Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:24

Nehrəmlilərin şikayəti: «Zorla gözəllik olmaz»


Nehrəm kəndi
Nehrəm kəndi
-

Nehrəm kəndində 3 yaşlı Ləman Həsənovanın yeganə əyləncə vasitəsi də əlindən alına bilər. Atası Əşrəf Həsənov deyir ki, kənddə uşaqlar üçün əyləncə yeri olmadığından balaca qızı əsasən ona məxsus köhnə maşın kuzovunda oynayır. Ancaq deməsinə görə, kənddə yol qırağındakı həyətlərdə gözə dəyən iri həcmli əşyaların yığışdırılması haqda göstərişin verilməsi onun köhnə maşının kzovundan da yan keçməyib. Bu məsələ Əşrəf Həsənovla yanaşı kəndin başqa sakinlərinin də narazılığına səbəb olub. Sakinlərin bildirməsinə görə, bu yaxınlarda Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun orta məktəb açılışı ilə bağlı Nehrəmə gələcəyi gözlənilir. Məktəbə gedən yoldan görünən həyətlərin sahmana salınması ilə bağlı göstərişin də bu səbəbdən verildiyi bildirilir. Kənd sakinləri deyir ki, iri həcmli maşınların ehtiyat hissələrinin həyətlərdən yığışdırılmasına rayonun DYPİ əməkdaşları, saman və kəndçiyə lazım olan əşyaların gizlədilməsinə isə kəndin icra nümayəndəliyi nəzarət edir.

Əşrəf Həsənov deyir ki, həyəti yoldan təxminən 20 metr aralıda olsa da Babək rayon DYPİ əməkdaşları ondan köhnə maşın hissələrini yığışdırmağı tələb edirlər:

«OLA BİLƏR Kİ, BUNLARIN DƏMİRƏ VƏ SAMANA ALLERGİYALARI VAR»
«Dedilər ki, görünən şeyləri yığışdırın ki, Vasif Talıbov gələcək, yoldan görməsin. Bir MAZ kuzasıdı, bir ramadı, bir də «Jiquli». Deyirlər ya yerə basdır, ya gətir bizə təhvil ver, ya da ki, divar çək görünməsin. Kəndi pis göstərər. Dedim ki, mənim divar çəkməyə imkanım yoxdur. Xətrimi istəyirsiz, gəlin özünüz çəkin. Necə olur ki, Həştərxanda, Pakistanda, Gürcüstanda məktəb tikib, divar çəkə bilirsiz, öz vətəndaşınız üçün eləmirsiz? Biz Azərbaycan vətəndaşı deyilik?. Mənim «Jiquli»m yararlıdır, düzəldib sürəcəyəm. Niyə verim onlara? Tapılmayan ehtiyat hissələridir. Dedilər ki, deyilənlərə əməl etməsən maşınını tutub içəri qoyacağıq. Ola bilər ki, bunların dəmirə və samana allergiyaları var».

Məsələyə münasibət öyrənmək üçün əlaqə saxladığımız Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov bu haqda AzadlıqRadiosuna danışa bilməyəcəyini bildirdi.

Babək rayon DYPİ-nin əməkdaşı Sənan Əliyev də Nehrəm kəndində hazırlıq işlərinin getdiyini təsdiqləsə də, bu haqda geniş danışa bilməyəcəklərini bildirdi:

«Bu, bizim səlahiyyətimizdə deyil ki, sizə nə isə məlumat verəm. Mənim heç nədən xəbərim yoxdur» .

Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov isə bildirdi ki, gözə dəyən iri həcmli əşyaların yığışdırılmasının həyətlərə heç bir aidiyyəti yoxdur:

«İSTƏYİRİK Kİ, KƏNDİMİZ GÖZƏL GÖRÜNSÜN»

«Asfalt çəkiləcək deyə, yol qıraqlarında təmizlik işləri aparılır. Kəndimizdə məktəb tikilir, gələn ay açılışı olacaq. İstəyirik ki, kəndimiz gözəl görünsün. Heç kimin həyətinə qarışmırıq. Əşrəf Həsənovun da artıq əşyaları yolun qırağındadır. Ola bilsin bu səbəbdən deyiblər ki, yığışdırsın».

Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə baş verənləri insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirir:

«BU İNSANLARIN YAŞAMAQ HÜQUQUNUN ƏLİNDƏN ALINMASIDIR»

«Naxçıvan məsələsi ciddi şəkildə bizim hökumətin qarşısında durmalıdır. Naxçıvan blokada şəraitindədir. Hər dəfə insanlara bu cür əzab-əziyyət verəndə, insanlar da çıxıb gedir buradan. Mənim çox ürəyim ağrıyır ki, bu gün Naxçıvan `boşalmaqda davam edir. Bu insanların yaşayış tərzinin pozulması, yaşamaq hüququnun əlindən alınmasıdır. Bu, həm də mülkiyyət hüququnun pozulmasıdır».
XS
SM
MD
LG