Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:46

Valerianım! Korvalolum! Validolum!


-

Rəşad Məcid



Xilaskarım!

Sən - dərdin qənimi!
Sən – qüssənin cəlladı!
Sən - ağrıların keyidicisi!
Sən gerçək - yalan
artan çoxalan
yüzə - minə vurulan
bəd xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!

Sən - ən kədərli anımın sirdaşı
ən kefli halımın yoldaşı!

Sən olmasaydın
beynimə mikrob tək
düşən
qanıma işləyən bu
fəlakət virusları
bu faciə bu ölüm epidemiyaları

çoxdan yayılmışdı beynimin hər küncünə
ürəyimin dibinə!
Yayılmışdı yosun tək!
Sən saxladın onu damarlarımın divarlarında
beynimin uzaq küncündə!
Qoymadın yayılmağa!
Boğazımdakı qəhərdən qalxıb
beynimdə insulta
ürəyimdə infarkta keçməyə qoymadın!
Sən ən böyük rahatlığım!
Ona görə yeyirəm ki dadına dad artıracaq!
İçirəm ki, səni şirinləşdirəcək!
Sənə görə yeriyir
sənə görə gəzirəm!
Səhər tezdən yanındayam =
bir qurtum su ilə
bir qaşıq balla!
Axşam səninlə bağlanır göz qapaqlarım!
Xilaskarım!

Kimdi səni anlayan -
Barmaqla sayılan azlar!
Çörəyi dizinin üstə olan
Ətəyindən tutub qalxan
sonra səni söyən tapdalayan naxələf dayazlar!
Ən çətin anlarında da barmaqlarını aralayıb - birin ver- deyənlər!

üstünə yüyürür bəşər!
Səni göydələnlərdən çıxarıb bomj kimi
qapı ağzına atırlar
təyyarələrdən otellərdən qaçaq salırlar
Səni hava limanlarında bir küncə sıxdılar
Səni qatarlarda ən kirli vaqonlarda qapadılar!
Dözdün dayandın! Sakit baxdın!
Üstünə yuyurdu
qanunlar yasalar!
Orda onun burda bunun bəyanatı!
Bizdə də Qənirə xanımın qanun layihəsi!
Qapalı alanlar!
No smokinqlər
içiləməzlər
çəkmək olmazlar!

Sən olmasaydın bəşər uşaqlıq çağında qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi
və ən böyük kəşflərinin cığır açanı!
Ən gözəl musiqinin
ən ilahi sözün qanad verəni!

dün on adama ağız açdım
qapısında içiləməz yazılan odamda
sənə bir tabaq tapılanacan!
İncimə küsmə!

Bu şeirdə mənim sənə
təşəkkürüm sədaqətim!
Tütünüm !
Nikatinim!
Tüstüm!
Siqaretim!

***

Yaddaşımı sil

İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə.
Bilgisayar kimi, telefon kimi,
Yaddaşı təzələ, ya format eylə.

Dopdolu beynimin ağırlığından,
Sıxılır ürəyim, dolur gözlərim!
Yapışıb tavanda qalır baxışım,
Bir məchul nöqtəyə dalır gözlərim.

Beynimin içində qaynaşan dərdlər,
Yeyir, dimdikləyir olan varımı
Qurdtək parçalayır, balıqtək udur
Xoşbəxt anlarımı, saatlarımı.

Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını yaxşılı-pisli,
Təzdən ağ beyinlə başlayım barı.

***

Söz

Heç onu bu qədər günahkar, aciz,
İşıqsız görmədim, saxta görmədim.
Dənizə atılan daştək mənasız,
Bu qədər təsirsiz vaxtda görmədim.

«Azərsel»in şablon təbrikləritək
Hamı yollayacaq – yiyəsi yoxdu.
Ən isti kəlmə də çox işlənibsə
Kəsəri qalmayıb, tiyəsi yoxdu.

Sən sözü dəyərdən elə saldın ki,
Nə desən yalandı sən mənə indi!
Qımışıb baxıram dünən dediyin
Gözümü yaşardan kəlmənə indi.


* * *

Uzağı bir ay

Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki heç zaman çıxmır yadımdan –
Çığırdım, qışqırdım, şivən qopardım.

Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb.

İndi nə sarsılıb, nə də yanaram
Taleyin növbəti sərt sınağına.
Uzağı bircə ay qubarlanaram
Qurduğun qalanın uçulmağına.


* * *

Əsəb dərmanı

İldırım tək gedirdin,
Qəfildən qucaqladı.
Dayanası deyildin,
Səni yaman haqladı.

Ləngidi yerişlərin,
Addımların laxladı.
Zamanı yavaşıtdı,
Vaxtı tutub saxladı.

Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.


* * *


Çarə

Bunun bircə çarəsi var –
Sən bu yolu qısalt, getsin!
Apendisitin, ödün kimi
Çıxart getsin, kəs at, getsin!

Üzündəki sızaq kimi
Kislatanı tök, yandırsın.
Hər gün əzab verənəcən
Birdəfəlik bərk yandırsın.

Aman allah, bu nə çarə,
Bu nə əlac – sızıldadım.
İcazə ver bu ağrıdan,
Uzaqlaşım addım-addım.

* * *

Çıxırsan yavaş-yavaş,
Vətənimdən çıxırsan!
Beynimdən aralanıb
Bədənimdən çıxırsan.

Məğlub ordu kimisən,
Sınıq-salxaq çıxırsan.
Ərazimdən astaca,
Yorğun, axsaq çıxırsan.

Geri dönür nəfəsim,
Sifətim işıqlanır!
Cadudan ayılmışam,
Gözümün dibi yanır!

Nə yaxşı ki, çıxartdın
Bu tilsimdən, ilahi!
Mənə sakit həyat ver,
Rahat bədən, ilahi!


* * *

Saxla

Gözlə, hamı yığışsın,
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.

Topala heyranları,
Düzləri, yalanları.
Az sına qurbanları,
Qurtar bu teşti saxla.

Üzünü işıq elə,
Dərddən bir qaşıq elə,
Bir az qarışıq elə,
Mən doydum, bəsdi, saxla.

* * *

Bəsdi!

Neçə ay içindən çıxa bilmədim:
Türmədi, məhbəsdi, qəfəsdi - bəsdi.
Gözümün yaşını yığa bilmədim,
Kürdü, Həkəridi, Arazdı - bəsdi.

Keçdim, qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri, dərd-qəmi keçdim,
Ruhumla bir sirli aləmi keçdim,
Vergidi, cadudu, nəfəsdi - bəsdi.

Sultandın, çevrildi taxt, sona yetdi,
Tale bağışlayan baxt sona yetdi,
Tanrının verdiyi vaxt sona yetdi,
Sevgidi, qəzəbdi, həvəsdi - bəsdi!

* * *


Xəngəl

Hey yoğurdun, kündələdin,
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın axır etdin
Yuxadan da nazik məni.

Böldü, kəsdi parça-parça,
Bıçaq tutan barmaqların.
Daşıdı qaynayan suya
Undan da ağ dırnaqların.

Bəlkə qazı çox elədin,
Vaxtı ötürdün deyəsən.
İş işdən keçəndən sonra
Üstdən götürdün deyəsən.

Gətirib masaya qoydun,
Bir yekə sinidə məni.
Kim dadıma yüyürəcək,
Kim yeyəcək indi məni?


* * *

Səndən qalanlar

Bu şeirlər, bu yazılar canımdan,
Səni hiss-hiss, duyğu-duyğu qoparır.
Əllərini, tellərini astaca,
Gözlərini qorxa-qorxa qoparır.

Hələ çoxdur səndən məndə qalanlar,
Hələ nələr yazmalıyam mən, nələr...
Ağrı dolu, əzab dolu romanlar,
İnildəyən, sızıldayan nəğmələr.

Gərək hələ səni gün-gün itirib,
Görüşləri bir-bir sayıb çıxarım.
Hüceyrəmdən pinset ilə götürüb,
Ürəyimdən qaşıqlayıb çıxarım.

Son şeirimi yazdığım gün son səhər,
Yaddaşımdan uzaqlaşıb itərsən.
Son baxışın bədənimi titrədər,
Gözümdəki son damlayla bitərsən.

Qafqazinfo

XS
SM
MD
LG