Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:48

Əyyub Qiyas "Bayquşlar ulayırdı" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-


Servantın üstündə bir dənə yekə büllur vaza qoymuşdular,vazanın hər iki tərəfində bir nataraz bayquş oturmuşdu. Ev sahibəsi yır-yığış eləyirdi , ancaq servanta yaxınlaşmağa ürək eləmirdi,eləcə az qala bir yerdəcə qurdalanırdı. Bayquşlar bir-birlərinə baxa-baxa qoca-qoca fikirlərə qərq olmuşdular ,qadınsa arabir gözünün ucu ilə bayquşların oturduqları yüksəkliyə baxırdı, ancaq, ona elə gəlirdi ki, onun bu oğrun baxışlarını bayquşlar hiss eləmirlər, bəlkə də hiss eləmirdilər, bayquşların nəyinə lazım idi ki, qadının baxışları? Əslinə qalsa bayquşlar heç oturduqları yerdən də razı deyildilər…Belə də ev olar, hər şey yerində, hər şey təmiz, səliqəli, hətta ətirli. Evdəki musiqi mərkəzindən otağa dolan klassik musiqinin sədaları isə bayquşların atasına od qoyurdu.Cavan buyquş düşünürdü ki,bu zəmanədə də hələ ki,zövqsüz və müasirlikdən xəbərsiz insanlar var. Bayquşlar zorən buralarda qərar tutmuşdular və elə həmən o zora görə də bir müddət buralarda qalası idilər.Bayquşların məqsədi insanların korşalmış,geridə qaplmış zövqlərini yeni ruhda kökləmək idi və bayquşlar bu müdrik missiyanı yerinə yetirməkdən ötəri buralara ezam olunmuşdular. Ev sahibəsi bayquşlara yaxınlaşmağa qorxurdu,amma əlində tutduğu əski parçası sanki onu vazaların,dolabın tozunu almağa dartışdırırdı.Və ev sahibəsi də təmizlik aşiqi olaraq gec-tez servanta yaxınlaşacaqdı,əlindəki əski parçası ilə vazaların tozunu alacaqdı və…

Qoca bayquş onunla üzbəsurət oturub dünyanın gərdişindən baş çıxcarmağa çalışan bir qədər cavan bayquşa baxdı ,baxdı və gözlgrinin içindən güldü.Qadına elə gəldi ki,qoca bayquşun gülüşünü gördü.Qoca bayquşun gülüşündən sonra cavan bayquş elə bil bir az ürəklənən kimi oldu,sinəsini irəli verib oxumağa başladı.Qadının ürəyi ağzına gəldi,başındakı saçları qabardı,dizləri əsməyə başladı.Cavan bayquş daha da ürəklə oxudu,qoca bayquş eşitdiyi səsdən məmnun oldu,otağı bürüyən ğözəl klassik musiqi sədaları bayquşun ulartısının fonunda əriyib itdi,qadınsa yerə yıxılmasın deyin divarları tutub telefona tərəf süründü.

Evin kişisi arvadın zəngindən sonra işdən icazə alıb tələsik evə gəlmək istəmişdi ,elə telefondaca arvada demişdi ki,narahat olmasın ,yaxın bayquşlardı,əziz qonaqlardı,süfrə açmaq lazımdı.Evin kişisi öz yolunu bazardan salıb yaxşı bazarlıq eləmişdi əziz qonaqlardan ötəri.
Bayquşlar bir-birlərinə baxıb gülürdülər,ancaq qadın daha onların gülüşlərini görmürdü.Qoca bayquş o birisinə deyirdi ki, oxumağa çoxdan başlamaq lazımmış,bu adamlar qılınc müsəlmanı olduqları üçün onlara hər şey bir az gec çatır, həm də bunlar yetmiş il böyük qardaş nəzargtindəmi,əsarətindəmi qalıblar və həmişə istəyirlər ki,kimsə onların əvəzində qərar qəbul eləsin.
Bayquşlar oxuyurdu.
Evin kişisi dolu zənbillərlə pillələri uça-uça qalxırdı.Qadın qorxusundan mətbəxdən otağa keçmirdi və Allaha yalvarırdı ki,kişi quş olub evə gəlsin,ancaq birdən yadına düşdü ki,bayquş da quşdur və olmadı elə-oldu belə,onun kişisi də dönüb oldu bayquş,onda bu külbaş neyləyr görəsən?Yox,-arvad düşündü,-yaxşısı budur ki,elə adam olsun, adam kimi də gəlsin.
Qapının zəngindən bildi ki,gələn əridir.Qaça-qaça getdi qapıya ,ölə-ölə qapının o biri üzündəki bayquşla qarşı-qarşıya dayandı.Qapının o üzündəki bayquş elə onun halalca ərinin səsi ilə danışdı,dedi ki,ay arvad,nə dayanıb üzümə baxırsan,tələsmək lazımdı,heç bilirsən qonaqlarımız kimdir,heç bilirsən ki,onlar haraların bayquşlarıdır? Bizimçün şərəfdir ki,belə möhtərəm qonaqlar bu boyda şəhərdə başqa qapını yox,məhz bizim qapımızı açıblar.
Arvad səndələyə-səndələyə kişinin əlindəki zənbillləri alıb mətbəxə keçdi.Qonaq otağından bayquş ulartısı eşidildi və arvadın azacıq musiqi təhsili olduğundan o andaca hiss etdi ki,səslərə əlavə bir səs də qoşulub və yeni qoşulan səsdə xaric notlar var…Arvad dəqiq bilirdi ki,bu dəfə xaric notla oxuyan olsa-olsa onun bayquşsifət əri ola bilər.Arvad yanılmamışdı.
Balam,bu bayquşlarda iştah varmış…Yazıq arvad mətbəxdə bir şey saxlamamışdı daha,nə vardısa daşıyıb gətirsmişdi qonaqlar üçün.Kişinin də sifəti dönmüşdü,yavaş-yavaş adamlaşırdı.Amma nə üçünsə arvad bayquşa çevrilmək,qonaqlara qoşulub bayquş kimi ulamaq istəyirdi və hərdən ona elə gəlirdi ki,onda da bayquşlaşma gedir.
Hər şey mətbəxdən başlamışdı,arvad mətbəxə keçəndə mətbəxdəki tör-töküntünü görən kimi bayquş səsi ilə ulamışdı,sonra elə ulaya-ulaya əziz qonaqların yanına gəlmişdi və başlamışdı qonaqlarla birlikdə ulamağa .Qoca bayquş ilk əvvəl servantın üstündəki büllur vazanı yerə salıb qırmışdı.Sonra cavan bayquş nə təhər ürəklənmişdisə servantın özünü alt-üst eləmişdi.Sonra kişi qonaqlar üçün açılan süfrəni qaldırıb çırpmışdı yerə və yarımca saatın içində ətir iyi verən,səliqəsindən göz oxşayan ev dönüb olmuşdu xarabazar və ən əsası o idi ki,bütün bunlar qonaqların xoşuna gəldiyi qədər də ev sahiblərinin xoşuna gəlirdi.
Bayquşlar ulayırdı…
Səsə gələn qonşular da qapının açılmadığından hirslənib qapının o bir üzündə əvvəlcə çığırışırdılar, sonra onlar da başlayırdılar ulamağa və beləcə yavaş-yavavş ulaşma sədaları ev-ev yayılırdı.Daha hamı bir səslə ulamağa çalışırdı,birdən kimsə çaşıb xaric səslə ulasaydı ev sahibinin arvadı onun gözlərini tökərdi.Qoca bayquş daha ulamırdı,böyükdən-böyük bayquşlar xoruna dirijorluq edirdi…
… Evin bayquş kişisi üstünə sanki yüz illərin zir-zibili tökülmüş divanın üstünə qonub cındırından daha cin hürkən televizora baxırdı.Televizordakı hələ adamlıq sifətini itirməyən diktor qız heç bir şey ifadə etməyən sifətini turşudaraq deyirdi ki,dünyanın ən böyük dövlətlərindən birini su basıb,filan qədər adam ölüb,dövlətə filan qədər ziyan dəyib.Evin bayquş kişisinə nə üçünsə elə gəlirdi ki,o su başqa yeri yox,elə onun öz yurdunu,öz şəhərini basıb,ya da ki,bu gün də olmasa uzağı sabah,ola bilər ki,ondan sonrakı gün onun da yaşadığı yerləri su basacaq və belə fikirləşəndə bayquş olmağına sevinirdi.Sevinirdi ki,hər tərəfi su basanda xarabalıqlar çoxalacaq,xarabalıqlar çoxalanda da onunçün və onun kimilər üçün oxumağa geniş meydanlar açılacaq.
Xəbərlər qurtaran kimi başqa bir bayquşa oxşayan qız şoubiznes aləmində baş verən son hadisələrə həsr etdiyi verilişi təqdim etməyə başladı.İlk xəbəri də o oldu ki, ay hələ adam sifətində olanlar,heç özünüzü darıxdırmayın,artıq bayquşlaşma prosesi kütləvi hal alıb,lap yaxın zamanlarda heç dərmanlıq da olsa bir nəfər belə dam tapılmayacaq.
Evin bayquş kişisi televizora baxa-baxa mürgü döyürdü ki ,birdən televizorda son kliplərini çəkdirən çox istedadlı bir bayquşun son vaxlar dəbdə olan mahnısı səsləndi.Evin bayquş kişisi gözlərini açıb bir televizorun ekranına baxdı,bir mahnının musiqisinə,sözlərinə qulaq asdı və nə təhər telefonun üstünə cumdusa az qaldı ki,telefonun dəstəyi ikiyə bölünsün.O dəqiqə canlı efirdən evin bayquş kişisinin səsi eşidildi.Bayquşsifət qız çox nəzakətlə ulayıb :
- Xahiş edirəm,televizorurunuzun səsini bir qədər alın,- dedi.
Evin bayquş kişisi nə təhər hirslənmişdisə imkanı olsaydı elə televizorun ekranındanca qızı parçalayardı.
-Bu nə saymamazlıqdır? Kim o bayquşa ixtiyar verib ki,mənim min əziyyətlə yalnız öz bayquş arvadım üçün yazdığım mahnını məndən icazəsiz kimsə oxuyur, sizsə bunu efirə verirsiniz?
Bayquşsifət qızın bir neçə dəfə «alo,alo» deməsindən sonra efirə ani bir qaranlıq çökdü və sonra:
-Təəssüf ki,telefon bağlantısı kəsildi,imkanımız olarsa qısa bir reklamdan sonra…
Evin bayquş kişisi əlini ürəyinin başına qoyub köks ötürdü.Bu arada onun mobil telefonu bayquş səsini yaya-yaya silkələnməyə başladı.Xəttə qoşulan arvadı bayquş idi və bayquş sevgisi ilə deyirdi ki,o mahnını özü satıb klip çəkdirən müğənniyə və razılaşıblar ki,klip efirə çıxan kimi onlar məhkəmələrdə görüşəcəklər,çünki reklam üçün bundan yaxşı vasitə yoxdur.Hələ qabaqcadan hakimlə də görüşüblər.
…Qoca bayquş çox da uzağa gedə bilməmişdi,tez yorulub yaxınlıqdakı kəndə girmişdi və kəndəki toyun şahidi olmuşdu.Toyda bir dənə də olsun adam mahnısı oxunmurdu,iki bayquş baş-başa durub toyu yola verirdi.Qoca bayquş fikirləşdi ki,burada onunçün bir iş qalmayıb,bu kənd üçün elə toyu yola verən o iki bayquş kifayət edər…Qoca bayquş yorulduğundan daha uça bilmirdi,onunçün də yolun davamını «Qazell»ə getmək qərarına gəldi,maşina əyləşən kimi,bayquş sürücünün maqnitafonu işə salmağı bir ordu,oxuyan təzə bayquşlardan idi. Qoca bayquş salona baxanda gördü ki,maşında oturanlar da mahnıya qulaq asdıqca bayquşlaşırlar.Qoca baüquş da mahnının ritmini tutub başını yelləyirdi.Maşındakı iki bayquşdan biri o birinə deyirdi ki, hansısa xarci ölkədə bütün başqa quşları tutub yığıblar bir qəfəsə ,indi də beynəlxalq məhkəmənin qərarını gözləyirlər ki,bütün başqa quşları güllələsinlər. O biri bayquş da onun sözlərinə qüvvət kimi deyirdi ki,bizdə də elə eləsələr yaxşı olar,yoxsa hələ də köhnə fikirlilər var,və onlar zövqləri korlamaqla məşquldurlar.Qoca bayquş lap ürəkdən uladı...
Gözlərin açan kimi burnunu qurdalayan qadın saata baxdı.Ərinin işdən qayıtmağına az qalırdı.Sonra qorxa-qorxa servanta sarı boylandı,hər şey yerində idi,hətta büllür vaza da alaqaranlıqda işım-işım işıldayırdı.Divandan qalxıb servantın gözünü açdı,qalaqlanan kasetləri,diskləri böyük bir torbaya yığmağa başladı,yığıb qurtaran kimi də binanın zibil borusundan aşağı tulladı.Mətbəxə keçib çay dəmlədi,ərini qarşılamağa hazırlaşdı,bir az sonra qapının zəngi çalındı,gələn əri idi evə girən kimi sakitlikdən çaşıb qaldı.
-Niyə sakitlikdir? - deyib,təəccüblə arvadının üzünə baxdı.
Arvad çiyinlərini çəkib susdu,sonra pıçıltı ilə dedi:
-Bu gün də olmasa sabah,ya da o bir gün onsuz da bizim oxuduqlarımıza heç kəs qulaq asmayacaq,bəlkə də biz çox gecikmişik,amma ,hələ ki,heç nəyi itirməmişik.
Arvadın sözlərindən elə bil ki,kişiyə də cəsarət gəldi.
-Düz deyirsən,- dedi, - axı bizim oxuduqlarımız kimə lazımdır,bizim səiviyyədə olanlardan başqa heç kəsə.
Ərlə arvad çoxdan bəri itirdikləri və az qala unutduqları səmimiyyətlə çay süfrəsinin başına yığışdılar.Televizoru açıb gördülər ki, adam ola-ola bayquşu xatırladın birisi ulayır. Qadın televizoru keçirib gözlərini saatın əqrəblərinə zillədi,zaman keçirdi ,haradasa quşlar oxuyurdu və qadın da,elə kişinin özü də anlayırdı ki,yaxşını dinləmək daha gözəldir.
…Həmən gecə kişi yuxusunda gördü ki,pəncərələrinə qonan bayquş dartınıb evə girmək istəyir,amma kişi arxayın idi, dəqiq xatırlayırdı ki, yatmazdan qabaq pəncərələri möhkəmcə bağlayıb.

son
XS
SM
MD
LG