Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:33

Məqsəd Nur. Rütubət sevgiləri (Hekayə)


-

Məqsəd Nur


Rütubət sevgiləri

Kotanın hodaxları,
Qaymaqdı dodaqları.
Macgəl itkin düşübdü,
Dağılıb hodaxları.

(Nənəmin bayatılarından)


Dörd qayanın arasındakı adamlar.

Onların günü yoxuydu... Gün deyəndə, güzəran-zad yox; Günəşin bir qayanın ucundan doğub o biri qayanın arxasına keçdiyi vaxt yadıma gəlir.

...Bu adamların dördü də Günəşi doyunca uda bilmirdi. Rütubət çöküntülü günlər yaşanır və uzananda da ona görə uzanmağındaydı ki, Tutquçayın Tər-tərə qovuşduğu yerdə bunlardan savayı iti də bağlasan, burda gecələməzdi. Ən birincisi ona görə ki, cini-filanı: bu suqovuşan yerdə qayalara sarmanmış palıd, moruq, böyürtkən kolları gecə-gündüz dinməzcə öz sarmanmaqlarında, qayaların sinəsində yatmaqdaydılar və bu sükut içərisində yalquzaqlığın tükürpədən səsləri - məsələn, bir sal daşın diyirlənib çayda şaqqıldaması vardı...

Çaylar axmasaydı, burda öyrəşməli bir səs olmayacaqdı...

Mamır basmış sıldırımlı, əlçatmaz dörd qayanın arasında o dörd nəfərdən savayı bir kimsə gecələməzdi və yad adam elə rütubətdəncə başını götürüb qaçardı. Bu dörd adamın hamısı yel xəstəsiydi: sonra bilindi ki, həm də döldən kəsiliblər. Hamısı, deyirdi, bu qayaların-zadın rütubətinə görə. Burda tunel deşilən illərdə onların ərlik-arvadlıq vaxtları yetişmişdi. Getmədilər, almadılar... Bura mehr saldıqlarına görə kim onlara nə deyəsiydi: dedilər də, qoydular da, amma dölsüzlük elə bir şeydi ki; gərək istəyəsən...
Beşinci də vardı. Bu adam onların arasına nəyinsə əlindən... deyəsən, teliqırxıq bir sevgilisinin əlindən qaçıb gəlmişdi. O, gündəliyində yazırdı: “...bir daha şoran torpaqlıq kimi qup-quru otların rənginə bənzər sifətlərə, gözlərə baxmaq istəmirəm, burda lap döldən də kəsilməyə razıyam; təki sakitlik, dinclik olsun. Təki taxtanın səsi taxta, daşın səsi daş olsun... Gözlərin qapağı, kipriklərin qırpımı orda gördüyüm kimi olmasın... Mən, İlahi, yalan gözlərdən yorulmuşam...”

Beşinci adam da bu dörd adamın sevgilərinə sığınmalıydı. Yoxsa kimiydi ona yer verən: odun verən, od verən? Ət verən. Onun düşüncələri, gündəlikdə yazdıqları və dəyərləri kimsəni maraqlandırmazdı. Həm də hələ rütubətə bənzər soyuqca (həm də ləzzətli!) sevgilərə sığınmaq üçün nələr keçilməliydi?..

Rəngi tuta bilmirdi: yəni nə rəngdədi, bu görünənlərnən duyulanlar ki, onları bir-birindən ayırmaq imkansızdı. Rütubətin rəngi mamırdımı, yoxsa nəmli qaya? Sonra bu rəngi tutdu və yalnız bundan sonra özünü beşinci olmaq yerinə qoydu...
Nədən, qoyun dərisinə bükülüb pavilyon küncündə yatan Alxaslı oğlanı sevməyəydi? Onun sop-soyuq gözlərinin içinə dik baxmaq; içini özünəsərf dartıb-çıxarmaq; nələri var, onu bilmək gərəkirdi...

Dölsüzlükdə çətin başa gəlir...


İsti göl günü

Uzunluğunu qollasaydım, iki mən boydadı. Hərdənbir söhbətə başladımı, az qala iki qatlanıb düz gözlərimin içinə tuşlanırdı. Və elə əyilirdi ki, deyirdin, bu təhərini anasınnan qopanda özüynən götürüb. Ona yaltaqlıq-filan kim deyə bilərdi - heç kəs. Onun bu əyilməkləri hər deyəndə baş vermirdi ki. Stolun üstünə kabab gətirəndə də. Boş damarını tutmaq-zad söhbəti də boş çıxasıydı. Özü, qadınlar heç, bu rütubət və kabab qoxulu pavilyona gələn kişilərin hamısını gictofon bilirdi. Çox danışdıqlarına görə. Bu barədə təkcə mənə demişdi, bircə kərəm...

Üzüboz, ya da mağmun birisi olsaydı, yan keçərdin; deyərdin bu da üstüqanlı kababçılar sırasındandı. Ağappağ olurdu xalatı. “Bıt mojet” duxusunu hardan tapırdısa, üstündən əskik olmurdu. Dərə yuxarı kəndlərdə çadır yayına gələn qızlar ona irnəşirdilər: bir neçəsiynən belini boşaltmışdı da. Belələrini Günəşə boyatan sarmaşığa
oxşadırdı; amma birisinin də adını adam yanında tutmazdı...

Dörd qaya arasında külək-zad olmurdu. Qar dənələri də qayaların qara, dikbədik heykəllərə bənzər cüssəsinə çathaçatda qorxututub yumaxlanıb axır-tökülür, sığallayır, keçirdilər, sığallayır keçirdilər... Düşürdülər. Başlarını tərpətsəydi, bu qayaları buxovlu-zəncirli vəhşi ata oxşadardın. Durmuşdular və bu duruşdakı məğrurluğu qardan, seldən-sudan, partlayışlardan sonra da heç nə tərpətmirdi: Hər qayanın boynunun arxasındakı otlu çəmənliklərdən və quru mamırlardan süzülüb gələn sızqa axar azala-azala uçurumlarına çatırdı və qaya da bu axını canına içə-içə sal və şümşad yaxasıynan süzdürüb dibə yetməyə qoymurdu. Bu qayaların ikisini qayadırmaşanlar keçə bilməzlər; yapışmağa yer gərəkirdi. Qayanın təpəsinə arxadan, ən azı neçə arşınlıq yol gedəndən sonra çatmaq və belində istədiyin qədər keflənmək, boş şüşələri aşağı atıb səsini o biri qayanın döşündə eşidəndə ağzuvu ayırıb qalmaq, ya da şellənmək olardı. Bura gələnlərdən təkcə alpinistlər, bir də bir-iki cavan rus-filan dolayısıynan başa çıxırdı. Qalan kimsə belə əyləncələrdən ləzzət almaq istəmirdi...

Qarlı günlərdə o, pavilyonun odun peçiynən qızan küncündə qoyun dərisinə bükülüb qıvrılardı. Qar yolları basırdı, müştəri-zad olmurdu. Kitab oxuyurdu. Elə vərəqləyirdi, deyirdin, səhifələr ovulub töküldü. Bu dörd qaya arasındakı suqovuşanda hər gün təkrarlanan küylü məclislər onun da, aşıq Cəmşidin də buz kimi baxışları altında əriyib gedəndə gecələri Ay işığına baş vuran qayalar və bir də qayaların başına tərəf sürünən odunpeçi tüstüləri qalırdı...

Tərtər pavilyonun arxasından, qoz ağaclarının dibindən axırdı və bir az gedib Tutquya qovuşurdu. Bir gecə yuxuda gördüm ki, onun başını kabab istəyənlərdən birisi düz çayınca qırağında ət baltasıynan vurdu: baş diyirləndi, burulğana düşdüsə də aralıda - körpünün altındakı göllənməyə çatanda geri qanrıldı, hardansa çay boyunca yığışan çoxlu adama boylandı və axıb getdi...

Mən hər dəfə onun doğradığı kabablıq quzu ətinin buğlanmasına baxıb kədərləndiyim və içimdə az qala anqırdığımsayaq bu dəfə də yuxuda - onun boynundan buruxlanıb çıxan buğdan xoflandım, hardansa məni içinə alan birxeyli mamırın arasında tıncıxdım və əsl anqırdım. Səs hardasa boğuldu...

* * *

Dörd qayanın arasındakı yolayrıcından üzü yuxarı iki dərə vardı. O, dərə döşündə duran kəndlərdən birində ev sahibiydi. Evin içində nənəsiydi, bir də beş yaşlı bacısı. Qazandığını həftəlik nənəsinə gətirirdi. Qızın cehizini nənə yığırdı: anası da, dədəsi də iki il qabaq ölmüşdülər.

Bir dəfə məni də (lap soyuq və qarlı gündə) özüynən kəndə götürdü: çay qırağında yerdən qaynayan isti su kovuşuna apardı. Susurdu: onu danışdırmaq olmurdu. Mən onun başını gördüyüm dəhşətli yuxunu danışanda da qımıldanmadı. İsti-su qar örtüyün içindən torpağı yandırıb pırtlayırdı, axar boyu paqqıldayıb çaya qovuşur, bir qıraqla buğ verə-verə azca gedir və soyub-qarışırdı.

O soyundu və qaratikən koluynan hasarlanmış göldə çimdi. Çimə-çimə çoxdan bəriki susqularından sonra mənə bircə xatirə danışdı: uşaqlıqda dəri yaraları bircə batırım bu suya girdinmi, itib gedirdi. Amma o, suya girmək istəmirdi, onu sürüyürdülər. Gülürdülər. Anası da eynən - zornan başından basıb bircə kərəm onu suda boğdu və o, ömründə bircə kərəm bərkdən qışqırdı, anasının üzünü şillələdi, ağlayıb cırmağ atdı. O vaxtdan anasıynan danışmadı, düz ölüb-gedənəcən...

...Onu anasıynan bağlı söhbətlərdə dilə gətirmək olurmuş. Bunu təkcə mən bilirdim...


Ördək tərəzi

...Oranın qızları xalçalarının çeşnisinə, arvadları yorğan-döşəkli yüktaxtının en-boyuna, kişiləri mal-qaranın sayına və araya-ərsəyə çıxan övladlarının fər-fərasətinə güvənirdilər...
Zeynəbdə bunların ən sonuncusu yoxuydu: sonsuzuydu. Gedib qayıtmışdı; bircə ilin gəlini olanlardanıydı. Zeynəb xalanın dükanı qəşəngiydi: nəyə desən dəyərdi. Tərəzidə kəsməzdi, hər mala beşcə qəpik nalajeniya qoymağnan yığmışdı və heç kim buna görə Zeynəbdən incimirdi... Qoturlu dərəyə tunel deşiləndən bu yana otuz il Zeynəb piştaxtanın və ördəkli tərəzinin arxasındaydı. Kimsəyə üzünü turşutmayıb...
Zeynəbin tərəzisində iki dəmir ördək üz-üzə durmuşdu. Tərəzinin gövdəsində koruş kirill hərfləriylə zavodu-filanı yazılıydı. Ördək belinin yerinə oturdulmuş ləyənçələr çəki yeriydi..

Zeynəbin evi ikimərtəbəliydi: dükanın arxasında - dal divarın o biri üzündə. Birinci mərtəbənin yarımdivarı yol qırağındakı köməcli qayanın üstünə hörülmüşdü. Əslində, Zeynəb bu evi ikimərtəbəli yox, kürsülü otaq eləyə bilərdi. Alt-üst dörd otağın kölgəsi uzaqdan heç yaxşı görünmürdü; deyirdin, aynabənddi. Sonra gördüm ki, Zeynəb ikinci mərtəbədə, düz pəncərənin yanında yatır. İkinci mərtəbə gözətçi çardağı kimi bir şeydi. Ordan dükanın dördtərəfi görünürdü. Dükanın tapdanmış, döşəməsiz yerliyi və anbara aparan cığırabənzər koridoru şəkər və un tozunun torpağa qarışığından şümşad kimiydi; azca işıq düşəndə parıldıyırdı. Dükanın öz qoxusu vardı; şəkər kəpəyi, təzə parça, filtirsiz papiroslara və kibrit yeşiklərinin nəmiş taxtalarına qarışıq qoxu... Zeynəb otrez parçaynan unu, qəndnən kolqotkanı bir dükanda satmağa məcburuydu; illərcə belə olmuşdu və belə olmasaydı, zənnimcə, Zeynəbi bu qədər sevə bilməzdilər. Zeynəbin dükanında hər şey vardı. Mən dünyada Zeynəbin peçenyəsindən yumşağını, dadlısını, ətirlisini görməmişəm və elə bilirəm, görmərəm də... Peçenyə yeşikləri anbarda aylarca qənd və un kisələrinin arasında qorunur, torpaq döşəmənin və suqovuşanın rütubəti canına çökürdü.

Zeynəbin özünü tərəzisindəki ördəklərə oxşadırdım və məncə, Zeynəb nəmo peçenyələr kimi ətirli və şiriniydi. Bəlkə də torpağınmı, suqovuşandakı nəmişliyin, ağacların və qayalara sarmanmış mamırlarınmı dadıydı, peçenyələrə çökən, amma bir şey vardı ki, Zeynəbin peçenyeləri yumşaq və dadlıydı... Mən onun peçenyelərini sevə-sevə yeyəndə elə bilirdim, Zeynəb haçansa çayqovuşana yaxın körpünün altındakı gölləmədə ördək kimi üzəcək və hər səhər mən də düz bir kilo peçenyeni dürtə-dürtə ona tamaşa edəcəyəm...

Zeynəbin birçəkləri xınasız qalmışdı. Deyirdilər, onun sonsuzluğu yel xəstəliyiynən bağlıymış. Qardaşı qızını xırdalığından övladlığa götürüb böyütmüşdü; mülkünü də ona bağışlayacaqdı. Qız hamilə olan gündən Zeynəb başına xına qoymadı:

- Oğlan olmalıdı. Mənə kişi lazımdı, - deyirdi...

Zeynəb ala saçlarını didib körpünün altındakı gölləməyə vurdu özünü. Saçları suyun üzünə səpələnmişdi. Daş axtarırdı, başına çırpsın. Pavilyondakı oğlanlar özlərini suya vurdu: zornan evə gətirdilər. Özünü yerə çırpırdı, sürünürdü. Qışqıranda qayalara “daş xaraba” deyib üzünü cırırdı. Həkimlər demişdilər, gəlin rütubətdən, yeldən doğa bilməyib keçinmişdi. Zeynəb qızı dörd qayanın arasında böyütmüşdü, sonra kənddə ev alıb ərə vermişdi.

Bu qayaların arasında ördək saxlamırdılar. Amma dərəyuxarı bütün kənd dükanlarında tərəzilər ördəkbaşlıydı.


Dəmir göyərçinlər

...Çaylaq daşıynan, bir də daşlı-qaratorpaq arxlardan sellənib çökən qap-qara qumnan tikilən kənd dükanlarının heç birini çöldən suvamırlar. Çox ötərgi bir üsulnan əyri-üyrü daşların ağırlığından pırtlayan palçığı masterokun şümal yeriynən sığallayıb keçirlər. Vəssalam: qara palçıq göyümtül daşların arasıynan darayı-dolayı sürünür, qayalı-meşəli ətrafın içinə girir, uyarlıq gətirir.

Bu dükanların (heç kürsüsüz evlərin də) arxasına baxan olmur. Arxa divara əldən qalan əcaib-qəraib daşları nətər gəldi düzürlər. İkiqat divarın arasını da çınqılnan doldurub, iməcisi olsa bir tutarlı ev tikə bilirlər. Burda əsas evin üstüdü: gərək dammasın. İçi də çörəkli oldumu, xalça-palaznan bu qara-göyümtül daşların rənginə düşər çalar düzəltmək olur.

Qaya diblərinə səpələnmiş məhlələrin çoxu tüsərnən qazılıb-hellənmiş iri daşlarnan, üstündən də kol-kosnan hasarlanırdı. Tək qayda: məhlənin başında qazılan ev yeri elə seçilirdi ki, arxa divarı köklü qaya əvəzləsin. Belə qaya o birilər kimi torpaqdan azacıq pırtlasa da, bu yerin kişiləri köklüsünü yaxşı tanıyırdılar. Buldouzer evyeri açanda elə hesablanırdı ki, hökmən qayanın kökü çıxır və bu kök də evin arxa söykənəcəyi olurdu. Yerdəqalan xırda daşlar palçıqlanır, çınqılnan bir yerdə köklü qayaya sarmandırılırdı. Sel yeri-filan açılandan sonra da o daşların üstü suvanmırdı. Zeynəbin dükanı bu yerə sement gələn vaxtlardan tikilən birinci tutarlı hörgü sayılırdı...

Şifer, ya da doludan qoruyan dəmirlər qurulur, evlər çardaqlanır, künclərdən üzüaşağı boru, ya da maldili boyda novalçalar qoyulurdu. Bu novalçaların çoxu yerə çathaçatda bir az qırağa uzanır və ağzı da çox vaxt elə düzəldilirdi ki, guya əjdaha, timsah ya da vəhşi ilan başlarıdı ki, durub. Ağızlığın içinə dəmirdən dil-zad da düzəldirdilər. Su da o dilin üstündən süzülürdü. Damın düz ortasında üz-üzə iki göyərçin düzəldirdilər. Göyərçinsiz dam qurduran olmur. Aşağıdan işə gələn ustalar da özləriynən bir çemodan dəmir göyərçin gətirirdilər; ev yiyəsi istədi-istəmədi. İstəməsəydi, oğlan uşağı olan evlərdə başağrısı olacaqdı. Burda çöl göyərçini də olmurdu....


Ağ Mirzə

- ...Səni qəvirdən çıxardıf hökümətə təhvil verəcəklər, xurustalnı köpəyoğlu! - Əfrayıl dedi. Əlindəki “İsti-su” yeşiyini o biri yeşiyin üstünə pərçimlədi. Mirzə susurdu, bu qarğışa qulağı çoxdan öyrəşmişdi; uzağı ağ kipriklərini döyüşdürüb cır səsiynən donquldanardı və Əfrayılı Allahına tapşırardı...

...Olmuşdu; 10 il-zad qabaq bir ağappaq oğlanı gecəynən qəbirdən çıxarıb yerinə nəsə doldurmuşdular. O söz də molladan çıxmışdı; o da qəbrin qırağındakı tər-təzə izləri, tərpəşmiş torpağı, gecə qaranlığında goreşənlərin qoyub getdikləri anlaşılmazlıqları görüb ağzının boşluğunu buraxmışdı... O ağ Oğlan ölənəcən danışırdılar ki, bəlkə heç hökumət ölməyini gözətləmədi, birdəncə, gecəynən itirdi gədəni! O sözləri dağ eləməyə kiminsə gücü çatmazdı; müsəlmançılıq, hökumət xofu-filan... Həm də təzə qəbrin qırağında min cür iz ola bilər... Sonralar hər kəndə bir əfqan döyüşçüsünün ağzı möhürlü cənazələrini gətirməyə başladılar. Deyirdilər, meyid-zad yoxdu, ağzını suvarkalayıblar ki, açan olmasın - içindəki daşdı. Qəbirqazanlar da dedilər tabut yaman ağırmış.. Bunu da bir kimsə üstünə götürmədi, amma Arana gedib-gələnlərin bir neçəsi təsdiqlədi ki, Aranda, Qarabağın kəndlərində arvadların zornan tabutu açdıranı olub və daş da çıxıb...

...Elə duruşundanca, kipriklərinin süzgün qırpımınnan və yaşıl-dərinliyində sanki bu qapqara ətrafdan xoşsuzlanan baxışlarıynan günahsızıydı Ağ Mirzə. İnanmışdı: bu dörd qayanın arasında Əfrayıl kimi deyingənnən və Arana gedən maşınları yükləməyə itib-gedən günlərnən bir arada kepkası da az qala boğazına keçəsiydi. Qazandığı nəydi: iki-üç şiş kabab, Zeynəbin anbarından bir paçka peçenye, düşəndə bir cüt qaloş... Qoy elə Əfrayıl deyən kimi onun büllur sümüklərini çıxardıb neytron bombası düzəltməkdə faydalansınlar. Tükündən sümüyünəcən ağappaq olan adamların sümükləri bu işdə faydalıymış deyirdilər. Onsuz da Amerika müharibəyə başlasa, bu qayalar-filan, Əfrayıl-Məfrayıl qalmayasıdı...

...Guya onnan qabağkı ağappağın anasına təklif olunub ki, balasının sağ canını hökumətə versin, kalan pul alsın; hələ bu haçan öləsi, ona kimi Amerika...
Mirzənin nənəsinə desəydilər razı olardı, elə özü də kəlmeyi-şəhadətini nənəsinə oxutdurardı... Hökumətə-zada görə yox, elə nənəsinəcə gün ağlasa, bacı-qardaşını ağ günə çıxarmış olur. Arvad altına yığan deyil.

Mirzənin Əfrayıla yazığı gəlirdi: qulaqlar pələ, pencəyinin qollarını əlcək yerinə işlədir. Kepkası-zadı da yox, başı da kvadratnı... Pis oğlan dəyil, köhnə pavilyonun qarlı günlərində onlar isticə bir küncə çəkilib domino başında keflərinə gələn söhbətə girişirdilər...


Əfrayıl

...Yaylaq biçənəklərinin başından xətər sovuşmuşdu: qaymaqçiçəyinə bürünmüş yamaclara kotan çatası deyildi. Tütün bitməzdi orda; qaya diblərinə, orman arasındakı qaratorpaq düzənlərə, xırda daşlıqlı seltutmazlara sığınanda bu yarpaqtəhər andır iki metrdən çox boy atırdı. Yığımı gəldimi, dolu duasının əvəzinə, arvadlar “çiçəyindən yağ damır zəhərin” deyib işə girişirdilər...

...Kəndi sel yuyan il Əfrayıl təpik yemişdi: ana qarnında. Hələ qulaqlarını göstərirdi, dördkünc başına işarəynən anasının qarnında o təpiyin guppultusunu eşitdiyini deməyindəydi. Hər dəfə də milləti güldürüb özü qırpınmırdı, qulaqlarını elə tərpədirdi ki, xırçıltısından ət töküləsiydi...

...Dağbəyi qarğıdalı çörəyi yeyilən ili lap dilinə də, əlinə də yiyəsiliyi unutmuşdu.

Erkəyinə-dişisinə baxmırdı. Əfrayılın da anası selyuyan il dolu duası yazdırmağa pul yığanların arasında əks-təbliğat aparmışdı. Doludağıdan top qoysunlar, deyirdi.
Çəkişmənin kökü lap köhnə vaxtlardan boy vermişdi; dağbəyinin babası onun babasını bir söz üstdə güllələmişdi, onun babası bunun alaçığında nənəsinə bir təpik ilişdirib getmişdi... Haqq-hesab otuzuncu ildə səngidi: dağbəyinin dədəsini güllələdilər. Dağbəyi də deyirdi, Əfrayılın babası o işə barmaq qoymamış deyil. Nooldu, o yenə dağbəyi, sonra kolxoz başçısı oldu... Və Əfrayıl da anasıyla bir yerdə təpiyi həmin selyuyan il yedilər. Susdular...

...Əfrayılın bir kimsəyə ziyanı dəyməzdi: uzağı sözü adamın üzünə vurar və soyuqdan göyərəndə cındır pencəyinin sallaq qollarını qoynuna dürtüb Zeynəbin dükanında məzə qalardı. Zeynəbin “Prima”sını pulsuz versə də, çəkməzdi. Özcə tütünündən “Kommunist”ə büküb sümürürdü. Və sümürüb zəhəri söyürdü...

... Əfrayıl təpik yeyən il dağlara tütün toxumu gətirmişdilər...

1988-1993
XS
SM
MD
LG