Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

Rəhman Bədəlov «Gürcü röyası»nda nələr gördü?!


Rəhman Bədəlov
Rəhman Bədəlov
«Gürcü röyası müxalif siyasi partiyaların uğuru deyil». Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının «Demokratiya və mədəniyyət» mövzusunda açdığı növbəti söhbətə qoşulan kulturoloq Rəhman Bədəlov söylədi.

BU, XALQIN UĞURUDUR

Onun sözlərinə görə, Gürcüstanda bundan sonra siyasi partiyalar yolu ilə getməyəcəklər:

«Bu, artıq blokdur. İvanishvili adi adam deyil. Gürcüstan vətəndaşı deyil, həm də milyarderdir. «Gürcü röyası» müxalif siyasi partiyaların uğuru deyil. Xalqın uğurudur. Kimə isə inanıb onun arxasınca gedib—indi yaxşı olacaq, pis—bunu həyat göstərər. Məncə, siyasi partiyalar xətti artıq tükənib».

GÜRCÜLƏRDƏN FƏRQİMİZ...

«Bəs Gürcüstandakı sadə insanların bizimlə müqayisəsi nə göstərdi» —sualına Tbilisidən yenicə qayıdan Rəhman Bədəlov belə cavab verdi: «Hər iki xalq sovet şinelindən çıxsa da, müəyyən fərqlər var. Daxili qürur onlarda daha güclüdür. Həmişə hörmətli insanlar olur ki, onlardan hakimiyyət belə qorxur. Məsələn, Anjaparidze
vardı—hamı bilirdi ki, o Shevardnadze-dən qorxmur...Təəssüf ki, bizdə elə insanlar olmayıb. Yəni bizdə bu mənada örnək ola biləcək adamlar yoxdur. Bu, çox vacibdir...».

SİTUASİYA DƏYİŞƏ BİLƏR—MƏDƏNİYYƏTİN VƏ DÜNYANIN TƏSİRİ İLƏ!

Rəhman Bədəlovun fikrincə, situasiya mədəniyyətin və dünyanın təsiri ilə qısa zamanda dəyişə bilər:

«Bəziləri bizim xalqımızla bağlı bədbin sözlər deyirlər. Deyirlər ki, biz passiv millətik...üsyankar deyilik... bizim üçün azadlıq önəmli deyil...Bir neçə gün əvvəl Bakıda görüşlər keçirən Adam Michnik-in çəkdiyi bir misalı sizə söyləyəcəm. O, dedi ki, bir dəfə Havellə söhbət edirdik. Havel məşhur çex dissidenti, Michnik isə Polşa dissidenti idi. Havel qayıdır ki, bizim çex xalqı polyak xalqına oxşamır. Sizdə azadlıq həyəcanı, istəyi var. Mübarizlik var. Amma biz «obıvatelik». Kafedə oturub pivə içməyi xoşlayırıq. Michnik deyir, bu söhbətdən 6 ay sonra çex milləti Haveli prezident seçdi... » .

TAM BƏDBİN OLMAĞA ƏSAS GÖRMÜRƏM

Rəhman Bədəlovun fikrincə, situasiyanın qısa zamanda dəyişmə ehtimalı həmişə var:

«Bədbinləri başa düşürəm. Məncə də, nikbin sözlərə əsas yoxdur...Amma situasiya mədəniyyətin və dünyanın təsiri ilə dəyişə bilər! Mən demirəm ki, belə olacaq. Onu heç kəs bilmir. Amma dünyada mədəniyyətin demokratiyaya bağlılığı artır. Demokratiyada müxtəlif müstəvilər var—hüquqla, qanunla yaşamaq—bu, bizdə çox zəifdir. Ona görə zəifdir ki, insanlar görürlər ki, qanunsuz daha tez istədiyinə nail ola bilərsən. Qanunla hərəkət etsən çox vaxt itirəcəksən, axırda da heç nə alınmayacaq...Ola bilər ki, elə situasiya olsun ki, qanunla hərəkət etmək daha səmərəli olsun. Onda insanlar tez dəyişəcək. Bu nə vaxt olacaq—deyə bilmərəm. Amma dediyim odur ki, mədəniyyətin təsiri artır. Yavaş-yavaş, addım-addım müəyyən bir kütlə yaranır. Hüquq şüuru olan hüquqşünaslar yetişir. Ölkənin hüquqla idarə olunmasını istəyən cavanların sayı artır. Ona görə də, mən tam bədbin olmağa əsas görmürəm».

MƏDƏNİYYƏTDƏN GƏLƏN TƏKAN ARTA BİLƏR

Kulturoloqun fikrincə, bu prosesə müəyyən təkan lazımdır: «Məsələn, mədəniyyətdən gələn təkan arta bilər. İlk növbədə İnternetə görə. İkincisi, biz qlobal dünyada yaşayırıq. Təcriddə deyilik. Gediş-gəliş çoxdur. Elə adamlar var ki, getdiyi ölkədə maraqlanırlar ki, əhali necə yaşayır. Və düşünürlər ki, niyə biz də elə olmayaq? ».

BİZDƏ DAXİLİ NÖKƏRLİK YOXDUR...

Rəhman müəllim postsovet ölkələrində yaşayanların vətəndaş şüurunun yetərli olmadığı qənaətindədir: «Azərbaycanın nökərçiliyi başqalarından fərqlənir. Bir az dolanışıq olsa, heç kəsə nökərlik etməzlər. Bizdə daxili nökərlik yoxdur!. O fikirləşir ki, nökərlik imkan verir ki, ailəsini dolandırsın. Mentalitet belədir—dəyişkəndir. Görsə ki, bu xeyir vermir—dəyişəcək! ».

BİZİ İDEYA BİRLƏŞDİRMƏYƏCƏK

Qonağımız Azərbaycan insanının çevik beyni olduğunu vurğuladı: «Əqidə ilə yaşamır. Konkret situasiyada yaşayır. Bizdə əqidə dəyişməsi olmayacaq. Bəziləri deyir, bizim milləti gərək müəyyən əqidə birləşdirsin. Mən də əvvəllər elə düşünürdüm. İndi düşünürəm ki, belə bir ideya bizi birləşdirməyəcək».

RƏQABƏT ZONASI...ONU QORUYAN MƏHKƏMƏ...

Rəhman müəllimin fikrincə, konkret situasiyada dəyişmək imkanı və həvəsi olan rəhbərlik olsa vəziyyət düzələr: «Bir halqanın dəyişməsi başqasının da dəyişməsinə səbəb olacaq. Odur ki, təkrarlayıram—bu konkret situasiyada, bu inamını itirən millətə... baxmayaraq, mən onun potensialını görürəm. Fikrimcə. Azərbaycan üçün ilk növbədə rəqabət zonası yaratmaq lazımdır. Onu qoruyan məhkəmə olmalıdır. Lap Sinqapur modelindəki kimi, o məhkəmə ölkədən kənarda da ola bilər. Məsələn, Londonda. Azərbaycan insanı bilsə ki, öz biznesini quracaq və onu kimsə dağıtmayacaq, onda fəallaşacaq».

- «Gürcü röyası» nədir? Onu duymaq, sezmək mümkündürmü?
- Rəhman müəllim bu röyadan niyə qorxur? Röyanın gerçəkləşməsini kimin ayağına yazdı?
- Tbilisi səfərindən qayıdan Rəhman Bədəlovun Saakashvilini müdafiə etməsi Tbilisidə niyə etirazla qarşılandı?
- Gürcüstanda yaşayan azərbaycanlıların şikayəti nədən Rəhman müəllimi təəccübləndirdi?
- Rəhman müəllim ötən həftə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumdan nə dedi?
- Bəs Michnik-in Bakı səfərinin sükutla qarşılanmasını necə dəyərləndirdi?


Rəhman Bədəlovla maraqlı söhbəti elə buradan dinləyə bilərsiniz:

XS
SM
MD
LG