Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

Naxçıvan səhiyyəsi - ailələrin faciəsi [VIDEO]


Naxçıvan səhiyyəsi - bir ailənin faciəsi
Gözlə

No media source currently available

0:00 0:09:23 0:00

Naxçıvan səhiyyəsi - bir ailənin faciəsi

-

“Naxçıvanda iməciliyə getməkdən həkimlərin beyinləri quruyub. Buna görə də səhv diaqnoz yazırlar. Mənim üç yaşındakı uşağım da həm həkim səriştəsizliyinin, həm də iməciliklərin qurbanı oldu. Səsimi də çıxarıram, deyirlər basarıq içəriyə ”.

Bu sözləri AzadlıqRadiosuna Naxçıvan sakini Oruc Salahov deyib. O, deyir ki, vaxtında tibbi yardım göstərilməməsi və həkimlərin səriştəsizliyi üç yaşlı oğlu Allahverdi Salahovun ölümünə səbəb olub.


Deyirdi ki, böyüyəndə polis olmaq istəyirəm...

Salahovlar ailəsi Şərur rayonunun Alışar kəndində, birotaqlı kasıb bir daxmada yaşayır. Oruc Salahov deyir ki, indi yeganə övladları olmuş Allahverdidən yadigar qalan əşyalarından təsəlli tapmağa çalışırlar:

“Ən çox sevdiyi oyuncaq polis maşını idi. Deyirdi ki, böyüyəndə polis olmaq istəyirəm. Həkimlər onun arzusunu ürəyində qoydular...”

Oruc Salahov balaca Allahverdinin xəstələndiyi gündən sonra başına gələnlər haqqında danışır:

“May ayının 3-də də, 4-də də uşağı Şərur rayon Uşaq Xəstəxanasına apardıq, həkim tapılmadı xəstəxanada, qayıtdıq evə. Həkimləri də, tibb bacılarını da iməciliyə aparmışdılar. Bir gün sonra, mayın 5-də uşağın vəziyyəti ağırlaşdığından “skoru” çağırdıq. Xəstəxanadan dedilər ki, “skoru”nun sürücüsü iməcilikdədir, özünüz gətirin uşağı. Həmin gün aparmağa imkan olmadı.”


Həkim Kəmalə İbrahimova uşağı yoxlamadan resept yazdı.

Oruc Salahov
Oruc Salahov
Oruc Salahov deyir ki, növbəti gün həkimləri yerində tapa bilib. Lakin, onun bildirməsinə görə bu dəfə də həkimlər onun xəstə uşağına səhv diaqnoz qoyublar:

“Həkim Kəmalə İbrahimova uşağı yoxlamadan resept yazdı. Göndərdi evə. Üç gün sonra uşağın ayağı şişdi. Kəmalə həkimə zəng vurdum dedi ki, ayağını duzlu suya qoyun, keçəcək. Dedim xəstəxanaya gətirim, dedi ki, olmaz mənim iş vaxtım qurtarıb”.

Oruc Salahov deyir ki, uşağın vəziyyəti daha da ağırlaşdığından məcbur olub onu yenidən xəstəxanaya aparıblar. Bu dəfə isə həkimlər iməciliyə yox, 9 may Qələbə Bayramına tələsirmişlər:

“Xəstəxananın baş həkimi dedi ki, biz 9 may qələbə bayramına tələsirik, gedin, sonra gələrsiniz. Növbəti gün getdik, uşağa diaqnoz qoydular ki, guya böyrək çatışmazlığı var. Vəziyyəti ağır olduğundan göndərdilər Naxçıvan Mərkəzi Xəstəxanasına. Orada da eyni diaqnozu qoydular. Sonra dedilər, biz də bu uşağı sağalda bilmərik”.

Oruc Salahov deyir ki, Naxçıvan Mərkəzi Xəstəxanasından uşağı Bakıya aparmaq üçün göndəriş də veriblər. Lakin artıq gec olduğundan Bakıda uşağın həyatını xilas etmək mümkün olmayıb:

“Bakıdakı həkimlər dedi ki, bu uşağın böyrək xəstəliyi yoxdur, sadəcə meningitdir. Məni üç gün Şərur xəstəxanasında, üç gün də Naxçıvanda gecikdirdilər, səhv diaqnoz qoydular deyə Bakıdakı həkimlər uşağımın həyatını xilas edə bilmədilər”.


Alaq təmizləyən həkimlər...

Məsələyə münasibət öyrənmək üçün Şərur rayon Mərkəzi Xəstəxanasına yollandıq. Xəstəxananın növbətçisi dedi ki, tibbi heyətin əsas hissəsi iməciliyə aparıldığından heç kimlə danışa bilməyəcəyik. Rayon mərkəzindəki Heydər parkından keçərkən ağ xalatlı tibb işçilərin alaq təmizlədiyinin biz də şahidi olduq.

İttihamlara münasibət öyrənmək üçün həkim Kəmalə İbrahimova ilə yalnız telefonla əlaqə saxlaya bildik. O isə öz növbəsində ona qarşı səsləndirilən ittihamları rədd etdi:

“Biz düzgün diaqnoz qoymuşuq. Uşaq 4-5 gün Naxçıvan şəhərində xəstəxanada olub. Naxçıvandan Bakıya göndərilib, orada meningit xəstəliyi qoyulub. Müalicəyə tabe olmayıb deyə ölüb. Mən iməciliyə getmirəm. O uşağını xəstəxanaya iməcilik olan günündə gətirməyib”.


Son 6 ildə Naxçıvan səhiyyəsinə ayrılan vəsait 3 dəfədən çox artıb

Son 6 ildə Naxçıvan səhiyyəsinə ayrılan vəsait 3 dəfədən çox artıb. Bu il muxtar respublika səhiyyəsinə 23 milyon manatdan çox vəsait ayrılıb. 2006-cı ildə isə bu rəqəm 7 milyon manat olub.

Halbuki, Naxçıvanda eşitdik ki, yerli əhalinin bir qismi müalicə olunmaq üçün hələ də qonşu ölkələrə və ya, paytaxt Bakıya üz tutmağa üstünlük verirlər. Bəzi ekspertlər bunun səbəbini yerli xəstəxanalarda göstərilən xidmətin aşağı olması, savadlı həkimlərin az olması və səhiyyədə rüşvət hallarının artması ilə izah edirlər.

Muxtar respublikada haqqında ən çox şikayətlərin eşidildiyi xəstəxanalardan biri də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzidir.

Şikayətləri nəzərə alıb, həmin mərkəzə də baş çəkmək qərarına gəlirik. Mərkəzin birinci mərtəbəsində yerləşən Kompyuter Tomoqrafiya kabinəsinin önündə növbə idi. Növbə gözləyənlər həkimlərin lazım oldu, olmadı xəstələri həmin bu kabinəyə yazdıqlarından şikayət edirdilər. Oradakı xəstələr tomoqrafiya aparatının yüksək vəzifəli məmurlardan birinə məxsus olduğuna görə, həkimlərin bu addımı atdıqlarını iddia edirlər.

Saxta qəbz?

Saxta qəbz
Saxta qəbz
Tomoqrafiya kabinəsindən çıxan Babək rayon sakini Əşrəf Həsənov:

“Belimdə ağrılar vardı. Aparata saldırmağa gəlmişdim. Əvvəl 30 manat istədi, sonra mənimlə bazarlığa gedib endirdi 15-ə. Axırda 20 manat aldı. Prezidentin fərmanı var ki, səhiyyə pulsuzdur. Pulsuzdursa, mənə bu qəbizi niyə veriblər? Qəbz də saxtadır, üstündə tarix də yoxdur. Bu qəbzi də tələb eləmişəm, bir saat sonra veriblər. Bu düzdürsə, niyə 30 manatdan 15 manata endirirlər? Naxçıvan xəstəxanalarında rüşvət baş alıb gedir”.

Deyilən ittihamlara münasibət öyrənmək üçün Naxçıvan Diaqnostika – Müalicə Mərkəzinin baş həkimi Abasət Hüseynquliyevlə əlaqə saxladıq. Baş həkim xəstəxanada rüşvət alınmadığını, xəstələrdən alınan pulların isə qanuni olduğunu söylədi:

-Bizdə xəstələrə 6 ay ərzində yalnız bir dəfə pulsuz xidmət göstərilir. 6 ay ərzində ikinci, üçüncü dəfə müraciət olunursa, həmin xəstəyə artıq, pullu xidmət göstəririk. Bizə necə deyiblər, biz də elə edirik. Aldığımız pulun çekini veririk, dövlətə keçir.


- Sizdən şikayət edən xəstələrin bizə təqdim etdiyi çekdə nə tarix var, nə də ki, imza. Xəstələr iddia edirlər ki, verdiyiniz çeklər saxtadır.

- Ola bilməz. Mən özüm imzalayıram. Tarix də üzərində yazılır. Bizdə rüşvət yoxdur.

Baş həkimin açıqlamasından bir qədər sonra isə həmin mərkəzin həkimi Rza Hacıyev redaksiyamıza zəng vurub, çekin üzərində nəyə görə tarix yazılmadığına aydınlıq gətirməyə çalışdı:

“Banklar saat 4-də bağlanır deyə çek yazılan gün biz pulu banka ödəyə bilmirik. Ona görə məcbur oluruq, çekin üzərinə həmin gün tarix yazmırıq. Çeklərin üzərində tarix yazılmadan veririk xəstələrə. Sonra çekin bizdə qalan surətinə özümüz tarix qoyub banka veririk.”

Müalicə dalınca İrana...

Əşrəf Həsənov
Əşrəf Həsənov
Xəstə Əşrəf Həsənov isə bildirir ki, Naxçıvanda səhiyyənin vəziyyəti acınacaqlı olduğundan müalicə üçün qonşu İrana getməyə üstünlük verirlər:

- Naxçıvanda səhiyyə sıfırdır. Mənim özüm, həyat yoldaşım, qohumlarım müalicə üçün dəfələrlə İrana getmişik. Mənim həyat yoldaşım iki il bundan qabaq bu xəstəxanada əməliyyat olundu, vəziyyəti ağırlaşdı. Bu xəstəxanada iki min manat xərcim çıxdı, xeyri olmadı. Apardım İrana. Sağ olsun İran həkimləri bizim xəstələri sağaldırlar. Yoldaşımı da sağaltdılar. Hələdə, bu xəstəxanada həkimlərə xərclədiyim iki min manatın borcundan çıxa bilmirəm. İranda dərman da, həkimlər də bizdəkindən qat-qat ucuzdur. Naxçıvanda hansı həkimi soruşuruq, deyirlər ki, iməcilikdə ağac əkirlər, peyin yayırlar.


İməciliyə gedəndə, müəssisədə qalanlar da olur...

Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Kəmalə Qurbanova həm həkimlərin rüşvət almalarını, həm də Oruc Salahovun uşağının həkimlərin səhlənkarlığı ucbatından vəfat etməsi ilə bağlı deyilənləri təkzib etdi:

“İməciliyə gedən də olur, müəssisədə qalanlar da. Xəstəxana başına qalmır. Ən azından növbətçi saxlanılır. Yazılı müraciət etsinlər araşdıraq. Həkimlər hamısı diplomlu, savadlı həkimlərdir , hər şey də qaydasındadır. İstər Şərurda, istər də digər xəstəxanalarda belə hal baş verə bilməz ki, kiməsə səhv diaqnoz qoyulsun”.

Aparat rəhbəri xəstələrin müalicə üçün xarici ölkələrə üz tutmalarını isə onların öz seçimi saydı.

Səhiyyə üzrə ekspert Süleyman Cəbrayılov isə Naxçıvanda səhiyyə xidmətlərinin aşağı olmasını bir neçə amillə izah edir:

“Səhiyyə pulsuz olması sözdə deyilən bir şeydir. Bu Naxçıvanda da belədir, digər rayonlarda da. Həkimlərin iməciliklərə aparılması kommunist rejimindən qalma gülməli bir şeydir. Naxçıvanda həkim çatışmazlığı problemi var. Naxçıvanda pullu səhiyyə xidməti yoxdur deyə, tomoqrafiya da pullu ola bilməz. Tomoqrafiya çox ziyanlı bir proseduradır. Onun şüası adi rentgenin şüasından min dəfə çox ziyanlı şüadır. Ehtiyac olmadan xəstələri ora göndərmək həkim üçün cinayətdir”.

Hazırda muxtar respublikada 237 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Son illərdə Naxçıvandakı tibb işçilərindən 10 nəfərə Azərbaycan Respublikasının əməkdar həkimi, 44 nəfərə Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi fəxri adları verilib, 10 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
XS
SM
MD
LG