Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Partiyaların maliyyələşməsindən müxalifətə «qəpik-quruş» çatacaq…


Milli Məclis
Milli Məclis
-
Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2013-cü ilin Dövlət Büdcəsindən 2 milyon manat pul ayrılacaq. Bəzi partiya liderləri isə ölkədə siyasi sistemin, siyasi mədəniyyətin inkişafı üçün bu vəsaitin yetərli olmadığını düşünürlər.

«VƏSAİTİN ARTIRILMASI YAP-IN DAHA ÇOX XEYRİNƏDİR»

Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa spikerə xahişlə müraciət edərək bildirdi ki, gələn ilin büdcəsinə baxılarkən bu vəsaitin artırılmasına yardımçı olsun:

«Oqtay müəllim, mən Sizdən də xahiş edirəm, büdcəyə baxılanda, ən azı partiyaların QHT-lərə bərabər səviyyədə tutulmasına nail olmaq lazımdır. Yəni, vəsaitin bir az artırılması YAP-ın daha çox xeyrinədir. Ancaq digər tərəfdən, azlıqda olan partiyaların da dirçəlməsi, normal seçki kampaniyasında iştirakı üçün bu məbləğ həqiqətən də kiçikdir».

Fazil Mustafa hesab edir ki, vəsaitin artırılması parlamentdə yer qazanmaq uğrunda mübarizəni də stimullaşdırar. Ona görə də, Dövlət Büdcəsinin müzakirəsinədək bu məsələ üzərində düşünülməsi vacibdir.

Bu il mayın 11-də Prezident İlham Əliyev «Siyasi partiyalar haqqında» qanuna dəyişiklikləri-yəni siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi qaydalarını öz imzası ilə təsdiqləyib.

MALİYYƏLƏŞMƏNİN QAYDALARI…

Həmin dəyişikliklərə görə, partiyalara hər il dövlət büdcəsindən pul ayrılacaq. Vəsaitin 10 faizi Milli Məclisə keçirilmiş son seçkilərdə səslərin azı 3 faizini qazanmış partiyalara veriləcək. Bu məbləğ MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

DAHA ÇOX QAZANAN YAP-DIR…

Aydın Mirzəzadə
Aydın Mirzəzadə
Bu bölgü ilə götürəndə, əlbəttə ki, ayrılacaq vəsaitin böyük hissəsi hakim YAP-ın payına düşür. Nəzərə alsaq ki, 125 deputata malik Milli Məclisdə 70-dən çox yer YAP-a məxsusdur, onda bölgünün mənzərəsini təxmin etmək çətin deyil.

YAP-dan olan deputat Aydın Mirzəzadə isə deyir ki, siyasi partiyalar üçün büdcədə nəzərdə tutulacaq vəsait əsas deyil, əlavə gəlir mənbəyidir. Partiyalar özlərinin maliyyə məsələlərini ilk növbədə üzvlük haqqından və onlara rəğbət bəsləyən şəxslərin ianələrindən formalaşdırmalıdırlar:

«Dövlət tərəfindən partiyalara maliyyə yardımı sadəcə olaraq əlavə vəsait kimi götürülür. Mən təəssüf edirəm ki, bəzi partiyalar buna yeganə maliyyə mənbəyi kimi baxırlar. Digər tərəfdən, həmin qanuna görə, hətta parlamentdə bir deputat yeri olan partiya belə bir il ərzində 100 min manatdan çox maliyyə yardımı ala biləcək. Bu isə bir aya 10 min manatadək vəsait deməkdir. Hesab edirəm ki, bu, kifayət qədər böyük vəsaitdir».

Aydın Mirzəzadə hesab edir ki, bu vəsaitdən narazı olan partiyalar sadəcə olaraq parlamentdə öz təmsilçilərinin sayını artırmağa çalışmalıdırlar.

«SİYASİ FƏALİYYƏT İMKANI YOXDURSA, ONLARIN MALİYYƏLƏŞMƏSİNDƏ HANSI RIÇAQLAR OLA BİLƏR?»

Hafiz Həsənov
Hafiz Həsənov
«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov isə Aydın Mirzəzadənin dedikləri ilə razılaşmır. Deyir ki, ölkədə azad seçkilər keçirilmədiyi halda partiyalar Milli Məclisdə öz təmsilçilərinin sayını necə artıra bilərlər? Üzvlərin və təəssübkeşlərin ianələrinə gəlincə, Hafiz Həsənov hesab edir ki, bu yolla Azərbaycandakı müxalif partiyaların özünümaliyyələşdirməsi mümkün deyil. O deyir ki, sıravi üzvlərin bu məsələdə həlledici rol oynamaq üçün elə bir imkanları yoxdur. İmkanlı adamlarsa təzyiqlərə məruz qalan müxalif partiyaya yardım etməkdən çəkinirlər:

«Siyasi fəaliyyət imkanları məhduddur, müxalif siyasi partiyalara təzyiqlər güclüdür, partiya öz varlığını saxlaya bilmir. Öz ofisini saxlaya bilməyən partiyanın hansı digər maliyyə mənbələrindən söhbət gedə bilər. Yəni, siyasi fəaliyyət imkanı yoxdursa, onların maliyyələşməsində hansı rıçaqlar ola bilər?».

Digər tərəfdən, Hafiz Həsənov hesab edir ki, bu işdən ötrü büdcədən ayrılan vəsaitin həcmi doğrudan da çox azdır. Onun fikrincə, ölkədə gerçəkləşdirilən layihələrə hər il böyük vəsaitlər ayrıldığı halda siyasi institutların inkişafına cəmi 2 milyon manat nəzərdə tutulması absurddur.

Siyasi ekspertlər düşünür ki, partiyaların maliyyələşməsindən gerçək müxalifət partiyalarına faktiki «qəpik-quruş» çatacaq.
XS
SM
MD
LG