Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Gürcüstandakı seçkidə müxalifət koalisiyası liderliyini saxlayır [VIDEO və FOTOLAR]


Gürcüstanda parlament seçkisi başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Gürcüstanda parlament seçkisi

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Bildirib ki, hazırda Bidzina İvanishvilinin «Gürcü arzusu» müxalifət koalisiyası 54 faiz səslə birinci gəlir, prezident Saakashvilinin «Birləşmiş Milli Hərəkat» Partiyası isə 41 faiz səs qazanıb.

Bundan əvvəl Gürcüstanın prezidenti Mikheil Saakashvili xalqa müraciətində xüsusilə paytaxtda seçkiləri müxalifətdə olan «Gürcü arzusu» koalisiyasının udduğunu etiraf edib.

Bu arada artıq bir neçə saatdır müxalifət tərəfdarları Tbilisinin mərkəzində toplaşıb.

Ümumilikdə Gürcüstanda keçirilən parlament seçkisində 16 partiya iştirak edir. Parlamentə 150 deputat keçəcək, onların 77-si partiya siyahısı üzrə, 73-ü isə majoritar qaydada seçiləcək.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, Xaşuri şəhərinin bir neçə məntəqəsində seçkinin nəticələri ləğv oluna bilər. Bu bölgədə polislə yerli sakinlər arasında toqquşma olub. Müxalifət televiziyalardan biri isə xüsusi təyinatlıların adamları dağıtması kadrlarını nümayiş etdirib. 6 nəfərin xəsarət aldığı, xüsusi təyinatlıların gözyaşardıcı qaz və rezin güllələrdən atəş açdığı bildirilir. Daxili İşlər Nazirliyi isə bu məlumatları təkzib edir.


***

Gürcüstanın prezidenti Mikheil Saakashvili televiziya ilə xalqa müraciətində etiraf edib ki, xüsusilə paytaxtda seçkiləri açıq-aşkar müxalifətdə olan Gürcü Arzusu koalisiyası udub. Amma Saakashvili həm də əlavə edib ki, onun partiyasının tərəfdarları regionlarda səslərin çoxunu qazanıblar.

Gürcü Arzusu isə paytaxt Tbilisidə izdihamlı qələbə mitinqi keçirib. Koalisiyanın rəhbəri Bidzina İvanishvili bildirib 150 nəfərlik parlamentdə mandatların 100-ə qədərini aldıqlarına əmindir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkisinin ilkin nəticələrini oktyabrın 2-i səhər saatlarında elan edəcək.

***

Gürcüstanda parlament seçkisinin rəsmi nəticəsi elan olunmayıb, ancaq Saakaşvilinin hakim partiyası və müxalifət bloku öz qələbələrini elan edirlər.

Reuters Agentliyi xatırladır ki, parlamentdəki 150 yerdən 77-si partiya siyahıları ilə seçkiyə ayrılıb və exit-polla görə, bu 77 yerdən əksəriyyətini İvanishvilinin “Gürcüstan Arzusu” qazanıb.

Saakaşvilinin Birləşmiş Milli Hərəkatı isə öz növbəsində fərdi qaydada seçkilərə ayrılan 73 yerdən azı 53-nü qazandığını bildirir.

Milli Hərəkatın sözçüsü Chiora Taktakishvili televiziya ilə çıxışında deyib ki, “bu o deməkdir ki, Milli Hərəkat yeni parlamentdə çoxluqda olacaq”.

Bir az sonra İvanishvili də deyib ki, o, parlamentdə 100 yer qazanacaqlarını ehtimal edir.

AzadliqRadiosu müxbirlərinin canlı tvit yayımını burada izlə (ingilis dilində)


***

Gürcüstanda parlament seçkiləri başa çatdı.

MSK-nın ilkin məlumatına görə, seçicilərin 53 faizi səs verdi.

MSK bütün tərəfləri vaxtından qabaq öz qələbəsini elan etməkdən çəkinməyə çağırıb.

***

Gürcüstanda parlament seçkilərində exit-poll aparan təşkilatların məlumatlarına görə, müxalifətin “Gürcüstan Arzusu” bloku seçkilərdə 50 faizdən çox səs toplayıb.

Mərkəzi Seçki Komissiyası isə seçkilərin ilkin rəsmi nəticəsini yerli vaxtla gecə saat 3-də elan etməlidir.

***

AB: “Çox yüksək səviyyəli seçki gözləyirik”

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton-un sözçüsü Maja Kocijancic Brüsseldəki brifinqdə deyib ki, onlar Gürcüstan hakimiyyətindən seçkilərin çox yüksək səviyyədə keçirilməsini gözləyirlər:

“Bu seçkilər Avropa Birliyinin Gürcüstanla münasibətlərinin sürəti və dərinliyini müəyyən edəcək bir seçkidir”.

MSK: “4 saata seçicilərin dörddə biri səs verib”

Gürcüstanın Mərkəzi Seçki Komissiyası xəbər yayıb ki, səsvermə məntəqələrində qələbəlikdir, səhər tezdən Tbilisidə bir çox məntəqələr önündə növbələr yaranıb və səsvermənin ilk 4 saatı ərzində seçicilərin 25 faizi səs verib.

Səsvermə hüququ olan 3,6 milyon Gürcüstan vətəndaşından 1 milyonu paytaxtda yaşayır.

Hazırda prezident Saakaşvilinin “Birləşmiş Milli Hərəkat” Partiyası parlamentdəki yerlərin 80 faizinə nəzarət edir və faktiki olaraq istədiyi qanunu qəbul etdirə bilir.

Amma rəy sorğuları bu dəfə Saakaşvili ilə onun əsas rəqibi – milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” Partiyası arasında mübarizənin gərgin olacağını fərz etməyə əsas verir.

Bu seçki bütün siyasi qüvvələr üçün hədsiz dərəcədə vacibdir. Çünki seçkidən sonra ölkənin siyasi sistemində ciddi dəyişiklik olacaq - prezidentin səlahiyyətləri azaldılacaq, parlamentin və baş nazirin səlahiyyətlərisə artırılacaq.

Saakaşvili: “Gürcüstanın gələcəyi müəyyən edilir”

Tbilisidəki səsvermə məntəqələrinin birində bülletenini qutuya salan Saakaşvili deyib ki, bu seçki Gürcüstan dövlətinin gələcəyini müəyyən edəcək:

Prezident Saakaşvili səs verir
Prezident Saakaşvili səs verir
“Bu seçki ilə təkcə Gürcüstan üçün yox, bütün region üçün vacib olan məsələlərin taleyi aydınlaşır. Aydınlaşır ki, dünyanın bu guşəsində Avropa arzusunun axırı necə olacaq, demokratiya və islahatlar ideyalarının axırı necə olacaq?”.

Saakaşvilinin Rusiyanın adamı saydığı İvanişvili də Tbilisidə səs verib.

O da jurnalistlərlə söhbətində seçkini Gürcüstan üçün tarixi gün adlandırıb. Deyib ki, Gürcüstan tarixində ilk dəfə olaraq gürcü xalqı real demokratik seçki olmasa da, ən azı buna yaxın olan demokratik bir seçki keçirmək şansı əldə edib:

“Səsvermə günündən əvvəl də pozuntular olub, güman ki, seçki günü də olacaq. Amma gürcü xalqının müdrikliyi, böyük tarixi təcrübəsi elə bir şərait yaratmağa imkan verib ki, biz Gürcüstan tarixində ilk dəfə olaraq hakimiyyəti seçki yolu ilə dəyişdirəcəyik”.

Ivanişvili Rusiyanın adamı olması ilə bağlı ittihamları rədd edir.

İvanişvilinin partiyası onu da bildirib ki, səsvermə məntəqələri açılanda əsasən QHT-lərdən olan 20 minə yaxın müşahidəçiyə kimlik kartları verilməyib və onlar səsvermənin başlanmasını müşahidə edə bilməyiblər.

Bundan başqa partiyanın iddiasına görə, onların bəzi müşahidəçilərinə özünü polis kimi
Bidzina İvanişvili səs verəndən sonra
Bidzina İvanişvili səs verəndən sonra
təqdim edən şəxslərdən hədələyici zənglər gəlib.

Azərbaycanlılar yaşayan kənddə saxtakarlıq?

Bundan başqa, əsasən azərbaycanlıların yaşadığı Tulari kəndindən də saxtakarlıqların baş verməsi haqda iddialar səslənib.

Belorusdan olan müşahidəçi Franak Viaçorka deyib ki, kənddəki seçki məntəqəsinə mikroavtobuslarda adamlar gətirildiyini görüb: “Onlar gürcü dilində danışmayıblar”. Müşahidəçi deyir ki, seçki məntəqəsində seçki komissiyasının üzvləri onlara seçki bülletenlerini izah etməyə başlayıblar, halbuki qanun bunu qadağan edir. Viaçorka mikroavtobuslardan düşənlərlə söhbət zamanı onların azərbaycanlıar olduğunu anladığını bildirib: “Həmin şəxslərdən bəziləri mənə bülletendəki “5” nömrəli partiyaya səs vermələri üçün məntəqəyə gətirildiklərini təsdiqləyiblər”. “5” Saakaşvilinin partiyasının bülletendəki nömrəsidir.

Bundan başqa, müşahidəçi iddia edir ki, məntəqədə barmaqlara vurulan mürəkkəb 3 dəqiqədən sonra tam yuyulur. Halbuki bir neçə saat barmaqdan getməməlidir. Müşahidəçi deyir ki, bu, eyni adamların təkrar səs verməsi üçün edilib.

Hökumət isə demokratik seçki üçün əlindən gələni etdiyini bildirir və hələ ki saxtakarlıq iddialarına münasibət bildirməyib.

Bu arada Gürcüstan patriarxı 2-ci İlya siyasi qüvvələri ekstremizmdən uzaq olmağa çağırıb, deyib ki, ölkənin taleyi küçələrdə yox, səsvermə məntəqələrində müəyyən edilməlidir.

150 yerlik parlament uğrunda 14 partiya və 2 siyasi blok mübarizə aparır.

Partiyalar parlamentə düşmək üçün 5 faizlik barajı keçməlidirlər.

XS
SM
MD
LG