Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:25

Aliq Nağıoğlu "Köhnə haqq-hesab" (Hekayə)


-

Aprel ayının ortaları idi. Bir həftəydi Rusiyadan qayıtmışdı. Bu, bir həftədə aramsız yağan yağış kanalları doldurmuşdu, payı bəlli əkin yerlərində su durmuşdu. Kənd camaatının elliklə yolqırağı xəndəkləri hamarlayıb yerində hündür daş hasarları tikmələrinin ziyanlı tərəfi özünü göstərirdi; həyət- baca, kəndarası yollar da topuğacan suyun içində idi. Kənd həyatında çox şeyin: otun, odunun, dənin tükəndiyi məqamda fasilələrlə verilən işıq onun sakinlərinin yaşam tərzinin bütün əzablarını bir andaca göz önünə gətirirdi. Havalar da xeyli soyumuşdu. Ona görə gələndən iki dəfə evdən bayıra çıxmışdı, qohum- əqrəbadan eşidən- bilən gəlib görüşmüşdü, dünənsə arvadının təkidi ilə geyinib-keçinib ucqar dağ kəndinə türkəçarə həkimə getmişdi.
Bekarçılığa öyrəşmədiyindən bir neçə dəfə talvarın altında toyuqlara dən atmışdı, həyətə çıxan kimi arxasınca düşürdülər.” Demişdim axı, bunları özünə öyrətmə. Quş olanda nə olar, ələbaxımlığa həssasdılar, dalına düşüb pələdə çıxacaqlar,”- hüzür yerinə hazırlaşan arvadı səhərdən qarasınca deyinirdi. “Qo-num-qonşuda toyuq qalmayıb, xəstəliklər hamısını təmizlədi, kəsib yeməyə çatdırmadılar. Bizimkiləri də yaman göz qıracaq”. “Bəs sənin arxanca niyə düşmürlər?” fərqinə varmadan soruşmuşdu. “Mən bunlarla cücəlikdən bir yer-dəyəm, öyrəşiblər mənə, sənisə indi görürlər. Bir də gələndə bunlar olmayacaq, başqaları yerinə gələcək.” “Kim bilir, bu səfər bəlkə mən qabağa düşdüm”. “Onu Allah bilər. Gorbagorlar deyirdilər, guya qadınlar xırdaçılığa meyllidir, bizdə tamam əksinədir”- başını acıqla yelləyərək tikanlı danışmaqda davam edirdi.
Səbəbini təxmin edirdi. Gəldiyi günün gecəsi ona anlatmışdı ki, “bu, gəliş fərli- başlı pul gətirməmişəm, bir yandan işləyə bilmirəm, artıq canım əl vermir, o biri yandan da dərslərə vaxtım çox gedir. Uşaqlar da hələ indi-indi işlərini qururlar, özlərinin pula daha çox ehtiyacları var”. Ona görə hər hərəkətinə mız qoyurdu. Su çəninə su vurmaq üçün mühərriki cərəyana qoşduğunu bilən kimi acılayırdı, “heç nəyə əlini vurma, bura sənə Rusiyət deyil, quyular tez quruyur, səndə də yaddaş deyilən şey yoxdur, motor yansa, yenisini almağa pulun da ol-mayacaq”. Qalırdı yemək, yatmaq, arada yazdıqlarını təkrarlamaq. Cibində bir şey olmayanda kənd həyatının cansıxıcılığı o saat gözə girir.
Amma bu gün səhərdən yağış kəsmişdi. Hava açılmış, gün çıxmışdı. Günortaya yaxın yığılan sel suları yavaş-yavaş çəkilirdi. Atasının balacalıqda dedikləri yadına düşdü: “Bizim əkinlərə yağış o qədər də gərək deyil, dağların şehi bəs edir ki, əkdiklərimiz cücərsin, sonrası Allah kərimdir. Yağışlar çox olanda mütləq taxılı ota çevirəcək.”
Talvarın altında fikirli gəzişirdi. Diplomqabağı praktikanı kənd məktəbində keçirəcəkdi. Yaşadığı, iyirmi il çörək qazandığı yad şəhərdə yaşlaşdıqca artıq ayaqüstə, qaçaraq şəraitə taplaşa bilmirdi. Ən çox ayaqları əziyyət verirdi, bu səbəbdən dünən özünü ucqar dağ kəndinin türkəçarə həkimi-nə göstərmişdi. Həkim ali təhsilli biologiya müəllimi idi, amma dağlardan yığdığı bitki köklərindən ən müxtəlif dərmanlar hazırlayaraq, çoxlarına şəfa verib xeyli məşhurlaşmışdı, hətta mərkəzdən sayılan professorlar sorağına gəlirdi. Boydan balaca, sısqa bu adam onun Rusiyadan gəldiyini eşidəndə yaman sevindi, özünün də qürbətdə iki oğlunun olduğunu dedi. Düzdü, başqa- başqa şəhərdə yaşasalar da, onlar soyuq Sibirdə olurdu, biologiya müəllimi ümumi vəziyyəti bilmək istəyirdi. “Get- gedə hər yerin zibili çıxır, ağqulaqlar da ayılıblar, qabaqkı kimi deyillər, yanlarına getmək lazımdır, bekara veyillənmək-dən nə çıxar, maraqlanmağına düz edirsən. Avaralanırlarsa, gərək vaxtında götürüb gətirəsən, gec olmasın. Allah eləməmiş, bədbəxt hadisə baş verəndə güc yenə özünə düşəcək, adamlar biganələşib, qabaqkı zaman deyil, bura necədi, orada elədi.” Həkim əlüstü razılaşmışdı, “yayda fikrim elədir, üç ildə bir manat göndərməyiblər, ailələri, uşaqları da mənim üstümdədir.” Sonra ağ dəftər vərəqinə səliqə ilə dərmanların adını, qəbul etmə vaxtını yazdı, “düz on günün tamamında gələrsən, xeyiri olmalıdır, başın qarışıb pul qazanmağa, canın yaddan çıxıb. Qonşu kənddə yeznəm olur, o da sənin kimi səhlənkar idi, düşmüşdü pulun dalına, onda ayıldı ki, artıq rakdır”,- bic-bic irişdi. Ümidini tamam üzdü. Qəribə adamdı, “heç belə sözü də şax üzə deyərlər” – canından vicvicə keçdi, indi bunun yanına ikinci dəfə gəl görüm.
Arvadı həkimə getdiyini bilib xeyli deyinmişdi. “Camaat sağalmağa canını götürüb, Rusiyətə qaçır, sənsə əksinə edirsən. Bizim həkimlərin bildiyi bir şey yoxdur, çürüyən yerin qalacaq, ağrımayanı tərpədəcək. Səninki yenə türkəçarə həkimdir. Pulun olmayan vaxtı hoqqa çıxardırsan. Mayın əvvəli kiçik yeznə uşağı kəsdirəcək, deyirdim heç olmasa min dollar köməklik edərdik. Tifil uşaq, istilər düşməmiş xeyir işi yerbəyer eliyərdi. Sənsə ərköyün gənclər kimi bivec diplomları yığırsan. Kimi aldadırsan, bu günəcən sən, balaların diplom çörəyi yemisiniz?” Mübahisəyə baş vurmurdu, onsuz da arvadı qınamağına dəyməzdi, illər uzunu ev- uşaq qayğısı, elin hampalığına duruş gətirmək vərdişi əsəblərini yetərincə pozmuşdu. Görüşə gələndə diqqətini çəkmişdi ki, qızlara əl daldası hələ çox edilməlidi, əbəs yerə deməyiblər: “oğlan evi- alanacan, qız evi- ölənə-cən.”
Qocalıqda yorğalıq etmişdi, beş il öncə yaşadığı şəhərin universitetinin təbii coğrafiya fakultəsinə daxil olmuşdu. Uşaqlıq arzusuna altmış yaşında çatırdı, müəllim olacaqdı. İki diplomu olsa da, müstəqillikdən sonra çörəyi qürbətdə çıxırdı. Soruşana deməyə də xəcalət çəkirdi, çürümüş, atılmalı olan kələmi duza qoydurub “zakuska” əvəzi xırda budkalara paylayırdı. Əvvəl- əvvəl çətin idi, tədricən öyrəşdi, çörəyə çatdı, yük maşını aldı, bu işləri yoluna qoymaq üçün iki qadın fəhlə götürdü. Heç vədə ürəyinin qızdığı adama belə ordakı məşguliy-yətindən danışmazdı, “hamı kimi mənim də dolanışığım bazardan çıxır”, – söhbəti müxtəsər edirdi. Rusiya həyatı onu sirqayın etmişdi, iç sözünü hətta doğma arvadına ürək qızdırmırdı. Bu, minvalla qızları oxudub ərə verdi, oğlanları da yanına apardı. Hər ikisi ali təhsil aldılar.
Yaşlaşmışdı, iyirmi il mütəmadi gördüyü işlərin davamını gətirə bilmirdi. Çarə nəydi, qalan ömrünü doğma kəndində müəllimliklə başa vurmalı olacaqdı.
Bu gün Rusiyada dünyasını dəyişən həmkəndlisinin yeddi mərasiminə də getməliydi. Mərhum ağır xəstə idi, çox bahalı cərrahiyyə əməliyyatından sonra, pəhriz saxlamadığından bir neçə saatın içində halı xarablaşmış, ölüsünü qürbətə salmışdı. Rusiyada min zülümlə çörək qazanmağa cəhd edən, Allah bilir neçənci kənd sakini acınacaqlı taleyini bəlli sonluqla bitirmişdi…
Bu arada arvadına işarə etmişdi ki, varlı olanda nə olar, kəndin məşhur sahibkarı ilə görüşüb hal- əhval tutmaq istəyir, ölümlü- itimli dünyadır, gör aradan nə qədər sular axıb. Amma necə bilsin burdadır, yoxsa yox? “Sənin qarnının dibini bilmək olmaz. Onun da nə vaxt gəlib-getdiyini kimsə görməz, bilsə- bilsə qarımış çuxotka bacısı bilər.” Əlüstü də eyham vurmuşdu, ancaq səbəbini soruşmağa dirənməmişdi. Xəstə bacı qonşuluqda ata evində olurdu, dünən arvadına qoşulub hüzürə gedəndə ağzından qaçırmışdı ki, qağası sabah qısa zamanda evinə baş çəkəcək, hələ istəsə hər zaman bağlı olan giriş qapını açmaqda da yardımçı ola bilər, bu şərtlə ki, kimsə bilməsin. “Vaxtı itirmə, yubanmasan görüşərsən”, xəbərdar etmişdi.
Əslində aralarında köhnə haqq-hesab vardı. Düzü, bu barədə hətta qadınına bir kəlmə deməmişdi. İndiyə kimi gəl- geti seyrək olduğundan, işləri rəvan getdiyindən sanki yada düşməmişdi. Bir halda ki, görüş üçün yaxşı für-sət yaranıb, yubatmağına dəyməz.
Sahibkarın evi asfalt yolun üstündə olduğundan gözə görünməmək üçün günorta vaxtının seçilməsi ondan asılı olmadı; sırf təsadüf idi. Əslində daxilən çox narahatdı, amma indiki vəziyyətində başqa çıxış yolu görmürdü. Tə-rəddüdlə, təzə rənglənmiş çox bahalı darvazanın bala qapısını yavaşca itələdi, doğrudan açıqdı. Qəribə inadkarlıqla içəri keçib arxasınca qapını möhkəm çəkdi. Təmir işləri yenicə qurtarmışdı. Deyirdilər yeni il girəndən burda şıdırğı iş gedirdi. Düzdü, çoxdandı bu həyətdə olmamışdı, amma işlərin binanın fasadından tutmuş həyətinə kimi böyük zövq və səliqə ilə görüldüyü diqqət çəkirdi.
Onu görən kimi tanıdı, bircə saçlarına dən düşmüşdü, alt mərtəbənin içəri otağından çıxırdı:
- Buyurun, eşidirəm sizi, – əlüstü dilləndi, – ancaq bayır qapısı bağlı olmalı idi, hardan girdiniz…
- Balaca qapı açıqdı, bağışla narahatçılığa görə… Deyəsən, tanımadın məni…
- Vallah, demək yava çıxmasın, kəndə gəlməyinə peşmansan, o qədər dərdi-səri olan axışır ki… Onsuz da nə qədər çalışsan, hamının möhübünü düzə bilmirsən…
- Mən də elə o vaxtı kənddən gedənəm… Arada üç- beş günlüyə gəlirəm, o da xeyir iş, ölüm- itim olanda, hesabnan on ildə, iki-üç dəfə. Cəmiləm də, çoxdandır görüşmürük…
- Həə, xoş gördük, xoş gəldiniz, – cəld irəli yeriyib görüşdü, amma narahat olduğu açıq görünürdü,- buyurun əyləşin… Təkəm, hazır çay var, bir stəkan içək, vaxt az olsa da, dərdləşək..
.
- Əziyyət çəkməyin, evdən gəlirəm, durub hüzürə gedəcəm, bu gün mərhumun yeddisidir…
- Mən də vaxt tapıb beş dəqiqəliyə gələcəm, amma günortadan sonra, bir dəfə olmuşam… Kənd qırıldı, qurtardı… – üzbəüz oturdu.- Evdə uzun müddətdi iş gedirdi, təzə başa çatıb, indi kimsə yaşamır, ancaq nəzarətçi var. Elin xeyir-şərində tez- tez oluram, gördüm şər- şəraitim pis gündədir, əl gəzdirməli oldum. Qəti çəkinmə, özünü sərbəst hiss elə, danış görək nə var, nə yox…
- Min şükür, çətin olsa da, birtəhər edirik. Uzun müddətdi Rusiyada fırlanırdım, uşaqları böyütdüm, qızları yerbəyer etdim, artıq qocalıq da öz işini görür, baxıram ki, oralar, indi mənim yaşında olanların yeri deyil…
- Fabrik üçün yaşlısan, – şəhərdə və əyalətdə dünyaca məşhur olan fabrikləri olduğunu eşitmişdi,- yoxsa burda işə götürərdim səni… Amma yadındadır, oraların yolu təzə açılanda əsasən qocalar qabağa düşmüşdülər. Bir xeyli də başardılar…
- Ölülərini ora saldılar, ondan sonra cavanların dalğası gəldi. Bir ara, məktəb yaşlı uşaqlar da yaxşı qazandılar, ən azından bir ilə hərbi biletin pulunu rahat toplamaq olurdu. Getdikcə hər şeyin zibili çıxdı, son vaxtlarsa vəziyyət lap pisləşib…
- Maşallah sir- sifətdən yaxşı qalıbsan…
- Sir-sifətə nə verirlər, aldadır adamı. İçimdən xəbərim olmayıb. Uzun illər ayaqüstü çörək qazanmaq axırımıza çıxdı. İstəyirəm yığışam gələm, əlləşənə burda da çörək var…
- Heyf ki, kəndçi, yaşlısan, həm də özün dediyin kimi xəstəliklərin çoxdur, yoxsa sənə kömək edərdim…
- Nahaq əziyyət çəkirsən, cənab, onsuz da mən işimi qabaqcadan ehtiyatlı tutanam. Beş il əvvəl müəllimliyə girdim. Ona qədər iki diplomum olsa da, karıma gəlmədi, heç yanda münasib iş olmadı. Baxanda kəndçininki müəllimlikdir, kənd məktəbində dimlomqabağı praktika keçəcəyəm, bir-iki aya da yığışıb gəlirəm. Estafeti verirəm oğlanlara… Hər ikisi ali təhsil alıblar, böyük burda iş axtardı, ona da qəhətə çıxdı. Orda isə hər ikisi işləyir, min şükür…
- Deməli, sən bizim məktəbdə müəllim işləyəcəksən. – Sifəti işıqlandı. – O, məktəbi mən tikdirmişəm! Yenilənən Azərbaycana yeni məktəb! Lap yaxşı oldu! Mən uzaqgörən adamam, bilirdim gec-tez öz kəndimizin savadlı müəllimləri yetişəcək. Necə ki, yetişir. Yadında olar, uşaq vaxtı Səfər kişinin at tövləsinin yerində yaman günlük məktəbin olmağı?
- Bə nədi, hamımız orda oxumuşuq, onun həyətində az top qovmamışıq…
- Yalan deyərəm, uşaqlıqdan kitab oxumaq, top qovmaq həvəsim olmayıb… Mənimki başqa şey olub, arzuma da çatmışam… Keçən il beş ayın içində yeni məktəbi istifadəyə verdim. Müəllimlərə də hər cür köməklik edirəm, ali məktəbə girənlərə pul ayırıram, əlsizlərə, hüzürü düşənlərə yardım edirəm… Onsuz da bizim haqqımızda hamı hər şeyi bilir, danışır, deməyim yersizdir. De-məli, vaxtında bu ilahi varlığa meylimi düzgün salmışam, həə? – Bir an nəyisə xatırladı.- Deməyə məcburam, bizim adamların toyuqlarla oxşarlığı ondadır ki, yemək- içmək verdin, alaqarın oldular, rahatca dalına düşəcəklər. Fərqləri də var: toyuqlar doyandan sonra, fikir veribsən, yoxsa yox, dən qabaqlarında qalar, öldür yeməzlər, adamlarsa p.xunu çeynəyə-çeynəyə üyütməkdə davam edərlər. Söhbət ondadır ki, bizimkilərin toyuq qədər mədəniyyətləri yoxdur.- Sınayıcı nəzərlə qəfildən susdu.
- Düz sözə nə deyəsən…- söhbət ürəyincə olmasa da razılaşdı. Sahibkarın cib telefonu zəng çaldı. “Yarım saata ordayam”- başını razılıqla tərpətdi.
- Dinclik yoxdur. Başçı ilə görüşəcəyəm… Səninlə söhbətləşmək xoşdu… Açığı heç nə xahiş etmirsən, yoxsa mənim yanıma, harda olsam, tapa bilsələr, ancaq nəsə ummaq, qopartmaq üçün gəlirlər… Ona görə köçdüm burdan şəhərə, bezdim obalılardan…
- Sağ ol ki, çoxuna çörək veribsən, nə qədər eləsən, narazılar yenə olacaq…
- Yaralı yerimə toxundun. Mənə obalının ruhu yaxındır, amma onun səhvinə terpet edə bilmirəm… Bizimkilərə iş-çörək verirsən, amma tez də cızıqlarından çıxırlar. Sən ki bilirsən, indi çörək daşdan çıxır. Bu, işləri qurana kimi ev, arvad-uşaq üzünə tamarzı qaldım, ömrüm qatarlarda, təyyarələrdə, qostinlərdə keçdi. Dözə bilməzdim böyük dayım olmasaydı, on il yatandan sonra sağlamlığını itirsə də, türmə həyatı ona çox şeyi qandırmışdı. Ağıllı, bacarıqlı, həm də riskli adamdı. Özümə qalanda başım müsibətlər çəkdi, şəkər tapdım, indi də normal ailə həyatım yoxdur… Hərdən fikirləşirəm ki, bu qədər həngamədən sonra doğma arvadınla bacı- qardaş kimi yaşayacaqdınsa, sadəlövhcəsinə can çürütməyə nə hacət varmış?! Tanıdığım yerli iş adamlarının çoxu bu gündədir, hamısı qorxu xofu içində yaşayır, demək- danışmaq da ol-maz! Gendən baxana hər şey ütülü görünür. Elədiklərimin müqabilində düşünürəm ki, nə vaxtsa yıxılsam, piyada kəndin mərkəzindən keçsəm, yadları demirəm, heç doğmalarımdan da quru salam verən olmayacaq, ancaq yenə yaxşılığımdan əl götürmürəm. Hərçənd, imkanım daxilində… Yaxşı, gərək məni bağışlayasan, başağrısı verdim, lazımsız çərənlədim. Hələ kənddə bundan sonra çox olacaqsan, hamı kimi sən də gəlməyimi biləcəksən. Telefon nömrəmi vermirəm, kəndin iti- pişiyi də bilir. Möcüzə də istisna deyil: bəlkə özüm səni aradım…- Uşaqlıqdan xasiyyətinə bələddi: qeybətcilliyi vardı, uzun müddət görüşmədiklərindən ürəyi lap dolu imiş. Özü də darıxdı, ürəkaçan söhbət deyildi.
- Bilirsən nəyi yadına salmaq istəyirdim, iyirmi il bundan əvvəl sənə… – ümidsiz halda susdu.
- Çəkinmə, yadıma sal, mən xatırlaya bilmirəm…
- Onda sənin çətin vaxtın idi, gəldin, istədin, mən də otkaz etmədim, həm də varımdı, verdim…
- Pul olar… Düzünü de, nə qədər idi?- tələsik soruşdu.- Mən uzun müddətdir ki, şəkərdən əziyyət çəkirəm, yaddaşım korşalıb…
- Dünənki uşaqsan, bu, mərət səni nə tez xırxaladı?.. Anladım, işindən miras qalıb… Pis çıxmasın, deməyə də utanıram, o vaxtkı pulnan iki min manat idi…
- Sən canın, bu vaxta kimi heç adını da tutmamısan, nə qəribə adamsan.
- Ehtiyacım yoxdu, indi mənim özümə, xəstəliyimi müalicə üçün lazımdı…
- Gör üstündən nə qədər vaxt keçib eyy… – əlini qara dərili gödəkçənin içəri cibinə saldı.
- Üstümdə olandı…- Bir büküm yüz dollarlıq idi.- Götür, çəkinmə, dədə malı kimi halal edirəm… O vaxtı sən mənə pis vaxtımda əl tutmuşdun, xatırladım. Nankor deyiləm, əks halda, Allah mənə bu qədər sərvət qismət elə-məzdi. Amma heç yerdə bir kəlmə danışmırsan, səni tanıyıram, xəbərdar etməyi də özümə borc bilirəm. – Bir az fikrə getdi. – İstəsən, Almaniyada müalicəni təşkil edərəm, böyük dayım orda yaşayır, o həm də mənim biznes ortağımdır…
- Narahat olma, fikirləşməyə vaxt var, hələ bir ay burdayam…
- Təhsil müdirinə tapşıraram işə düzələndə sənə problem yaratmazlar. Özün bilirsən də, bura-Azərbaycandır! Hef ki, dar macalda rastlaşdıq. Özünü qoru, çalış ölmə, arvadlar düz deyib: üç günün ölüsü, üç ilin ölüsü, o saat unudulacaqsan, səbəb – ölən çoxdur. İndi arxamca maşın gələcək. Hələ də annaşdıra bilmirəm, darvazanın bala qapısını kim açıq qoyub… Lap skleroz olmuşam… – Gülümsədi. – Qismətə baax, belə olmasaydı, görüşə bilməzdik.
Oğrun-oğrun qapıya baxdı.
- Tələsmə,- dedi, – birlikdə çıxarıq, mən – maşına, sən – hüzürə…

kult.az
XS
SM
MD
LG