Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:51

Nəsimiyə palçıq atanlara (CAVAB)


Dilavər Əzimli Azadlıq Radiosunun "Pen klub" proqramında (Arxiv)
Dilavər Əzimli Azadlıq Radiosunun "Pen klub" proqramında (Arxiv)
-

"Bilmədiyin sahəyə girişmə. Bir az əvvəl Şah I İsmayılı aşağıladın. İndi də düşmüsən Nəiminin, Nəsiminin üstünə... Onda da məndə şübhə oyanır ki, sən kiminsə sifarişini yerinə yetirirsən..."


Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın Orta Əsrlər tarixi” şöbəsinin böyük elmi işçisi Dilavər Əzimli "Oxu zalı"na göndərdiyi bu məqalədə əslən İran Azərbaycanından olan, hazırda Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalpın Azərbaycan şairi İmadəddin Nəsimi haqda tənqidi fikirlərinə etiraz edir.


Dilavər Əzimli


HƏQİQƏT İŞIĞINDA BƏ YAXUD NƏSİMİYƏ PALÇIQ ATANLARA CAVAB


Mənüçöhr Cavanşir (Güntay Gəncalp) yenidən aranı qarışdırdı.

Əslində, mütəxəssis olmayan insanlarla danışmaq bir qədər çətindir. Hesab etmirəm ki, bizlər də tam mütəxəssisik.

Amma heç olmasa tarixin müəyyən sahəsi üzrə tədqiqatlar aparırıq. 20 ildən artıqdır ki, orta əsrlər tarixi üzrə tədqiqatlarla məşğuluq.

Hesab edirik ki, yenə də nə isə çatmır. Ümumiyyətlə, qədim və orta əsrlərdən danışmaq asan məsələ deyil.

Bu dövrləri dəqiqliklə öyrənmək çətindir. Xüsusilə, qədim dövrlər... O dövrlərdəki məlumatlar əfsanə, hekayə xarakterlidir. Həqiqəti tapmaq üçün həmin dövrlərdəki bütün prosesləri nəzərdən keçirməlisən. Buna isə bir insan ömrü çatmaz. Bu baxımdan bizlər qədim və orta əsrlərdən danışarkən qəti hökm verə bilmirik, gümanlarla danışırıq.

Yuxarıda mütəxəssis sözünə elə-belə toxunmadıq. Məsələ ondadır ki, mütəxəssislə danışmaq asandır. Mütəxəssis heç bir zaman hökmlə danışmır. Qeyri-mütəxəssis isə hökmlə danışır və hamını da buna inandırmağa çalışır. Buna görə də mən Mənüçöhrə bir qədər sərt yazdım. Qəlbinə dəyibsə, bağışlasın.

Amma ona bir tövsiyəm var: bilmədiyin sahəyə girişmə. Bir az əvvəl Şah I İsmayılı aşağıladın. İndi də düşmüsən Nəiminin, Nəsiminin üstünə.... Onda da məndə şübhə oyanır ki, sən kiminsə sifarişini yerinə yetirirsən. Sən başa düşməlisən ki, Şah I İsmayılı, Nəimini, Nəsimini dərindən dərk etmək üçün ömrünün ən azı iyirmi ilini xərcləməlisən.

İyirmi il bundan əvvəl istər Qərb, istərsə də SSRİ-də çıxan ədəbiyyatlarla onları dərk etmək mümkün deyil. Həmin ədəbiyyatlarda tərəf özünü göstərir. Onlar ideologiya əsasında yazılıb. Necə ki, sənin vətənin İranda tarix belə yazılır. Bu gün orta əsrlər tarixini, ədəbiyyatını dərindən dərk etmək üçün kompleks tədqiqatlar aparmalısan. Həmin dövr ədəbiyyatı tarixdən ayırmaq mümkün deyil. Çünki Türk sərkərdələri həm də şair, sufi idilər.

Hörmətli Mənüçöhr! Qədim və Orta əsrlər tarixi birbaşa dinlə bağlıdır. Qədim və Orta əsrlər tarixini din tarixindən kənar öyrənmək mümkün deyil. Bu günlərdə Avropada yeni-
Güntay Gəncalp
Güntay Gəncalp
yeni elmi monoqrafiyalar işıq üzü görüb. Orada əsaslandırırlar ki, bütün Avropa tarixi din tarixidir.

Bu gün Avropada öyrənilən tarix reallığı əks etdirmir. Avropa tarixi yenidən yazılmalıdır. Onların fikrincə, Avropada tarixi şəxsiyyətlərin çoxunu kilsə uydurub. Məsələn, Böyük Karl adlı imperator olmayıb. Bizim də tariximiz və ədəbiyyatımız yenidən yazılmalıdır. Bu tarixi, ədəbiyyatı yazmaq çox çətindir. Yerli adət-ənənələri, dinlər tarixini dərindən bilməlisən. Bunsuz qəti söz demək mümkün deyil.

Sən “Nəsimi” filmini ittiham edirsən. Sonra da keçirsən Nəimi və Nəsimiyə...

Birincisi, o zamanlar üçün həmin film çox gözəl filmdir. Onun relissoru mərhum Həsən Seyidbəylidir. Dünya səviyyəli rejissordur. Həmin filmi Moskvada senzura bir neçə dəfə qayçılayıb. Qalan odur. Hesab edirik ki, orada Həsimi lazımi səviyyədə təqdim edilib. Orada çox güclü aktyor kollektivi var. Ürəklə oynayırlar. Bilirsənmi, bunu başa düşmək üçün özün də sufi olmalısan.

Bir də sufi olmayan sufilikdən, təsəvvüfdən yaza bilməz. Bəndəniz özü sufidir. Mənim də mürşıdim var. Mən təkyədə çox şey öyrəndim və öyrənirəm də... Filmdə aktyorlar ürəklə oynayır. Sanki həqiqətən təriqət əhlidirlər. Filmi marksizimlə müqayisə edirsən. Sən marksizmi dərindən öyrən. Marksizm sosial ədalətə söykənir. Özündən əvvəlki baxışları ümumiləşdirən Marks onu öz adından təqdim edir. Sosial ədalət Allah-Təalanın göndərdiyi bütün dini kitablarda öz əksini tapır. Sonuncu kitabda-Qurani-Kərimdə sosial ədalət daha çox əksini tapır. Marks da oradan, ondan əvvəl Şərq aləmində mövcud olan qaynaqlardan yararlanıb. Əslində, Sovet quruluşu da həmin məntiqə söykənirdi. Amma əməlləri ayrı idi. Bu baxımdan Nəsimini marksisit kimi təqdim etməyin adi şeydir.

Orta əsrlər təsəvvüf tarixini öyrənmək üçün İslam tarixinin mərhələlərini dərindən bilməlisən. Yəni, İslam peyğəmbərinin həyatda olduğu zaman baş verən prosesləri, raşidi xəlifələrinin dövrünü, Əməvilər sülaləsinin (661-750), Abbasilər sülaləsinin (750-1258) dövrlərini bilməlisən.

Bunları biləndən sonra görəcəksən ki, bir var rəsmi islam, bir də var xalq islamı.

Əvvəla, raşidi xəlifələrinin hakimiyyətindən sonra İslamın sifəti dəyişir. Əməvilər zamanında ərəbizm vüsət alır. Abbasilər zamanı qarmaqarışıq və dini baxımdan iyrənclik
"Nəsimi" filmindən kadr, Nəsimi rolunda Rasim Balayev
"Nəsimi" filmindən kadr, Nəsimi rolunda Rasim Balayev
dövrüdür. O zaman istər Avropada, istərsə də müsəlman dünyasında proseslər dinə münasibət baxımından davam edirdi. Milli mənşə əsas deyildi. Düzdü, insanlar özünün hansı qövmə məxsus olmasını bilirdilər. Amma əsas amil xristian-müsəlman amili idi. Bu baxış bizə də ciddi ziyan vurub. Bir zaman xristian türklərinə düşmən kimi baxmışıq. Onlar da bizə düşmən münasibət bəsləyib. Nəticə bu gün bizə məlumdur. Həmin xristianların hesabına haykaz (indiki ermənilər)lar Ərməniyyəni, gürcülər də xristian qıpçaqların ənənələrini mənimsədilər. Nə isə... Bu ayrı dialoqun mövzusudur. Qayıdaq sənin qaldırdığın məsələlərə.

Yazırsan ki, hürufilik farsçlığı təbliğ edib. Daha doğrusu farsçılıqdır. Məni qınama, bu sahə üzrə hər hansı tədqiqatçı sənə “ağlı başında deyil” deyə bilər. Fars dilində danışmaq farsçılıqdırsa, dünya ingiliscə danışır. Bu da ingilisçilikdir.

Hindistanda dövlət dili birinci ingilis dili, ikinci isə hind dilidir. Hindistan nə əcəb ingilis deyil. Orta əsrlərdə Türk dövlətlərinin əksəriyyətində fars dili hakim olub. Hətta XVI-XVII əsrlərdə Osmanlı imperiyasında türkcə yazan şairlərə aşağı səviyyəli adamlar kimi baxırdılar.

Bu münasibətdən yanaşsaq, XVIII-XIX əsrlərdə bütün Avropa fransızca danışırdı. Onlar Fransanın maraqlarına xidmət edirdilərsə, nə əcəb fransız olmadılar. Onda ruslar çoxdan fransız olmalıydılar.

Türk dünyasının məşhur oğlu Əhməd Zəki Vəlidi Toğan yazirdı ki, bu gün farsların kimlik məsələsini ortaya qoymaq mümkün deyil. Çünki çoxlu türk tayfaları var idi ki, sonradan farslaşdılar.

Mənüçöhr bəy, orta əsrlərdə yüz mindən çox xristian türkü dini münasibət baxımından gürcüləşdilər. Ermənistanda sevordiklərə el arasında indi də “murdar türk törəmələri” deyirlər və onları sevmirlər. O zamanlar fars dilini də daha çox Türklər məşhurlaşdırdılar.

Farsçılıq isə XX əsrin məhsuludur. Bu yaxınlarda İranda Həsən Raşidinin “Türklər və İranda onların tarixinin, dilinin və varlığının araşdırılması” kitabı işıq üzü görüb. Həsən Raşidi Universitetdə müəllim işləyir. Yazır ki, kitabı 1381-ci ilin sonlarında, 1382-ci ilin əvvəllərində yazmağa başlamışdır.

Müəllif əsəri “Kəsrəvinin azərçilik iddialarına aldananlardan, Kuruş-Dariyuş və ariyaçılıq iftixarı ilə yaşayanlardan birisinin” məktubunu oxuduqdan sonra qələmə aldığını bildirir.

Əsərin girişində müəllif qeyd edir ki, kitabı yazarkən həm Bihəqqi, Ravəndi, Rəşidi və s. kimi keçmiş tarixçilərin əsərlərinə müraciət etmiş, həm də müasir dövrdə yazılan tarix kitabları ilə yaxından tanış olmuşdur. Hətta türklər əleyhinə yazılan kitablardakı fikirləri öyrənməyə çalışmışam. Kitab 1384-cü ildə başa çatmış və 1385-ci ildə Tehranda “Əndişeyi-no” nəşriyyatı tərəfindən nəşr edilmişdir.

Bütövlükdə Tehranda iki dəfə çap olunan bu kitabda müəllif hazırda İranda məktəb və universitetlərdə “İran tarixi” adı ilə tədris edilən tarixin əsası Rzaxan dövründə qoyulan və Pəhləvi sülaləsi tərəfindən davam etdirilən tarixçilik məktəbinə məxsus alimlərin yazdığı “Farsların tarixi”ndən başqa bir şey olmadığını sübut edir.

Müəllif əsərin müqəddəməsində yazır: ”Bu, ona görə fars tarixidir ki, onun başlanğıcı bügünki İran ərazisindəki yerli xalqların dövlətlərinin yaranması dövründən deyil, fars tarixinin bünövrəsini qoyan həxamənişilərin hakimiyyətə gəldiyi zamandan götürür.

Həsən Raşidi Məhəmməd Rza Pəhləvi zamanında bu qeyri-obyektiv tarixçiliyin daha da inkişaf etdiyini bildirərək, hətta şahın göstərişi ilə1355-ci ildə (hicri-şəmsi) islamdan başlanan hicri şəmsi təqviminin dəyişdirilərək miladdan 500 il əvvəl hakimiyyətdə olmuş Kuruşun səltənətə gəlmə tarixi ilə əvəzləndiyini yazır. O, əldə edilmiş sənəd və kitabələrin bu iddianı alt-üst etdiyini vurğulayaraq, hələ həxamənişilərdən 4000-4500 il əvvəl və ümumiyyətlə, bu gün İran adlandırdığımız ərazidə ariyalılar (bu gün sübut olunub ki, ariyalıların hind-arropalılara dəxli yoxdur. Sübut Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun araşdırmaları - D.Ə.) məskunlaşmazdan öncə burada yerli xalqların müqtədir dövlətləri olduğunu göstərir.

Tarixçi hətta pəhləvilərin rəsmiləşdirdiyi 2500 illik tarixin də islamaqədərki həxamənişilər və sasanilər dövrünü istisna etməklə, qalan 1400 ilinin çox hissəsinin türklərin hakimiyyətinə mənsub olduğunu sübut edir.

Müəllif ifrat millətçilik düşüncəsinə qapılan və Rzaxan tərəfindən himayə olunan tarixçilərin digər xalqları “ixtisar” edərək yalnız farslar üzərində israr etmələrini elmə zidd
Güntay Gənalpın mübahisələrə səbəb olmuş "Səfəvilər" kitabı
Güntay Gənalpın mübahisələrə səbəb olmuş "Səfəvilər" kitabı
addım adlandırır. Həsən Raşidi yazır ki, Rza xan farspərəstlik siyasəti aparırdı.

O, həm də Kəsrəvinin baxışlarını ciddi tənqid edir. Müəllif kitabının bir bölümünü də “Kəsrəvi və onun təhrifləri” adlandırmışdır.

Müəllif yazır ki, pəhləvilər hakimiyyətə gələn kimi farspərəstlik siyasəti həyata keçirməyə başladılar. Türk tarixinin və dilinin sıradan çıxarılması uğrunda fəal mübarizəyə başlayırlar.

Biz bu misalı elə-belə çəkmədik. Görünür ki, Mənüçöhr XX əsrlə XIV əsri qarışıq salıb. Həmin dövrdə fars dilinin geniş işlənməsinin səbəbləri ayrıydı. Bir zamanlar Səcuqlar Türk dilini dövlət dili elan etdilər. Lakin həyata keçirə bilmədilər.

Məsələ ondaydı ki, dini kitablar hansı dildə idi, əsərlər də həmin dildə yazılırdı. Ərəb dili meydan oxuduğu dövrdə Azərbaycanda da işlək dil ərəb dili olmuşdu. Abbasilərin hakimiyyətə gəlişindən sonra aparıcı yerə fars dili çıxdı. Dini kitablar bu dildə yazılırdı. Müsəlman aləminin elitası bu dildə danışırdı. Şair və yazıçılar da bu dildə yazırdı. Çünki onların yazdıqları geniş aləm üçün nəzərdə tutulurdu. Amma Türk dili də inkişaf edirdi. Bu dil Füzulidən qabaq da yayılmağa başlandı. Görünür ki, sən Şərqi Anadolu şairlərinin türkcə şeirlərini oxumamısan.

Nəimi heç bir zaman farsçılığı gətirə bilməzdi. Nəimi bilirdi ki, farsca yazarsa, onu bütün müsəlman dünyasının qabaqda gedənləri oxuyacaqdır. O zaman Türk dili aşağıların danışdığı dil idi. Onu dövlət dili səviyyəsinə sənin aşağılamaq istədiyin Şah I İsmayıl qaldırdı. Eyni zamanda, Türk millətçiliyini yaratdı. Bütün türkləri qızılbaşlıq udeologiyası hesabına bir araya gətirməklə Türk millətini yaratdı. Avropa xalqlarının millətə çevrilməməsindən qabaq o, zəhmətlər hesabına Türk millıətçiliyini ortaya qoydu.

Avropada bunu İran millətçiliyi kimi yazırlar. Amma sırf Türk millətçiliyi idi. Baxın, qızılbaşlıq ideologiyası altında o dövrdə mövcud Türk tayfaları bir araya gəlmişdi. Sonradan onun nadan varisləri bu birliyi saxlaya bilmədilər. Çünki onlardan Şah Xətai ola bilməzdi.

Buna qədər isə vəziyyət ayrı idi və Nəimi də fars dilində yazırdı. Ondan fərqli olaraq Nəsimi Türk dilindı yazdı və nəinki yazdı, inqilab etdi. Belə də olmalıydı. Nəsimi onun müridi idi və ondan fərqli olaraq Nəsiminin dövründə Türk dili ədəbi cəhətdən inkişafa başlamışdı.

Bir də fikir verin, o zamanlar birbaşa fars dilindən aralanmaq olmurdu. Bu Nəsimi, Xətai yaradıcılığında da davam etdi. Hətta XVII əsrdə Osmanlı sarayında Türk dilində şeir oxumaq belə yasaq olunmuşdu. Buna görə də arqumentiniz yerinə düşmür.

Amma Nəimi Azərbaycanı çox sevirdi və Azərbaycanı müqəddəsləşdirirdi. O, böyük bir imperiya qurmaq istəyirdi. Bu imperiya sufi dəyərlərinə söykənməliydi. Nəimi hesab edirdi ki, o, həm dünyəvi, həm də dini hömdar olmalıdır. Ümumiyyətlə, orta əsrlərdə sufi təriqətlərində “mehdiçilik” anlayışının gündəmə gəlməsi nuna xidmət edirdi.

Bunu dərk etmək üçün sən gərək rəsmi islamla, xalq islamını ayıra biləsən. İslam dini İran (ərazi anlamındadır-D.Ə.) və Azərbaycan ərazilərinə daxil olandan sonra xalq islamına çevrildi. Xalq islamı qədim Türk ənənələrinə söykənirdi.

Burada şamanizmdən (Tək tanrıçılq) gələn donbadon, tənasüx və hülul var idi. Bu baxışlara görə, insan Allahlaşa bilər, Allah insan bədəninə daxil ola bilər. İnsan Allah şəklinə düşə bilər. Buna qədər isə yol keçməliydin: şəriət, təriqət, mərifət və həqiqət.

Şəriət nəfsin, təriqət könlün və həqiqət ruhun yoludur.

Təriqət şəriətin sirri, həqiqət də təriqətin sirridir.

Mərifət isə bunların nəticəsidir.

İnsanın yaradılışında da məqsəd mərifətdir. Şəriətin batini təriqət, təriqətin batini həqiqətdir. Allaha ibadət şəriət, onu tələb etmək təriqət və onu müşahidə etmək həqiqətdir. Belə bir yol keçən insan necə farspərəst ola bilər?

Sufilikdə kimlik anlayışı yoxdur. Sufinin bir dostu var. O, da Allahdır ki, ona qovuşmağa çalışar. Hürufilik siyasi məqsədlər üçün də mübarizə aparırdı. Nəimi düşünürdü ki, o, həm, dünyəvi, həm də dini hömdardır. O, Allaha qovuşmuşdur. O, dünyaya ədaləti bərpa etmək üçün gəlmişdir. Bu bir missiyadır.

Zatımı Təbrizdə kəşfetdim
Vəhdətin günəşi
İlk kəz Azərbaycanda göründü
Şünki Tanrı bu ölkəni şərəfləndirmişdir
O, peyğəmbərlərin və övliyaların parıldayan almazıdır

Bu sözlər Nəiminin müəllifi olduğu “Cavidan-namə”dən götürülmüşdür.

Nəiminin görüşləri, əslində, IX yüzillikdə dünyanı heyrətə salan Babək əl-Xürrəminin görüşlərinə tamamilə uyğundur. Bəlkə Babək də farsçılığı yayırdı, biz bilmirik. Mənüçöhrün bildiyi bir Şüubilik var, ondan o yana gedə bilmir. Farsın izini orada axtarır. Tapa bilməyəcəksən, çünki düz yolda deyilsən. Nəimi Azərbaycanı “Sönməyən Atəşin Ölkəsi” adlandırırdı. Dünyanın ən qədim əlifbalarında olan hərflərin sayını bilirsənmi?

Yəhudilər də hərfləri tanrısallaşdırırdılar. Bəlkə onlar da farspərəstdirlər?

Bütün dilçilər bildirirlər ki, fars dilində sözlərin yetmiş faizi ərəb dilindəki sözlərdən götürülüb. Bəlkə ərəblər də farspərəstdirlər? Fars hərfləri ərəb hərflərinin təkrarı deyildirmi? Bəs ərəb əlifbası hansı əlifbanın təkrarıdır? Cavab verə bilərsənmi?

Hərf elmi əski çağlardan mövcuddur. Kökləri həm Sami dünyaya, həm yunanların əski çağlarına dayanır. Amma hürufi təsəvvüfi həzrəti Əlinin (s) qapalı anlamlarını və gizlinlərini açacaq açarların əllərində olduğunu bildirirdi. Onların vaxtında şiəlik ayrı bir dəyişikliyə məruz qaldı. Hürufilik və şiəlik arasında mühüm bir bağlantı vardır. Lakin bu şiəlik sənin anladığın İranın indiki şiəliyi deyildir.

İran şiəliyi siyasi şiəlik olmaqla farsçılığa söykənir ki, sən də onu təbliğ edirsən. Amma bir həqiqət də var ki, Nəimi İbn Ərəbidən və ismaillilərdən də yararlanmışdır. Bəlkə İbn Ərəbi də farsçılğı yayırdı. Nəimi deyirdi ki, Tanrı insanı başqa yerdə axtarmaz. Tanrının taxtı insanoşlunun könlündədir. Fəqət Tanrı insanda insanın ancaq kamalın ən yüksək nöqtəsinə yetişdiyi zaman görünür. Bu küfrdürmu? Onda Nəimidən dərs alan Nəsimi necə Allahsız ola bilər? Bəlkə bu gün iyrənc əməlləri ilə məşhur olan İran ayətollaları, ərəb şeyxləri əsl islamın yolundadırlar. Amma islamda ədalətin bərpasına çağıran Nəimi, Nəsimi Allahsızdir. Necə bəsit bir təfəkkür.

Gör Nəsimi nə deyirdi:

“Mən Haqla yox oldum və Haqq oldum”.

“Mən onun həm ondan əvvəlki Zatı, həm də sifətlləriyəm”.

“Ey Nəsimi, cəmalın cəmalüllahın təcəllasıdır”.

Bunu anlamaq üçün xalq islamının yaranmasını və Türk dünyasında dəyişikliyə məruz qalan islamı, daha doğrusu heterodoks islamı bilməlisən. Bunu isə öyrənə bilməzsən. Çünki özün ateistsən. Təkyəyə girmədən bunları öyrənmək mümkün deyil!


Dilavər Əzimli
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun “Azərbaycanın Orta Əsrlər
tarixi” şöbəsinin böyük elmi işçisi
XS
SM
MD
LG