Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Amerikada və Britaniyada ən çox satılan kitab oldu


 'The Casual Vacancy' (Boş yer) romanı satışda, London, 27 sentyabr 2012
'The Casual Vacancy' (Boş yer) romanı satışda, London, 27 sentyabr 2012
-

Uşaqlar üçün məşhur “Harry Potter” kitablarının müəllifi J.K. Rowling-in (Coan Roulinq) böyüklər üçün ilk romanı – “Boş yer” ABŞ və Böyük Britaniyada bestseller siyahılarında birinci pilləyə yüksəlib.

6 gün ərzində romanın təkcə ABŞ-da 375 min nüsxəsi satılıb. “Boş yer” bestseller siyahısna 23 həftə ərzində başçılıq etmiş “Bozun 50 çaları” adlı erotik romanı “taxtdan salıb”.

“USA Today” xəbər verir ki, əgər satış tempi belə yüksək olmaqda davam etsə, “Boş yer” ilin bestselleri ola bilər.

Roulinqin romanı vətəni Böyük Britaniyada da yaxşı satılır: 6 gün ərzində 120 min nüsxə. İkinci pillədə gedən yazarın kitabı bundan 10 dəfə az satılıb.

Kitabdakı hadisələr kiçik əyalət şəhərində baş verir.

Romanın adı boş qalan bir vəzifə ilə bağlıdır.

Pagford bələdiyyəsinin üzvü Barry Fairbrother romanın elə ilk səhifələrində qəfildən ölür. Onun yeri uğrunda qızğın və çirkin savaş başlayır.

İrqçilik, zorlama, heroin aludəçiliyi, hədələmə, ölüm və başqa sosial bəlalar kitabın toxunduğu problemlər arasındadır.

Amma “Boş yer”in Roulinqin “Harry Potter” kitablarının rekordunu təzələməyəcəyi aydındır. Sonuncu “Harry Potter” yalnız Böyük Britaniyada ilk həftə ərzində 2,6 milyon nüsxə satılmışdı.

47 yaşlı Roulinq Britaniyanın ən varlı yazıçısıdır. Əsərləri ona 900 milyon dollarlıq var-dat qazandırıb. O, kraliça Yelizavetadan da varlıdır və dünyanın ən varlı 20 qadınının siyahısına daxildir.

Onun 1997-2007-ci illər arasında çap edilmiş “Harry Potter” kitabları dünyada 400 milyon tirajla satılıb.

İTAR-TASS-a istinadla oxuzali.az
XS
SM
MD
LG