Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:16

Ruslan Mollayev "Salxım söyüd" (Seçmə hekayələrdən)


Ruslan Mollayev
Ruslan Mollayev
-

...Sonra kəndin dələduz uşaqları onu mağardan çıxardıb, içizdirib bayırda oynadıblar. Daha sonra dörd-beş nəfər onu maşına otuzdurub harasa aparıblar. Səhər tezdən isə Eltonu lüt halda, palçığın içindən tapıblar...


Ruslan Mollayev


SALXIM SÖYÜD


Cibindən filtrsiz siqaret qutusunu çıxardıb əzilmiş siqaretini düzəldi və kibritlə yandırdı.

Dan yeri yenicə sökülürdü, coban bəndin üstü ilə qoyunları aparırdı.

Kür qırağındakı yosunlar axar su kimi susqun idi. Qayığın zəncirini açmadan çəpləri yerinə keçirdikdən sonra qayıqda oturub çayın sahilə dəyməyinə tamaşa edirdi.

Arıq, sısqa bədəni, günun istisindən kömürə dönmüş dərisi, tüksüz üzü vardı.

Siqareti aram-aram çəkməsindən hiss olunurdu ki, hələ də yuxudan tam ayılmayıb. Birdən qayıq möhkəm silkələndi. Bərk diksindiyindən siqaret əlindən çaya düşdü və dönüb tərs-tərs sahilə baxdı :

- Elton, bu sənsən? Atan rəhmətlik, nə olub nə xəbərdi?! Yeri get burdan! Səhərin gözü açılmamış bir sən çatmırdın.

Elton əli ilə Кürün o biri tayını göstərdi.

Оnun 32 yaşı olardı. Çox vaxt ayağında arxası kəsik qaloş, əynində dona bənzər boz şalvar və onu daha da kök göstərən boynu genişlənmiş ağ köynək olurdu.

Üz çizgiləri, köklüyü və ətə dolmuş döşlərinə görə onu qadına da bənzətmək olardı; yumru üzü, ucu şiş burnu, nazik qaşlari vardi.

Onu hər yay tətili vaxtı kəndə gedəndə görürdüm. Аnadangəlmə çatışmazlığı vardı.

Atası yox idi, anası qadın həkimi, qardaşı isə fizika müəllimi idi.

Evləri çox vaxt adamla dolu olаrdı. Elton özü isə bütün günü küçələrdəydi, hara gedirdiksə, qarşımıza çıxırdı.

...Evdə dolanışıqları pis olmasa da, kənddə toy, yas olanda Elton üçün böyük bayram olurdu. Yekə qazanlarda bişən yeməklərin dadı- ləzzəti onun üçün başqa kef idi, həm də camaat arasında olmağı xoşlayırdı.

Məclisdə istədiyi yerda otururdu - hamı onu tanıyır və xətrinə dəymirdilər. Uşaqlar ona yaxın durmaqdan qorxsalar da, yeniyetmə yaşına çatanlar hərdən ona söz atıb zarafat eləyirdilər və bu, onun özünün də xoşuna gəlirdi.

Əvəllər о mənə çox qorxulu və vahiməli görünürdü, sonralarsa, hər kəndə gedəndə onu görüb dindirməsəydim, narahat olurdum.

Çox az söz bilirdi. Fikirlərini aydın şəkildə izah edə bilməsə də, onu birtəhər başa düşməyə çalışırdıq.

Üzündə qəribə nur vardi, bəlkə, elə buna görə də insanlar ondan uzaq gəzmirdilər, əksinə, ona yaxın olmağa çalışırdılar. Kefinə düşəndə oturduğu yerdən durub, heç kimə fikir vermədən çıxıb gedirdi.

Kəndin atributuna çevrilmişdi Elton. Ən sevdiyi və çox olduğu yer kəndin uşaq baxçası idi. Biz kənd uşaqları ilə dava-dava oynayırdıq, o isə səs-küymüzə fikir vemədən saatlarla baxça uşaqların oynamağına tamaşa edirdi.

İldən-ilə saçı ağarırdı, amma üzündə bir dənə də olsun qırış yaranmırdı. Düşünürdüm ki, yəqin dərdsiz olduğuna görə üzü qırışmır, axı ruhi xəstənin nə dərdi olacaq?

Qayıqçı:

- Elton, siftə eləməmişəm. Оtur burda, qoy gələn olsun, onunla birlikdə keçirdərəm. Bir də məni elə diksindirmə, az qala düşmüşdüm çaya, üzə də bilmirəm. Sən də ki maşallah, bilirəm hə, məni həmən dəqiqə çıxardacaqdın.

Elton zənciri çəkib qayığa mindi, qayığı tez-tez yırğalamağa başladı, qayıqçı tez özünü sahilə tulladı:

- Sənin başına hava gəlib? Əlini dizinə vurub deyinməyə başladı.

``Buna bax da səhər-səhər işə düşmədik?! Oynamağa yer tapmamısan? İndicə çörüləcəksən, başına dönüm, gəl düş aşağı. Sən cəhənnəm, kənd camaatı o tay-bu tay keçə bilməyəcək.

Elton yellənə-yellənə uşaq kimi gülürdü, əli ilə qayıqçıdan siqaret istəyib qayığın burnunda üzü Kürə oturub ayaqlarını suya sallamışdı.

Qayıqçı asta-asta zənciri dartib qayığın arxa ucunu qumun üstünə çıxartdı:

- Sən Allah asta ol, düşərsən suya.

Elton isə sanki onun sözlərini eşitmirdi, üzünü çevirib bir də siqaret istədi. Qayıqçı asta-asta ortada oturub, çəplərin ucunu içəri qoydu. Sonra da bir siqaret ona, birini də özünə yandırdı.

- Yenə Tatar məhəlləsindəki Məhbubəgilə gedirsən hə? Eşqə düşmüsən bilirəm, düzünü de, harasına vurulmusan?

Elton yarı utancaq, yarı bic-bic qımışdı və ayaqlarını sudа şapıldatmağa başladı.

- Anana de evləndirsin də səni, ay bədbəxt bəlkə, özünə gəldin. Sinənə bax, hamısı yığılıb qalıb orda. Səninləyəm e, eşidirsən? İstəyirsən mən anana deyim, onlara elçi getsin? Siqareti də elə çəkirsən, elə bil özünü indi gəmi kimi hiss edirsən, hə? Оnun üçün məni saymırsan? Allah sənin bəlanı verməsin, yazıqsan. Evlənsəydin mənim də canım qurtarardı pulsuz-parasız səni hərgün o baş-bu başа aparmaqdan. Heç olmasa, bişey-mişey alinir, yoxsa elecə oturub baxırsan? Bilirəm, gözəl qızdı, yiyəsinə qismət, anası ilə tez -tez bu taydakı qəbir üstünə gəlir. Atası deyəsən, talış idi, kəndin ilk şəhidlərindən oldu.

Elton isə yenə reaksiyasız idi. Siqareti çaya atıb, onun suda axmağına diqqətlə tamaşa edirdi.

Bəndin üstündə başında ləyən zümzümə eləyə- eləyə bir qarı gəlirdi.

Sonra eşitdim ki, Tatar məhəlləsində Kür çayının yaxınlığında qalan baxça müəlliməsinə vurulub. Hər səhər Kürün o tayına keçib qızın inək sağmasına, çöl-bayır süpürməsinə tamaşa edirmiş. Elton aşiq olandan küçələrdə, yas və toy məclislərində görsənmiridi. Onu yalnız iki ünvanda tapmaq olardı: bəndin üstündə şaxələnən salxım söyüdün altı, bir də baxçanın həyətində.

Məhbubəgilə bir-iki dəfə elçi gələnləri daşladığından kənd camaatı başa düşmüşdü ki, Elton Məhbubəyə vurulub. Heç kim onun xətrinə dəymirdi, hətta Məhbubənin özü də. O, hərdən Eltona əl eləyib, dərdiyi meyvələrdən pay verirdi.

Yeni il ərəfələri idi, eşitdim ki, Məhbubəni qonşu kənddən bir rəssama ərə veriblər. Toy günü Elton da mağaraya gəlib, ağzında pul tutub bəyin qarşısında oynayıb, sonra mağarın düz ortasında oturub hönkür- hönkür ağlayıb. Sonra kəndin dələduz uşaqları onu mağardan çıxardıb, içizdirib bayırda oynadıblar. Daha sonra dörd-beş nəfər onu maşına otuzdurub harasa aparıblar. Səhər tezdən isə Eltonu lüt halda, palçığın içindən tapıblar...

Məni sarsıdan bu xəbəri eşidəndən bir neçə il sonra kəndə getdim. Elə avtobusdan enən kimi dayanacaqda Eltonu gördüm və buna çox sevindim. Deyirlər, Məhbubə ərə gedəndən bütün günü yollarda gəzir. Düşündüm, yəqin, Məhbubənin yolunu gözləyir:

- Elton, salam, necəsən? Eşitdim möhkəm xəstələnmisən.Tanıdın məni? Kimisə gözləyirsən, yoxsa harasa gedirsən?

Elton əli ilə mənə “get” işarəsi göstərdi. O tamamilə dəyişmişdi. Daha danışmasa da xoş mimikasını da əsirgəyirdi... Sifətindəki nuru paylamaq istəmirdi.

Bir neçə ildi ki, kəndə gəlmirdim, Elton kimi elə hər şey dəyişmişdi. Kəndin girişində məscid, evlər, küçələr sanki, balacalaşmış, baxçanın hasar daşları dağılmışdı. Kənd uşaqlarının mübahisə, yoxsa söhbət etdiklərini ayırd etmək olmurdu. Onlar dağılmış daşları arabaya yığıb harasa aparırdılar. Arabada o daşlarla yanaşı mənim xatirələrim də gedirdi… Bəlkə evlərin, küçələrin, baxçanın böyüklüyü, lap elə Eltonun xoş çöhrəsi də o arabadaydı.

Babamgilin evinə baş çəkməmiş Кür qırağına gedib Dəli Kürlə salamlaşmaq istədim. Salxım söyüd də yerində yox idi!…

Qayıqla bir necə nəfərin o taydan gəldiyini gördüm. Adamlar əllərində çamadan, tələsik düşüb getdilər. Qayıqçı enlikürək, ağbəniz bir oğlandı. O, zənciri dartıb yerə basdırırdı və üzümə baxıb soruşdu:

- О taya gedəcəksiz?

- Yox. Kəndimiz üçün darıxmışdım, gəldim bu yerləri bir də görüm. O tayda salxım söyüd vardı...

- Hə, bu qış möhkəm külək oldu, gözümün qarşısında kötüyündən çıxıb Кürə düşdü, səsi aləmi götürmüşdü. Aşağı tərəfə getsəz, görərsiz boğazda, sahilə ilişib qalıb.

“Sağ olun”- deyib, çatlamış torpağa baxa-baxa evə doğru getdim.

Qayıqcı:

- Eltonu tanıyırdız?

Ayaq saxlayıb, çevrilib “hə”- dedim.

- İndi, bu dəqiqə keçən adamlar dedilər ki, Eltonu maşın vurub, yazıq yerindəcə keçinib.

Heç nə demədim, qayıqçı iti baxışlarımdan başını aşağı saldı, yəqin nə üçün elə baxdığımı fikirləşdi, əslində, mənim fikrim artıq başqa yerdə idi. Üzümü çevirib asta-asta evə doğru getdim və yol boyu salxım söyüd ağacı haqqında düşündüm...
XS
SM
MD
LG