Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Öz ölkəsini axmaq adlandıran böyük yazıçı


Thomas Bernhard
Thomas Bernhard

-

Tomas nigahdan kənar doğulmuşdu, tənhalıq hissi və daimi ölüm təhlükəsi onun yaradıcılığına təsirsiz ötüşməmişdi...


TOMAS BERNHARD, FACİƏNİN YAZDIĞI ŞEİR

“Mənə Bernharddan danışın,
Harada yaşayır, necədir?”
Samuel Bekket

Mən bir cənnətə inandım, lap uşaqlığımdan bəri!
Qocaldıqca daha çox inanacağam.
Tomas Bernhard


Tomas Bernhard 1931-ci il fevralın 10-da Hollandiyanın Kloster Heerlen bölgəsində yazıçı Yohannes Froymbixlerin qızı Herta Fabianla peşəcə dülgər olan Aloyis Çukerştetter arasındakı nikahdan kənar münasibətdən dünyaya gəlib.

Ana tərəfi Avstriyanın Zalzburq əyalətindən olan varlı kənd taciri ailəsinə mənsub idi.

Anası Herta evlilikdən kənar münasibətə görə Tomasa hamilə qaldığını bilən kimi Hollandiyaya köçüb və bu cür hadisələrlə üzələşmiş gənc qızları qəbul edən monastırda yaşamağa başlayıb.

Orada bir rəfiqəsi ona iş tapmağa və bir ilə qədər orada yaşamağa kömək göstərib.

1932-ci ilə qədər dayə tərəfindən saxlanılan balaca Tomas, anası Vyanaya qayıtdıqdan sonra, hələ bir yaşındaykən Zeekirxe əyalətində yaşayan babası və nənəsinin qəyyumluğuna verilir.

Burada keçirdiyi ən xoşbəxt günləri bir daha heç vaxt geri qayıtmayacaqdı. Onun yaddaşında bura cənnət kimi qalmışdı.

Anası daha sonra - 1936-cı ildə Emil Fabianla evlənərək bir müddət Vyanada yaşamış, sonradan Bayern əyalətinə, Almanya-Avstriya sərhəd xətti üzərindəki Trauştain qəsəbəsinə köçmüşlər.

Onun əri burada bərbər kimi işləməyə başlamış, bir qədər sonra onlar Toması da öz yanlarına gətirmiş, yeni doğulan ögey qardaşı ilə birlikdə böyütmüşlər.

1940-cı ildə T.Bernhardın heç vaxt üzünü görmədiyi əsl atası Aloyis Çukerştetter Berlində intihar edərək dünyasını dəyişir.

Tomas babası tərəfindən oxudulmuş, demək olar ki, bütün elm sahələrində şəxsi

Avstriya - Thomas Bernhard
Avstriya - Thomas Bernhard

müəllimlərdən dərs almış, 1943-1945-ci illər arasında yataqxana tipli məktəbdə təhsilini davam etdirmişdir.

Bu ərəfədə İkinci Dünya müharibəsi başlandığından müharibə boyu çox ağır günlər yaşamışdır.

Hətta bundan çox sonralar, 1975-ci ildə başına gələnləri “Səbəb, bir işarəydi” (Die Ursache: Eine Andeutung) adlı kitabında təsirli şəkildə qələmə almışdır.

Kitabın bəzi bölümlərində Zalzburqa və zalzburqlulara qarşı ağır ittihamlar irəli sürülməsi səbəbindən kitab Zalzburq Bölgə Məhkəməsi tərəfindən qadağan edilmiş və Bernharda qarşı uzun müddət davam edən məhkəmə çəkişmələri başlanmışdır.

1944-cü ildə Zalzburqa düşən ağır bombalar və bununla da çətinləşən həyat onu Trauştayna, anasının yanına getməyə məcbur edir.

O, burada bir bağbanın yanında işə düzəlib ailəsinə kömək etməyə başlayır.

Bir müddət burda qaldıqdan sonra o, 1945-ci ildə “Yohanneum” adlı Nasional Sosialist və Katolik İslah mərkəzinə çevrilmiş məktəbinə geri qayıdıb təhsilini davam etdirir.

1946-cı ildə onun bütün ailəsi Bayerndən Zalzburqa sürgün edilir. Həmin dövrdə Bernhard professor Teodor W. Wernerdən musiqi estetikası və Maria Keldorferdən etika dərsləri alırdı.

1947-ci ildə müharibədən sonrakı ağır yaşayış onu məktəbi atıb ərzaq malları satan bir alverçinin yanına işə düzəlməyə məcbur edir.

Burada başına gələnlərdən sonralar, 1976-cı ildə yazdığı “Zirzəmi – Bir imtinanın hekayəti” (Der Keller – Eine Entziehung) əsərində bəhs edəcəkdi.

Burda işləməklə bərabər o, musiqi ilə bağlı fərdi dərslər almağa davam edirdi.

1949-cu ildə müharibə sonrası səfalətin nəticəsi olaraq sətəlcəm xəstəliyinə, daha sonra isə ağciyər vərəminə tutulur.

Həmin ildə həm də Tomas Bernhardın peşəcə yazıçı olan, hətta “Philomena Ellenhub” əsərinə görə Avstriyanın dövlət mükafatına layiq görülmüş babası Yohannes Froymbixler uzun sürən böyrək xəstəliyinə dözməyərək həyata gözlərini yumur.

Bernhardın həyatı və inkişafında babasının çox böyük yeri olduğundan, bu hadisədən sonra o, uzun müddət özünə gələ bilmir.

Bu azmış kimi, vaxtilə kilsə nikahı ilə evlənmədiyi üçün babasının tabutunu heç bir kilsə qəbirisanlığına qəbul etmirlər.

Ölümündən xeyli sonra, ancaq xüsusi icazələr alınaraq baş tutan dəfn mərasimi Bernhard tərəfindən şəhərin ən həzin mərasimi adlandırılır.

Lakin bu dəfə də ağır ağciyər xəstəliyindən əziyyət çəkən Bernhardın özü xəstəxanada ölümlə çarpışdığı üçün mərasimə qatıla bilməmiş və 1950-ci ildə anası Herta Fabianın vəfatı ilə şəhər artıq onun üçün dözülməz bir yerə çevrilmişdi.

Tomas Bernhard bu ərəfədə gərgin halda Dostoyevski oxumağa və düşüncələrini kağıza tökməyə başlamışdı.

1952-ci ildə zalzburqlu gənc şairin şeiri olaraq təqdim edilən “Mənim bir parça dünyam” (Mein Weltenstück) onun ilk dərc olunan əsəri hesab olunur.

Bunun ardınca almanların sonradan “Novelle” adlandırdığı, tək bir mövzu ətrafında söhbət

Bernhardın sevimli kafesi, Vyana, Avstriya
Bernhardın sevimli kafesi, Vyana, Avstriya

açılan, ilk qısa roman tipli əsər olan “Çılğın Maqdalena”nı (Die Verrückte Magdalena) Bernhard 1953-cü ildə “Demokratik Xalq” qəzetində nəşr etdirir.

Lakin sonralar bu əsər tamamilə yoxa çıxmış, hətta bir çox halda bioqrafiyasında adı çəkilməmişdir.

Zalzburqda üç il alverçi köməkçisi işlədikdən sonra Bernhard Avropanın az qala hər yerini qarış-qarış gəzmiş, 1951-1953-cü illər arasında Zalzburq və Vyanada musiqi təhsili almış, 1957-ci ildə Zalzburq Mozarteum Musiqi Akademiyasının “Teatr və Səhnə tərtibatı” fakültəsini bitirmişdir.

Bu andan etibarən o, qarşısına qəti olaraq yazıçı olmağı məqsəd qoyur. Bernhard 1957-ci ildə şeirlərini topladığı ilk kitabı olan “Yer üzündə və cənnətdə” (Auf der Erde und in der Hölle) kitabını nəşr etdirir.

Bernhard 12 fevral 1989-cu ildə bu dünyada ən sevimli adamı olan babasının ölümünün qırxıncı ildönümündə, öz doğum günündən iki gün sonra həyatını başa vurur.

Vyanada olan Qrizinger məzarlığında dəfn edilir.

Avstriyanın ən zəngin və əsilzadə ailələrinin dəfn olunduğu bu məzarlıqda Bernhardın məzarı çoxlu sayda heykəllər, dəbdəbəli qəbirlər arasında üstündə xırda hərflərlə adı yazılmış kiçik bir dəmir lövhədən ibarətdir.

Thomas Bernhard? 1987, Portuqaliya
Thomas Bernhard? 1987, Portuqaliya

Onun əsərlərində ən çox diqqət çəkən cəhət qəhrəmanın yaşadığı təhnalıq hissidir (yazıçının özünün uşaqlıq və gənclik dövrünün təsirləri). Buraya Bernhardın uzun illər ağır xəstəlikdən əziyyət çəkməsinin də təsirlərini əlavə etmək lazımdır. Onun əsərləri daha çox tənha, küskün insanın monoloquna bənzəyir. Həmin monoloqlarda yazar dünyaya, cəmiyyətə baxışlarını, baş verən konkret hadisələrə münasibətini ifadə edir.

İztirablı, tənha, şəxsi və ictimai münasibətlərdə istənilən saxtakarlığa qarşı barışmaz, ifrat açıqfikirli olan Bernhard ən amansız tənqidləri ilə Avstriyanın bütün ictimai çevrələrinin qəzəbinə tuş gəlirdi.

O, qalmaqalçı kimi tanınmışdı.

Bernhardın qəhrəmanları, adətən bunlar alimlər olur, avstriyalı üçün dəyər kəsb edən hər şeyi sərt tənqid edir, “nadan və axmaq qara camaat”a, “Katolik-Nasional-Sosialist” adlandırdığı dövlətə, cəmiyyətdə əksəriyyətin ehtiramla yanaşdığı Burgtheater kimi mədəniyyət ocaqlarına, tanınmış aktyorlara olmazın ittihamlar yağdırır. Onun əsərləri həm də nail olunması mümkün olmayan kamilliyə can atan, bu kamilliyin ətalət və ölümə apardığının fərqində olmayan insanların özünü təcrid etməsi, məhv etməsindən bəhs edir.

1968-ci ildə Avstriya Milli Mükafatını alanda Bernhardın şərhi belə olmuşdu: “Ölüm haqqında düşünəndə hər şey insana gülünc gəlir”. Bu da onun bir çox başqa şərhləri kimi qalmaqala səbəb olmuşdu.

Bernhardın səhnəyə qoyulmuş bir çox pyesləri birmənalı qarşılanmamış, o, avstriyalıların dünyadakı imicinə zərbə vurmaqda ittiham edilmişdi.

“Heldenplatz” pyesi (1988) lap böyük qalmaqal yaratmışdı.

Əsərin ən ziddiyyətli cümləsində deyilir ki, Avstrtiya “qəddar və axmaq bir ölkədir... o, başıboş, mədəniyyətsiz bir kanalizasiya xidməti işçisidir ki, kəsif üfunət qoxusunu bütün Avropaya yayır”.

Bernhard sanki sağlığında bir çox əsərinin Avstriyada qadağan edilməsinin əvəzini çıxmaq üçün, vəsiyyətində ölümündən sonra əsərlərinin bu ölkədə nəşr edilməsini və səhnəyə qoyulmasını qadağan etmişdir.

O, ardında dram, şeir və nəsr formasında yüzə qədər əsər qoymuşdur.

Həyat yolunun maraqlı və faciəvi məqamlarını əsərlərinə köçürən, Amerikadan Fransaya, İngiltərədən İspaniyaya qədər milyonlarla oxucunun sevgisini qazanan

Thomas Bernhard-ın Vyana qəbiristanlığındakı qəbri
Thomas Bernhard-ın Vyana qəbiristanlığındakı qəbri

ernhard iki dəfə Almaniyadan Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilmiş və “Əgər layiq görülsəydim, Nobel Mükafatını rədd edəcəkdim!” cümləsi ilə cəsur şair kimliyini ortaya qoymuşdur.

İnsan öz faciəsini yaşadıqca daha da yaradıcı olur.

Tomas Bernhard öz faciəsini tam mənasıyla həzm edib yazılarına tökə bilən nadir yazıçılardandır.

Əslində, onun həyat hekayəsi başdan-başa bir şeirdir, faciənin yazdığı şeir.

Tomas Bernhard yazıçılığa şeirlə başlamış, ancaq sonralar öz təbirincə desək, “alt-alta yazılan cümələləri, yan-yana düzərək” yazıçılığa girişmişdir.

Şeir sahəsində esse yaradıcılığındakı qədər uğur qazanmasa da, şairlik istedadı olduğu ortadadır.

Ədəbi çevrələrdə o, olduqca ziddiyyətli, bir o qədər də dikbaş və asi bir şəxsiyyət kimi tanınırdı.

Faciəsini anladıqca, sanki taleyindən intiqam alırmış kimi, dayanmadan özünü yazmağa həsr edirdi.

Onu oxuduqca, Prust, Selin, Bekket, Sartr, Kamyu və Emmanuel Bove kimi yazıçıların yaradıcılığının təsirini hiss etmək mümkündür.

Eyni zamanda yaradıcılığının ilk dövrlərində böyük maraqla oxuyub araşdırdığı Dostoyevskinin də onun yaradıcılığında silinməz izləri hiss olunur.

XS
SM
MD
LG