsun o insanlara,
Əlində vicdanın bayrağı vardır.


ZİRVƏDƏN ENƏNDƏ

Zirvədən ayrılan sal buz kimiyəm,
Hələ yol gəlirəm torpağa sarı.
Orda nə gözləyir məni bilirəm,
Yəqin artıracam çayda suları.

Qar ləpəsi olub uçdum havaya,
O uca zirvəyə çatana kimi.
Buludla, yağışla girdim davaya,
Oldum məqsədimin əsl hakimi.

Qatdım gecələri gündüzlərə mən,
Yol getdim daima, bilən olmadı.
Büdrəyib bu yolda yıxıldım bəzən,
Düzəltdim özümü, görən olmadı.

İndisə ömrümün qürub çağıdır,
Alıb duman məni, alıb çən məni,
Əməlim əyilməz Murov dağıdır,
Külək qoparammaz kökümdən məni.

Zaman günlərimi göyə sovurub,
Şamtək əriyirəm mən həzin-həzin.
Əsl insan odur zirvədən qopub,
Zirvədəki kimi yaşaya bilsin.


SƏN DEMƏ

Öz əlimlə çiçək əkdim, bitirdim,
Qış gələndə solacaqmış sən demə,
Öz eşqimi tapmamışdan itirdim,
Gözüm yaşla dolacaqmış, sən demə.

Elə bildim öz arzuma çatmışam,
Azman filin qulağında yatmışam!
Ayrılığın dəryasında batmışam,
Gözüm yolda qalacaqmış, sən demə.

Bir gözəlin atəşindən alışdım,
Külə dönüb toz - torpağa qarışdım,
Vüsal üçün ha əlləşdim, çalışdım,
Olan, qardaş, olacaqmış, sən demə.

Vurulmuşdum nəğmə deyən kamana,
O da bir gün oxu qoydu kamana,
Qalmayasan səni belə zamana,
Kaman qəmi çalacaqmış, sən demə.

Darılmadım həyat məni sıxanda,
Günəş batıb ildırımlar çaxanda,
Yaralanıb qanım yerə axanda,
Kimsə saçın yolacaqmış, sən demə.

Mən Qacaram, yolum elə çalmadı,
Salam verdim Əzrayıla, almadı,
Əzizlərim köçüb getdi, qalmadı,
Məndən əvvəl öləcəkmiş, sən demə.


GİZLİCƏ - GİZLİCƏ

Gör necə də ötüb keçir
Zaman gizlicə-gizlicə,
Qonur, qardaş, gözlərimə
Duman gizlicə-gizlicə

Dəyişib dünyanın işi
Nakişilər olub kişi,
Hamı deyir itib, əşi
İman gizlicə - gizlicə.

Tikan da çiçək "bitirir",
Torpaq gücünü itirir,
Altından su da ötürür,
Saman gizlicə-gizlicə.

Kişilər xəlbir ələyir
Safı qəlbinə bürüyür,
Tanrıdan hər gün diləyir
Aman gizlicə-gizlicə


TƏRƏZİ

Gör neçə min ildir davam eyləyir
Ağırla yüngülün mübarizəsi,
Kimdir ədalətli, kimdir günahkar?
Özün ayırd eylə, sən, ey tərəzi.

Əyilmə başını sığallayana,
Hökmünü verəndə ədalətli ol,
Saxla tamahını, uyma yalana,
Qərara gələndə cəsarətli ol.

Haqqı, ədaləti qoru, saxla sən,
Vermə gəl onları nəfsinə qurban
Nədən şübhən varsa, onu yoxla sən;
Haqsız haqlı olsa alışar cahan.

Düz çək, düz hesabla gözündəkini
Bil ki bu dünyanın gözü səndədir,
Bir gün yoxlayarlar çəkdiklərini
Əyrisi səndədir, düzü səndədir.


ALDANMAYAQ

Aldandıq zaman-zaman
Aldanmayaq daha biz,
Sevinci ucuz satıb,
Qəmi aldıq baha biz.

Aldanmaq da bir yara,
Sağalmaz yeri qalar,
Bəşəri çəkər dala,
Özü dipdiri qalar.

Qonşulara inandıq
Girdilər cibimizə,
Çalxalandıq, bulandıq,
Görk olsun gərək bizə.

Nankorlar dənizində
Biz balaca bir ada,
Hansısa iş görəndə
Keçmişi salaq yada.


DEYİLƏM

Saldığın körpüdən yenə keç demə,
Bir dəfə yıxıldım, keçən deyiləm.
Verdiyin badəni mənə "iç" demə,
Bir yol zəhərləndim, içən deyiləm.

Fələk nə qardaşım, nə əmim deyil,
Verdiyi o qəmlər öz qəmim deyil.
Görünən bu zəmi öz zəmim deyil,
Özgə zəmisini biçən deyiləm.

Sən nəyi öyrətdin, nəyi, gör mənə,
Baxıb gendən gülür alov, qor mənə.
Bəxtimə nə düşüb, onu ver mənə,
Yaxşını, ya pisi seçən deyiləm.

Biz uca duraqmı uca dünyadan,
Hələ pay düşməyib aca dünyadan
Tale özü bilər, qoca dünyadan,
Sənin istəyinlə keçən deyiləm.


YAŞADIM

Bu ulu dünyada nələr görmədim,
Sirli gərdişinə baxdım, yaşadım,
Mən ki, öz nəhrimi iki bölmədim,
Kür kimi Xəzərə axdım, yaşadım.

Kimə demək olar keçmişi unut,
Xatirə sinəmi yandıran bir ud.
Günəşin üzünü tutanda bulud,
Qəzəbdən şimşəktək çaxdım, yaşadım.

Vuruşdum vətənin, elin yolunda,
Öz hüququ vardır axı qulun da.
Alov dil açanda sağım, solumda,
Sinəmi odlara yaxdım, yaşadım.

Fələyin əzəldən ürəyi bumbuz,
Gah mülayim olur, gah da ki, quduz,
Getdi əzizlərim, mən qaldım yalqız,
Göz yaşın ürəyə sıxdım, yaşadım.

Özgə qanadında uçan olmadım,
Namərd qapısını açan olmadım.
Düşmən qabağında qaçan olmadım,
Onu torpaq üstə yıxdım, yaşadım.

Sanmayın siz məni dəf edərdilər,
Buna cəhd edənlər səhv edərdilər.
Mən haqsız olsaydım, məhv edərdilər,
Bütün işlərimdə haqdım, yaşadım.


DAHA SEVMƏ MƏNİ…

Sevmə gəl, əzizim, sevmə sən məni,
Sevilən günlərim arxada qalıb.
Küləyə tuş deyil ömür yelkəni,
Dəniz quruyubdur, bir ada qalıb.

Eşit nələr deyir solan yanağım,
Daha dodağımın odu görünmür.
Mən də güc hardadı, çay olub axım,
Şirin günlərimin dadı görünmür.

Daha zəifləyib sinəmdə ürək,
Paslı qılınc kimi korşalıram mən,
Yükün boşaltmağa gələn gəmitək,
Ömrün sahilinə yan alıram mən.

İtirib işığın toran gözlərim,
Gənclik hərarəti qalıb arxada.
Qayanı güllətək deşən sözlərim,
Daştək unudulub, düşməyir yada.

Yağıram, ilmələr toxuyuram mən,
Axıram sahibsiz axan su kimi.
Daha son nəğməmi oxuyuram mən,
Ölümün gözləyən dərdli qu kimi.

Sevəni sevməmək bəlkə də günah,
Əllərin toxundu yenə əlimə.
Daha sevmə məni, sevmə sən Allah,
Burax çıxıb gedim son mənzilimə.
XS
SM
MD
LG