Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

Səməd Seyidov: «Bu məlumatlar tamamilə cəfəngiyyatdır»


Səməd Seyidov
Səməd Seyidov
«Dillər Universitetində sifariş əsasında yoxlama aparılması haqda bəzi KİV-də yayılan məlumatların əsası yoxdur. Bu məlumatlar tamamilə cəfəngiyyatdır». Bunu Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov «Turan»a açıqlamasında deyib.

O, yoxlama aparılması üçün Hesablama Palatasına şəxsən özünün müraciət etdiyini deyib.

«Mənim şübhələrim var idi. Bu səbəbdən də bu ilin mayında Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdim və araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxdı. Təbii ki, bunun əsasında cinayət işinin qaldırılması qanunauyğundur».

Respublika Prokurorluğunun məlumatına görə, Hesablama Palatasının apardığı yoxlamadan sonra Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun məlumatında deyilir ki, təftiş dövründə universitetdə dərs saatlarına və vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb. Habelə universitetin bir sıra əməkdaşlarına artıq əmək haqqı ödənib. Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına əmək haqqı kartları açılıb. Bu kartlara qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Respublika Prokurorluğunun məlumatında o da deyilir ki, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında saxta ödəmə cədvəlləri tərtib edilib. Həmçinin yanacaq xərcləri ilə bağlı külli miqdarda dövlət vəsaiti mənimsənilib.
XS
SM
MD
LG