Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:16

Söyün Sadıqovla Ara Abrahamian Azərbaycan-erməni diasporlarını bir araya gətirdilər


Youtube: Moskvada Azərbaycan-erməni diasporları bir araya gəlib
Youtube: Moskvada Azərbaycan-erməni diasporları bir araya gəlib
Oktyabrın 23-də Moskvada azərbaycanlı və erməni icmalarının görüşü keçirilib. Görüş Ümumrusiya Azərbaycanlıları İttifaqını (ÜATİ) quranlardan biri Söyün Sadıqovun və Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abrahamian-ın başçılığı altında gerçəkləşib. Görüşdən videogörüntü Youtube-da yerləşdirilib.

Ara Abrahamian da, Söyün Sadıqov da Rusiya prezidenti Vladimir Putinin milli məsələlər üzrə müşavirləridir.

Ara Abrahamian deyib ki, onlar sadə bir məsələni həll etmək üçün yığışıblar. «Biz Rusiyada yaşayırıq. Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada nə qədər sabitlik və sülh olacaq, o qədər də bizim gələcəyimiz təmin olunacaq. Biz hamımız Rusiya vətəndaşlarıyıq. Biz güclü olsaq tarixi vətənimizə Azərbaycan və Ermənistana yardım edə biləcəyik».

Ara Abrahamian bu görüşü tarixi adlandırıb, çünki Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatları son 20 ildə birinci dəfədir toplaşırlar. O hesab edir ki, belə görüşləri davam etdirmək lazımdır:

«Bizim məqsədimiz daha müdrik və sakit olmaqdır».

«BİZ BİR YERDƏ OLSAQ...»

Ara Abrahamian
Ara Abrahamian
Ara Abrahamian iki xalqın dostluğundan danışıb.

«Biz dostluğumuzu unutmamışıq. Biz bir yerdə olsaq on minlərlə adama yaşamaq daha asan olacaq və xalqlarımız da bu qədər əziyyət çəkməzlər. Bizim burda soydaşlarımız çoxdur, onlar bura yaxşı günlərindən gəlməyiblər. Bu görüş də mütəmadi olmalıdır. Bir yerdə müzakirə aparıb, çıxış yolu tapacağıq. Biz göstərəcəyik ki, Rusiya bizim də vətənimizdir».

Ara Abrahamian daha sonra deyib ki, müharibə heç kimə lazım deyil. Onlar da dialoq üçün yığışıblar. «Bu, sadəcə, ictimai görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Bu dialoqdur və zəruridir, çoxdan başlamalı idi».

«DİALOQA ÇAĞIRIRAM»

«Azərros» Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov eyni məzmunda çıxış edib. O, deyib ki, hər iki xalqın gələcəyi bir yerdədir və münaqişənin həlli qaçılmazdır.

Söyün Sadıqov münaqişəyə baxmayaraq ermənilərlə azərbaycanlıların ailə qurmasından, dostluğundan da danışıb. «Biz istəyirik münaqişə olmasın» söyləyən Söyün Sadıqov bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıb.

«Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq».

ARMEN DZİGARKHANYAN: «BİR-BİRİMİZİ SEVMƏLİYİK»

Tanınmış erməni aktyoru Armen Dzigarkhanyan da tədbirdə çıxış edib.

Armen Dzhigarkhanyan
Armen Dzhigarkhanyan
«Gizlətməyəcəyəm, bizim oturub bu cür məsələləri müzakirə etməyimiz mənə qəribə gəlir. Biz qonşuyuq. Ən böyük konflikt «Ararat»la «Neftçi» oynayanda olurdu. Sadəcə, düşmənçilik yaratmaq istəyənlər var».

O, Yerevan Dram Teatrının Bakıya, Zeynəb Xanlarovanın isə Ermənistan paytaxtına qastrollarından danışıb. «Bu qastrollar bayram idi. Demək buna ehtiyacımız var idi».

Aktyor münaqişənin həllində kilsə və məscidlərin rolundan da danışıb. «Bir-birimizi sevməliyik. O zaman problem də həll olunacaq. Allaha yalvaracağam ki, bizim ən böyük münaqişəmiz futbol qarşıdurmasından uzağa getməsin» deyə Dzigarkhanyan çıxışını bitirib.

Görüş təşkilatçıları bildiriblər ki, Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşü noyabrın 16-da baş tutacaq.

Ara Abrahamian təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın.

Ara Abrahamian Ümumdünya Erməniləri İttifaqının sədridir. Erməni mətbuatı onun növbəti prezident seçkilərində namizədliyini verə biləcəyini yazır.

Söyün Sadıqov isə «Azərros» Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri olmaqla yanaşı, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını quranlardan biridir. Bu qurumda ilk baxışdan ən müxtəlif zümrələrin təmsilçiləri - Rusiyada yaşayan varlı azərbaycanlılar, sabiq məmurlar, hətta Azərbaycan hakimiyyətini tənqid edənlər bir araya gəlib.


XS
SM
MD
LG