Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

Nüfuzlu ABŞ jurnalı “Molla Nəsrəddin” haqda yazdı


The New York Review of Books
The New York Review of Books
-

“Bu jurnal çap olunmağa başlayan kimi uğur qazandı və Mərakeşdən Hindistana qədər bütün müsəlman dünyasında ən nüfuzlu satirik nəşrə çevrildi”.

Bunu Amerikanın nüfuzlu ədəbiyyat jurnallarından olan “The New York Review of Booksyazır.

Jurnal 20-ci əsrin ilk yarısında Azərbaycanda çap edilmiş “Molla Nəsrəddin” dərgisi haqda məqalə dərc edib.

Məqalə “Molla Nəsrəddin” haqda ingiliscə buraxılmış “Molla Nasreddin: The Magazine That Would’ve, Could’ve, Should’ve” kitabına əsaslanır.

Məqalədə deyilir ki, yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çap edilmiş “Molla Nəsrəddin” kinayəli yumoru və fransız rəssamları Honoré Daumier, yaxud Toulouse-Lautrec-I xatırladan realist illüstrasiyaları ilə müsəlman ruhanilərin riyakarlığını hədəfə alırdı.

Jurnal ABŞ və Avropa dövlətlərinin dünyanın başqa ölkələrinə qarşı yürütdüyü müstəmləkəçi siyasəti, yerli elitanın rüşvətxorluğunu da sərt tənqid edir, amma eyni zamanda qərbləşmə, təhsil islahatı, qadın hüquqlarını təbliğ edirdi.

Ruhanilərə qarşı belə materialların çapı müsəlman ölkəsində asan iş deyildi, 20-ci əsrin əvvəlində bu, redaksiya heyəti üçün riskli idi. Hətta bir dəfə Cəlil Məmmədquluzadə jurnalda yazılanlara qarşı çıxan etirazçılardan qaçıb canını qurtarmalı olmuşdu.

“The New York Review of Books” yazır ki, səkkiz səhifəlik jurnalın təxminən yarısı illüstrasiyalardan ibarət olduğu üçün oxucular üçün çox çatımlı idi. Xüsusən də əhalinin böyük hissəsinin savadsız olduğu üçün.

Məqalədə deyilir ki, Azərbaycanda çıxsa da, jurnalın ən böyük təsiri İrana olub. “Molla Nəsrəddin” Qacar sülaləsinin rüşvətxoluğunu tənqid edirdi. Onun məqalələri və illüstrasiyaları Asiyada ilk parlamentin yaradılması ilə nəticələnmiş İran Məşrutə İnqilabının baş verməsi üçün zəminin yaradılmasına xidmət etmişdi.

“Molla Nəsrəddin” İranda və Balkan ölkələrində də oxşar satirik dərgilərin yaradılması üçün ilham mənbəyi olmuşdu.

“The New York Review of Books” Nyu-Yorkda çap edilir və mühüm saydığı kitabları təbliğ və müzakirə edir.

Məqaləyə “Molla Nəsrəddin”dən bir neçə karikatura da əlavə edilib.​

oxuzali.az
XS
SM
MD
LG