Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:05

Qəzalı evə 20 dəfə baxış keçiriblər. Amma...


Foto: Arxiv
Foto: Arxiv
-
İmişlinin Telişli kənd sakini Nəzirə Heybətova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 2 il əvvəl baş vermiş sel-sular yaşadığı kürsülü evini yararsız hala salıb. Ancaq qəzalı vəziyyətdə olan evə rayonun fövqəladə hallar komissiyası indiyə qədər bircə dəfə də baxış keçirməyib:

- İki ilin hər gününü aldana-aldana yaşamışıq. Bu gün ev tikiləcək, sabah ev tikiləcək, Hələ də tikilib qurtarmır. Ailəlikcə xəstəliyə tutulmuşuq, qapılarda qalırıq. Qohumlar da artıq bizə yiyə durmur. Ya evimizi tikib versinlər, ya da pul versinlər özümüzə daxma tikək. Mən onun-bunun qapısında üç azyaşlı uşaq böyüdürəm, məktəbə də getmirlər, aqibətləri necə olacaq, bilmirəm.

Nəzirə Heybətova deyir ki, ötən 2 ildə Fövqəladə Hallar Nazirliyindən və yerli icra hakimiyyətindən gəlib evinə azı 20 dəfə baxış keçiriblər. Amma faydası nə?

- Bir dəstə kişi gəlir, yalandan yazır-pozur, gedir. Qonşularımın da evinə baxış keçiriblər, eləsi var mənim kimi qapılarda qalıb, eləsi var ev veriblər. Eləsi də var ki, evini təmir ediblər. Camaata niyə ayrı-seçkiliklə yanaşırlar, bilmirəm.

«ÇOX VAXT VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ ÖZÜNÜ DOĞRULTMUR».

İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Çingiz Balayev deyir ki, daşqın nəticəsində zərər çəkmiş evlərin bərpası yaxud sakinlərə yeni evlərin tikilib verilməsi işləri dövlət proqramı çərçivəsində həyata keçirilir. O, mülkü yararsız vəziyyətə düşmüş hər hansı rayon sakininin yardımdan kənarda qalmasını mümkünsüz hesab edir:

- Çox vaxt vətəndaşların müraciətləri özünü doğrultmur. Bəzən gedirsən, görürsən ki, vətəndaşın dediyinin əksidir, evində qəza-filan yoxdur.

Nəzirə Heybətova isə deyir ki, evinin qəzalı vəziyyətdə olduğunu evə gəlib baxış keçirən komissiya da təsdiqləyib. Ancaq İcra Hakimiyyətinə gedəndə ona deyirlər ki, get, gözlə:

- Gözləməyə isə taqətimiz qalmayıb. Məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Yoxsa bu gözləmələrlə uşaqlarımı da yad qapılarda böyütməli olacağam.
XS
SM
MD
LG